Məhkəmə qərarları › İş №2-1(114)-913/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-913/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-913/2021 14.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalıq hüququnun ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq, müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə anadan olmuş Hüseynin onun uşağı olmadığından Goranboy rayon Qeydiyyat şöbəsində AZ-İİİ 831869 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədə soyadı qrafasında Abdullayev, ata qrafasında Etibar sözlərinin dəyişdirilərək uşağın əvvəlki soyadının qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə restoranda tanış olmuş və onunla xx.xx.2015-ci ildə qeyri-rəsmi ailə qurduqdan sonra Göygöl rayonunda yaşamışlar və bir müddətdən sonra o, işləmək üçün Rusiya Federasiyasına getmək istədiyini bildirərək cavabdehi atası evinə aparmışdır. Bundan sonra cavabdeh onun Goranboy rayonunda olduğunu bildiyi üçün onunla görüşmüş və aralarında yaranmış mübahisə zamanı cavabdeh onu təhqir etdiyi üçün onlar ayrılmışlar və bundan sonra xx.xx.2016-cı il tarixdə onların uşağı doğulmuş, həmin uşağa cavabdeh Hüseyn adını verəndə o narazılıq etmiş, lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh ondan əvvəl Hüseyn adlı Türk vətəndaşı ilə görüşürmüş, uşaq Hüseyndən olduğu üçün uşağın adını Hüseyn qoyub. Ona görədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında ştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İddia ərizəsindən göründüyü kimi iddiaçı X1 adına verilmiş doğum şəhadətnaməsinin soyad qrafasında yazılmış Abdullayev, ata adı qrafasında yazılmış Etibar kimi qeydlərin ləğv edilməsini cavabdehdən tələb etmişdir. İddia ərizəsindən, habelə iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunmuşdur ki, cavabdeh Goranboy Rayon Məhkəməsinə «atalığın tanınması faktının müəyyən olunması tələbinə dair» ərizə ilə müraciət etmiş və məhkəmənin qətnaməsinə əsasən xx.xx.2016-cı ildə doğulmuş Hüseyn adlı uşağın soyadı qrafasında Abdullayev, ata adı qrafasında isə Etibar yazılmışdır. Məhkəmə ilk olaraq iddia ərizəsində Cavabdeh qoyulması ilə bağlı qeyd edir ki, inzibati icraatda inzibati akt qəbul etmək səlahiyyəti olmayan fiziki şəxsin inzibati məhkəmə icraatında cavabdeh qismində cəlb edilməsi nəzərdə tutulmamışdır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki iddia tələbi isə fiziki şəxsə qarşı yönəlmişdir ki, fiziki şəxsə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Bundan başqa hazırkı iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə də uyğun deyildir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); Göründüyü kimi, iddia ərizəsinin formasına və məzmuna dair qanunvericiliyin tələblərinə iddiaçı tərəfindən riayət olunmamış, habelə iddiaçının tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı Cavabdeh qarşı atalıq hüququnun ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar