Məhkəmə qərarları › İş №2-1(114)-91/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-91/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-91/2023 03.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X1, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş ev üzərində mülkiyyət hüququnun qeydə alınması və 5000 (beş min) manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yerləşən, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş ev üzərində mülkiyyət hüququnun qeydə alınması barədə ərizə ilə cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********75 saylı məktubla müraciətinin həll edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı tikintinin istismara tam yararlı olmaması, həmçinin tikilinin qeyri-yaşayış binası tipli olduğu müəyyən edilmiş, bu səbəbdən də fərdi yaşayış evi kimi qeydiyyata alınmasının mümkün olmamışdır. İddiaçı hesab edir ki, imtina tam olaraq əsassız, qanunsuz və məntiqsizdir. Belə ki, mübahisələndiriln evin tikintiyə yararsız olub-olmaması barədə rəsmi heç bir sənəd mövcud deyildir. İstismara yararsızlıq nədə ifadə edilməsi aydın deyildir. Bundan başqa evin istismara "yararsız" olması ondan başqa kimin hüquqlarına toxuna bilməsi də əsaslandırılmamışdır. Həmçinin evin qeyri yaşayış binası tipli olması fikiri də tam olaraq əsassız və məntiqsizdir. Əgər iddiaçı "qeyri-yaşayış" sahəsini ev kimi qeydiyyata adırırsa gələcəkdə həmin evdən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün evin təyinatını dəyişdirməlidir və bununla bağlı müəyyən prosedurlar keçməlidir. İddiaçının vəkili X1 müvafiq ərizəsinə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin tələb “ünvan 1 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili X4 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin istismara yararlı olmadığı, tikilinin qeyri-yaşayış binası tipli olduğu, həmçinin layihədə göstərilən tikili B (sanitar qovşağ) zəbt olunmuş torpaq sahəsində inşa edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də tərəfimizdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.0278 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubundan görünür ki, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6174 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda inşa edilmiş tikilinin yarımzirzəmidən, iki mərtəbə və mansard mərtəbədən ibarət olduğunu, birinci mərtəbənin boş sahə olduğunu, ikinci və mansard mərtəbələrdəki yaşayış otaqları və köməkçi tikililər (mətbəx, sanitar qovşağı və s.) kimi istifadə edildiyini, həmçinin mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş fərdi yaşayış evinə dair layihə sənədində də tikilinin ikinci və mansard mərtəbələrində yerləşən tikililərin yaşayış otaqları və köməkçi tikililər (mətbəx, sanitar qovşağı və s.) olaraq layihələndirildiyini nəzərə alaraq sözügedən tikilinin xarici görkəminin, daxili elementlərinin, planlamasının və istifadə vəziyyətinin fərdi yaşayış evinə uyğun olduğu və eyni zamanda tikilinin istismara yararlı olduğu müəyyən edilir. -işə əlavə edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-829/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanda inşa edilmiş tikili, **********28 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa dair tərtib olunmuş A- 660091 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0.0278 ha torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqularının dövlət qeydiyyatına aldırması üçün müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasını isə fərdi yaşayış evinin istismara yararlı olmaması, tikilinin qeyri-yaşayış binası tipli olması, həmçinin layihədə göstərilən tikili B-nin (sanitar qovşağının) zəbt olunmuş torpaq sahəsində inşa edilməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240-cı maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Qeyd olunanlardan görünür ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Mülkiyyət hüququ anlayışına tərkib hissəsi olan sərəncam vermək hüququ isə özündə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yəni, şəxs hüquqdan sui-istifadə etmədiyi müddətcə əmlakından (əşyasından) öz arzusu ilə istifadə edə bilər. Qanunvericiliyə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər və torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. İş üzrə verilmiş rəylərdən görünür ki, sözügedən tikili xarici görkəmi, daxili elementləri, planlaması və istifadə vəziyyəti fərdi yaşayış evinə uyğundur və eyni zamanda istismara yararlıdır. Bundan əlavə, sözügedən fərdi yaşayış mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Göründüyü kimi, cavabdehin imtinasına səbəb kimi göstərilmiş əsaslar öz təsiqini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Bundan əlavə, məhkəmə hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6174 nömrəli ekspert rəyinin verilməsinə görə 50 (əlli) manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. xx.xx.2022-ci il tarixli, 10/6174 nömrəli ekspert rəyi üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar