Məhkəmə qərarları › İş №2-1(114)-91/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-91/2021

04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-91/2021 04.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra - iddiaçı) vergi ödəyicisi kimi qeydiyyatdan keçərək 02.12.2008-ci il tarixli ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 14 saylı Ərazi Vergilər İdarəsinin (bundan sonra – cavabdeh) 20.09.2019-cu il tarixli **********190356 nömrəli qərarına əsasən, Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə uyğun olaraq, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Vergi orqanının 30.10.2019-cu il tarixli qərarı ilə 31 gün, 29.11.2019-cu il tarixli qərarı ilə 29 gün, 27.12.2019-cu il tarixli qərarı ilə 32 gün, 27.01.2020-ci il tarixli 32 gün müddətində yoxlama uzadılmışdır. Aparılmış səyyar vergi yoxlamasının nəticəsində 03.03.2020-ci il tarixli **********190667 nömrəli akt qəbul edilmiş, həmin aktın əsasında 24.04.2020-ci il tarixli **********199219 nömrəli “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərar qəbul edilmişdir. Daha sonra “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” 28.04.2020-ci il tarixli, **********199271 nömrəli qərarla iddiaçı barəsində 2017-ci ilin əlavə dəyər vergisi üzrə 87.398,09 manat və 43.699,05 manat maliyyə sanksiyası; 2018-ci ilin əlavə dəyər vergisi üzrə 130.126,84 manat və 65.063,42 manat maliyyə sanksiyası; 2019-cu ilin əlavə dəyər vergisi üzrə 126.357,04 manat və 63.178,522 manat maliyyə sanksiyası; 2017-ci ilin gəlir vergisi üzrə 56.026,35 manat və 28.013,18 manat maliyyə sanksiyası; 2018-ci ilin gəlir vergisi üzrə 107.156,53 manat və 53.578,27 manat maliyyə sanksiyası; 2017-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 224 manat və 112 manat maliyyə sanksiyası; 2018-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 1.344 manat və 672 manat maliyyə sanksiyası; 2019-cu ilin ödəmə mənbəyində tutulan vergi üzrə 672 manat və 336 manat maliyyə sanksiyası; 2017-ci ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) 50,40 manat və 25,20 manat maliyyə sanksiyası – ümumilikdə 509.355,25 manat azaldılmış vergi və 260.082,11 manat maliyyə sanksiyası; 2017-ci ilin İİİ, İV rübləri, 2018-ci ilin İ, İİ, İİİ, İV rübləri və 2019-cu ilin İ, İİ rübləri üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməməsinə görə təqdim edilməmiş hər bir bəyannamə üçün 40,00 manat olmaqla, cəmi 320 manat maliyyə sanksiyası hesablanmışdır. Qərarla razılaşmayan iddiaçı 22.05.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən çıxarılmış 28.04.2021-ci il tarixli, **********199271 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 03.03.2020-ci il tarixli **********190667 nömrəli akt əsasında tərtib edilmiş “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” 24.04.2020-ci il tarixli, **********199219 nömrəli və həmin qərara düzəliş edilməsinə dair 28.04.2020-ci il tarixli, **********199271 nömrəli qərarların ləğv edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, faktiki olaraq əmtəə betonunun istehsalı, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. 23.09.2019-cu il tarixdən 03.03.2020-ci il tarixədək müəssisədə sonuncu mübahisələndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması avqust 2017-ci il -iyul 2019-cu illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitrlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün bunlara baxmayaraq 03.03.2020-ci il tarixdə № **********190667 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında 28.04.2020-ci il tarixli №**********199271 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2017-2019-cu illər üçün 343.881,97 AZN əlavə dəyər vergisi, 2017-2018-ci illər üçün 163.182,88 AZN gəlir vergisi, 2017-2019-cu illər üçün 2.240 AZN ödəmə mənbəyində tutulan vergi, ümumilikdə 509.355,25 AZN və bütün bunlara müvafiq 261.522,11 AZN maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergilərin azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. İddiaçı 23.09.2019-cu il tarixdən 03.03.2020-ci il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri 03.03.2020-ci il tarixli **********190667 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Müəssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. Lakin 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclər düzgün hesablanmamışdır. Hesablamaların əsasını 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dəvət edilmiş "xxxx” MMC-nin mütəxəssisləri tərəfindən “xxxx“ ASC-dən götürülmüş elektrik enerjisi sərfiyyatının göstəricilərinə əsasən istehsal həcminin müəyyənləşdirilməsi və süni surətdə dövriyyənin şişirdilməsi səbəb olmuşdur. Ümumiyyətlə Vergi Məcəlləsində elektrik sərfiyyatına əsasən vergilərin hesablanması barədə heç bir qayda olmamasına, mütəxəssis rəyinin arayış xarakterli olmasına baxmayaraq, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı ilə göstərilmiş obyektiv olmayan vergilər hesablanmışdır. İstinad etdiyimiz halları sübut etməyə və təsdiqedici sənədləri təqdim etməyə bir daha bildiririk ki, tam hazırıq. Eyni zamanda nəzərinizə çatdırırıq ki, müəssisədə bu yoxlamadan əvvəl də dəfələrlə səyyar vergi yoxlaması keçirilmişdir, uyğun işlər, eyni cinsli və eyni növlü fəaliyyət həyata keçirilmişdir. Əvvəllər aparılmış uyğun səyyar vergi yoxlamaları zamanı hesablanmış məbləğdən qat-qat aşağı vergilər müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı beton istehsalının özünəməxsus spesifik xüsusiyyətləri nəzərə alınmamışdır. Mütəxəssis tərəfindən beton istehsalının müxtəlif dövrlər üzrə elektrik sərfiyyatının göstəricilərinə belə uyğun gəlməyən məntiqsiz cədvəllər qurularaq qanunsuz dövriyyə formalaşdırılmış, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün istifadə edilən mütəxəssis rəyində qeyd edildiyi kimi müəssisənin dövriyyəsi ehtimal əsasında hesablanmışdır. Mütəxəssis tərəfindən eyni zamanda müəssisənin çəkdiyi xərclərin obyektiv aparılmamışdır ki, bu da sonda səyyar vergi yoxlama aktında yazılmış böyük məbləğdə gəlir vergisinin hesablanmasına gətirib çıxarmışdır. ƏDV hissəsində də müəssisə tərəfindən büdcəyə ödənilmiş ƏDV əvəzləşdirilməmiş ƏDV kimi qəbul edilərək yanlış hesablamalar aparılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 20 sentyabr 2019-cu il tarixli, **********190356 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə iddiaçının sahibkarıq fəaliyətinə dair 01 avqust 2017-ci il tarixdən 01 avqust 2019-cu il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və nəticələri 03 mart 2020-ci il tarixli, **********190667 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında 28.04.2020-ci il tarixli **********199271 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar qəbul olunmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş malların alışı və satışı ilə bağlı elektron qaimə-fakturalar, elektron vergi hesab-fakturaları və vergilərin hesablanması üçün istifadə olunan digər sənədlər. “xxxx” ASC tərəfindən 07 noyabr 2019-cu il tarixli **********560000 nömrəli məktubla, “xxxx” ASC tərəfindən 21 sentybar 2019-cu il tarixli, **********122600 nömrəli məktubla və “xxxx” ASC tərəfindən 24 sentyabr 2019-cu il tarixli, **********282200 nömrəli məktubla daxil olmuş vergi ödəyicisinin bank əməliyyatları barədə məlumatlar, vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan elektron qaimə-fakturalar və elektron vergi hesab-fakturaları barədə məlumatlar, idxal-ixrac əməliyyatları barədə məlumatlar və “xxxx” MMC tərəfindən 27 fevral 2020-ci il tarixli, **********288800 məktubla təqdim edilmiş mütəxəssis rəyi əsasında aparılmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz dəlillərinə uyğun izahat vermiş, iddia tələbini qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. Ekspert rəyi ilə bağlı bildirmişdir ki, səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə mütəxəssisin dəvət olunması zərurəti yarandığı üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 45-ci maddəsinə müvafiq olaraq mütəxəssis dəvət edilmiş və yoxlama ilə əhatə olunan dövrdə fərdi sahibkarın işçi sayı və əmək haqqı xərclərinin, istehsal həcminin, mal-materialın silgi normalarının və istehsal olunmuş məhsulun satış qiymətinin bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün müvafiq sənədlər mütəxəssisə təqdim edilmişdir. “xxxx” MMC tərəfindən 27 fevral 2020-ci il tarixli, **********288800 nömrəli məktubla mütəxəssis rəyi təqdim edilmiş və səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması mütəxəssis rəyinə əsasən həyata keçirilmişdir. Mütəxəssis rəyindən də göründüyü kimi aparılmış mütəxəssis işi Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” 25.06.1998-ci il tarixli 510-İQ saylı Qanuna, Milli Qiymətləndirmə Standartlarına, eləcə də istehsal mallarının qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Həmçinin ekspert rəyində fərdi sahibkar tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətlərə (işlərə) görə haqq ödənilməsi barədə hər-hansı ödəniş sənədinin (kassa məxaric, ödəniş tapşırığı, çıxarış və s.) və onlarla bağlanmış müqavilənin və s. iş materiallarında mövcud olmadığı və Vergi Məcəlləsində ödəmə mənbəyində tutulan verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanmasının nəzərdə tutulmadığı bildirilmişdir. Vergi ödəyicisindən sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövrdə təqdim olunmuş malların alışı və satışı ilə bağlı sənədlər və digər sənədlər, o cümlədən əmək haqqının hesablanması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya tam təqdim edilməmişdir. Səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən təqdim edilmiş 27 fevral 2020-ci il tarixli rəydə fərdi sahibkar tərəfindən 01 avqust 2017-cı il tarixdən 01 avqust 2019-cu il tarixədək olan dövr ərzində yerinə yetirilmiş beton istehsalı ilə bağlı 28800,00 manat əmək tutumunun müəyyən edildiyi göstərilmişdir. Səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş 28800,00 manat əmək tutumunun 12000,00 manatının işçilərə əmək haqqı kimi hesablandığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qalan 16000,00 manatın isə fərdi sahibkar tərəfindən 2017-ci ilin avqust-dekabr ayları ərzində 1600,00 manatının, 2018-ci il ərzində 9600,00 manatının və 2019-cu ilin yanvar-iyun ayları ərzində 4800,00 manatının beton istehsalı ilə bağlı vergi ödəyicisi kimi vergi orqanında uçota alınmayan və VÖEN təqdim etməyən fiziki şəxsin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq şəklində ödənilməsi kimi qəbul edilmişdir. Tərəflərindən hazırki mübahisələndirilən qərarlar qəbul edilən zaman yalnız iş üzrə keçirilmiş “xxxx” MMC tərəfindən 27 fevral 2020-ci il tarixli, **********288800 məktubla təqdim edilmiş mütəxəssis rəyinə istinad olunmuş və həmin rəy əsas götürülmüşdür. İddiaçı tərəfindən tələb edilən sənədlər təqdim edilmədiyindən imtina aktı tərtib edilmiş və sənədlərin götürülməsi ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunmamışdır. Məhkəmə araşdırmasının predmetini ********** qeydiyyat nömrəli şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti, 03.03.2020-ci il tarixli **********190667 nömrəli səyyar vergi yoxlaması aktın surəti, 20.09.2019-cu il tarixli **********190356 nömrəli, 24.04.2020-ciu il tarixli, **********99219 nömrəli, 28.04.2020-ci il tarixli **********199271 nömrəli qərarlar, cavabdehin etirazı, mütəxəssisin dəvət edilməsi haqqında 24.10.2019-cu il tarixli **********192081 nömrəli qərarın təsdiqlənmiş surəti, iltizamın təsdiqlənmiş surəti, “xxxx” MMC qiymətləndirmə və konsaltinq şirkətinin mütəxəssis rəyinin təsdiqlənmiş surəti, 31.03.2021-ci il tarixli, 9/4990 nömrəli ekspert rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri: iddia qaldırmaq səlahiyyəti və iddia qaldırmaq müddətinə riayət edilməsi də mövcud olmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən hüquqi marağına uyğun olaraq sonuncu 28.04.2020-ci il tarixli, **********199271 nömrəli qərar iddia müddətinə riayət olunmaqla mübahisələndirildiyindən məhz həmin qərarla birbaşa əlaqəli olan “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” 24.04.2020-ci il tarixli, **********199219 nömrəli qərarın mübahisələndirilməsi üzrə iddia müddəti ötürülməmiş hesab edilməlidir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı əmtəə betonunun istehsalı ilə məşğul olmuşdur və iddiaçı barəsində aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” 24.04.2020-ci il tarixli, **********199219 nömrəli və həmin qərara düzəliş edilməsinə dair 28.04.2020-ci il tarixli, **********199271 nömrəli qərarlar qəbul edilmişdir. Göründüyü kimi iş üzrə iddiaçıya yoxlama nəticəsində əlavə dəyər vergisi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) hesablanmasına əsas iddiaçının vergi bəyannaməsində bəyan etdiyi dövriyyənin vergi orqanı tərəfindən qəbul edilməməsi, dövriyyənin və istehsal edilmiş betonun həcminin və qiymətinin mütəxəssis rəyi əsasında müəyyən edilməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi də tərəflərindən əlavə araşdırılma aparılmadığını, iddiaçı tələb edilən sənədləri təqdim etmədiyindən imtina aktı tərtib edilərək iş üzrə mütəxəssis cəlb edildiyni və qərar qəbul edilən zaman yalnız mütəxəssis rəyinə istinad olunduğunu bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hesablanmış vergilərin qanuniliyinin müəyyən edilməsi üçün verginin hesablanmasına əsas olan mütəxəssis rəyinin mötəbərliliyinə qiymət verilməlidir. “xxxx” MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş mütəxəssis rəyində müəssisənin yoxlama ilə əhatə olunan dövr üzrə (rəydə konkret tarix göstərilməmişdir) aparılan araşdırma zamanı qiymətləndirici elektrik enerjisi sərfiyyatı göstəricilərini əsas götürərək ümumi elektrik enerjisi sərfiyyatından itkilər çıxaraq, istehsala sərf olunan elektrik enerjisinin miqdarı bir saat ərzində sərf olunan elektrik enerjisinin miqdarına böldü və yoxlama dövrü ərzində iş saatlarının sayı müəyyən etdi. Yekunda iş saatlarının sayı bir saat ərzində istehsal saylarına vurularaq istehsal həcmi müəyyən olunmuşdur. Həmin düsturla beton məhsullarının (M-100, M-150, M-200, M-250, M-300, M-350, M-400, M-500) 3.265.322,25 manat satış dəyərində, qum sement məhlulunun (M- 100, M-150, M-200, M-250) 38.551,1 manat satış dəyərində hesablamışdır. Betonun istehsalı üçün materialların sərf norması istehsal edilmiş sement sərfi 1.667.972,4 manat, istifadə edilmiş qum sərfi 152.848,2 manat, istifadə edilmiş qırmadaş sərfi 238.352,1 manat, işçilərin əmək tutumu 24 ay üzrə 28.800 manat əmək haqqı hesablamışdır. Göründüyü kimi, mütəxəssis rəyində elektrik enerjisi sərfiyyatı əsasında beton və qum-sement məhsullarının 1 saatlıq üçün istehsal sərfiyyatı əsas götürülmüşdür. Məhkəmə bildirir ki, “xxxx” MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş rəy kifayət qədər əsaslı tərtib edilmədiyi halda, cavabdeh qeyd edilən rəyə istinad etməklə iddiaçı barəsində əlavə vergi hesablamışdır ki, bu da öz növbəsində iddiaçı barəsində əlavə vergi borcunun hesablanmasının əsassız olduğu qənaətinə gəlmək üçün məhkəməyə əsas vermişdir. Belə ki, iş materiallarından göründüyü kimi, vergi orqanı 20.09.2019-cu il tarixdə səyyar vergi yoxlamasına başlamış, 24.10.2019-cu il tarixdə isə mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul etmişdir. Lakin cavabdeh mütəxəssis dəvət edərkən malların satış qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, malların inventarizasiyasını keçirməmiş və hər hansı araşdırma aparmamışdır. Halbuki, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa mütəxəssisin dəvət olunmasını nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən mütəxəssis dəvət olunanadək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə istehsal olunmuş məhsulun satış qiymətinin bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Belə ki, Vergi Məcəlləsinin: 14.3.3. maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox aşağı və yuxarı dəyişdikdə bazar qiymətlərinin tətbiq olunması vergi orqanının səlahiyyətlərinə aiddir. 14.6.3. maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyya taparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. 14.9. maddəsinə əsasən malın (işin, xidmətin), bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən bu halların heç biri həyata keçirilməmiş və Şəmkir rayonu, Dəllər qəsəbəsi ünvanında yerləşən istehsal sahəsində 01.09.2017-ci il tarixindən 01.07.2019-cu il tarixədək aylar üzrə istehsal olunmuş məhsulların real bazar qiymətləri sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında eyni xüsusiyyətli, eyni cinsli mallara, işlərə və xidmətlərə görə iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin qiyməti tərəflərin əməliyyatda təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Bundan başqa, məhkəmə mütəxəssis rəyinin mötəbər sübut kimi qiymətləndirilməsini əsassız hesab edərək qeyd edir ki, mütəxəssis 01.09.2017-ci il tarixdən 01.01.2019-cu il tarixədək hər ay üçün qiymətlər barədə suala cavab verməli olduğu halda, hər ay üçün deyil, ümumi qiymət müəyyən etmiş və həmin qiymətin qeyd edilən yoxlama dövrünün hansı ayı və ya aylarına aid olduğunu təsdiq edəcək mötəbər sübutları əlavə etməmişdir. Vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda mütəxəssisin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, “xxxx” MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş rəy mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, hesablanmış vergilərin əsaslılığının müəyyən edilməsi məqsədilə xüsusi bilik tələb olunduğundan, iş üzrə 07.10.2017-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli, 9/4990 saylı ekspert rəyində qeyd edilir ki, “vergitutma bazasının vergi ödəyicisinin faktiki enerji sərfiyyatına görə müəyyənləşdirilməsi qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəbdən, həmçinin, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən 03.03.2020-ci il tarixli, **********190667 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 343.881,97 manat məbləğində ƏDV-nin, 163.182,88 manat məbləğində gəlir vergisinin, 2.240 manat məbləğində ÖMV-nin az hesablanmasının, həmçinin 38.144,52 manat ƏDV-nin artıq hesablanmasının düzgünlüyü müəyyən olunmur. Eyni zamanda qeyd edlir ki, göstərilən səbəblərdən dövlət büdcəsində ödənilməli olan vergilərin məbləğini müəyyən etmək olmadı. Bundan əlavə Məhkəmə Ekspertizası Mərkəzinin qeyd edilən rəyinin təsviri əsaslandırıcı hissələrindən göründüyü kimi, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq, enerji və su; - istehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq, “xxxx” MMC qiymətləndirmə və konsaltinq şirkətindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulunun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. “xxxx” MMC qiymətləndirmə və konsaltinq şirkətinin mütəxəssisi tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Beləliklə bütün yuxarıda göstərilən səbəblərdən hazırkı ekspertiza tədqiqatı ilə səyyar vergi yoxlaması zamanı istehsal həcmi müəyyən edilmiş mal-materiala görə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsinə görə vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4 vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası — vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlardan istifadə edilir (67.2. maddə) və bu zaman vergilər Vergi Məcəlləsinin 67.3. maddəsinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəlikləri aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicisinin vergi bəyannamələrində olan məlumatlara, 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata, 83.2.3. vergi yoxlaması məlumatlarına, 83.2.4. vergi orqanın əldə etdiyi mənbəyi bəlli olan hər hansı bir digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Vergi Məcəlləsində nəzərdə tutulan maddələrin ardıcıllığını nəzərə alaraq fiziki şəxsin müəssisəsində aparılan səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin hesablanması üçün birinci növbədə Məcəllənin 67-ci maddəsində nəzərə tutulan qaydalardan, yəni hazırkı halda vergi ödəyicisinin özünün gəlirləri barədə olan məlumatdan və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə etməklə Vergi Məcəlləsinin 67.3 maddəsində müvafiq olaraq mənfəət vergisi hesablamalı idi. Lakin vergi yoxlamasına dair tərtib olunmuş 03.03.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi müfəttişi Vergi Məcəlləsinin 67-ci və 83.2. maddələrində nəzərdə tutulan hüquqlardan və hesablama qaydasından istifadə etmədən, birbaşa Məcəllədə son tədbir kimi nəzərdə tutulan 83.9-cu maddəsindən (yəni mənfəəti birbaşa müəyyən etmək mümkün olmaması halında) istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı (həmin qərara əlavə və dəyişiklik edilməsi barədə 12 iyun 2013-cü il tarixli 137 nömrəli qərar nəzərə alınmaqla) qərarda göstərilən üsulla, yəni şərti rentabellik səviyyəsini 20% götürülməklə, mənfəət vergisini hesablamışdır. Məhkəmə-mühasibatlıq ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır. Qeyd etmək lazımdır ki, mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır ("Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanunu, maddə 2.1.6). İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8. maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergi ödəmək vəzifəsi qoyula bilməz. 53.3. maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin maddənin üçüncü abzasına əsasən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanın üzərinə düşür. 54.0.1. maddəsinə əsasən Azərbaycan Respublikası vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, mübahisələndirilən qərarlar ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.04.2020-ci il tarixli, **********199219 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” 28.04.2020-ci il tarixli, **********199271 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar