Məhkəmə qərarları › İş №2-1(114)-913/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-913/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-913/2024 29.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.2016-cı il tarixli SX ******* nömrəli hərbi biletdə İddiaçı xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Fizuli, Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sürücü sanitar vəzifəsində xidmət etmişdir.

2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 342 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı 21 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və 2-ci zenit raket divizionunun tibb məntəqəsinin sürücü-sanitar vəzifəsinə təyin olunmuşdur.

3. N nömrəli hərbi hissə komandirinin Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.2020-ci il tarixli 091 nömrəli əmrindən çıxarışdan görünür ki, ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsinə hərbi hissə komandirinin müavinləri, bölmə vəxidmət rəisləri və qərargahdan hərbi qulluqçuların cəlb olunması, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin şəxsi heyəti xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların aşağıda göstərilən qaydada siyahısının tərtib edilməsi əmr edilmiş və bu siyahıda 920-ci sırada əsgər İddiaçı – sürücü sanitar qeyd edilmişdir.

4. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 450 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli 274 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən əsgər İddiaçı səfərbərlikdən tərxis edilməsi, 30 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri.

5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 10 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 dekabr 2020-ci il tarixli 274 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən əsgər İddiaçı səfərbərlikdən tərxis edilmiş, 30 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və çağırıldığı Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmri.

6. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı N nömrıli hərbi hissəyə etdiyi müraciətə, həmin hərbi hissənin xx.xx.2022-ci il tarixli 4805 nömrəli cavab məktubunda bildirilmişdir ki, onun 44 günlük “Vətən müharibəsi” dövründəki fəaliyyəti nəzərə alınaraq, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün sənədləri “Müharibə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmişdir.

7. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətə həmin Nazirliyin Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-10008 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar müracit müəllifinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair xidməti barədə hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayış-məlumatı və həmçinin qeyd olunan məlumatları CD variantda qısa müddət ərzində onların ünvanına təqdim etməyini xahiş etmişdir.

8. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 11490 nömrəli məktubunda bildirilmişdir ki, onun 44 günlük “Vətən müharibəsində iştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiyası” tərəfindən sənədləri tələb olunan nümunələrə uyğun tərtib edilərək qərar qəbul edilməsi məqsədilə “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarınını və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmişdir.

9. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli 2/2-9445 nömrəli cavab məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-25/2- 1298/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Göygöl şəhər sakini 1994-cü il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində mövcud olan hərbi uçot sənədlərində “xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Füzuli istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissə tərkibində sürücü-sanitar vəzifəsində xidmət etmişdir” qeyd edilmişdir. Əlavə olaraq bildirilir ki, bu qeydin yazılmasının əsasları barədə əmrdən çıxarışların alınması üçün, tərəflərindən N nömrəli hərbi hissəyə müraciət etməyi məqsədə uyğundur.

11. İddiaçı qeydiyyat kartasında onun xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində sürücü sanitar vəzfifəsində xidmət etdiyi qeyd olunmuşdur.

12. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən X2 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə 2) Rütbəsi: əsgər 3) Vəzifəsi: 2-ci divizionun tibb məntəqəsinin sürücü-sanitarı 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2020 342 nömrəli əmr, xx.xx.2021-ci il tarixli 10 nömrəli əmr 5) Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı 6) Həmin dövrdə şəxsin X2 bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri 7) Həmin dövrdə şəxsin cəlb olunduğu X2 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə):- 8) İştirak etdiyi ərazilər: Bərdə rayonu 9) Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı tibb təminatının təmin olunmasında iştirak etmişdir. 10) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: 11) Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: 12) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): 13) Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): 14) Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: Göygöl rayon şöbəsi 15) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): olunmayıb.

13. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 436 nömrəli məktubunda bildirilmişdi ki, təqdim edilmiş arayış-məlumatda qeyd olunmuş ərazi "(Bərdə rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaşın sənədlərinin "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ Qarabağ müharibəsi zamanı xidmət yeri Bərdə rayonu ərazisi olub. Əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı silahlardan, döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunması və saz saxlanılmasına görə fəaliyyət göstərib. Sürücü-sanitarın vəzifələri aşağıda qeyd olunan kimidir: -sürücü ona təhkim olunmuş maşının saxlanılmasına, maşının hər zaman işlək vəziyyətdə olmasına və hər an istismara yararlı olmasına cavabdehdir. O borcludur: ona təhkim olunmuş maşının quruluşunu, texniki vəziyyətini və istismar qaydalarını bilsin; maşının gecə-gündüz, hər cür yol şəraitində məharətlə idarə etməli, xüsusi köməkçi avadanlqdan istifadə qaydalarını bilsin; yol hərəkət qaydalarını, idarəedici siqnalları mükəmməl bilsin və onlara riayət etsin; komandirin əmrlərini və siqnalları diqqətlə izləsin, tez, tələsik və aydın onları yerinə yetirməyi bacarsın; ona təhkim olunmuş maşının texniki qabiliyyətini, təmir vaxtının ehtiyyat həcmini, təkərlərin və AKB-lərin istismara gərəkli olma vaxtını bilsin; işinin - YSMin bütün növlərini və istifadə normalarını bilsin, ondan qənaətlə istifadə etsin; maşın parkdan çıxmamış onun texniki vəziyyətini yoxlamalı, maşın hərəkətdə olan zaman seyr etməli, əsasən əyləc sistemini və sükan mexanizmlərinin işlənməsini təkərlərə, qoşqu qurğusuna, işıqlandırma və siqnallaşdırma cihazlarına, şüşə təmizləyənlərə, arxanı görmək üçün güzgülərin düzgün vəziyyətdə saxlanmasına, nömrə nişanlarının təmizliyinə diqqət yetirsin; - maşını idarə edərkən sürücünün özü ilə sürücülük vəsiqəsi, hərbi bileti və texniki istismar talonu olmalıdır; yük daşınma normalarını, şəxi heyətin daşınması, yerləşdirilməsi yükün düzülüş qaydalarını bilsin və onlara riayət etsin; Maşını idarə etməyi başqasına həvalə etmək və maşında siqaret çəkmək sürücüyə qəti qadağan olunur. Qoşma: 1 (bir) nüsxədə, 4 (dörd) vərəqdə, qeyri məxfi yalnız ünvana. İddiaçı AK-74 markalı atıcı silah təhkim olunmuşdur. Məktubda adları qeyd olunan hərbi qulluqçular Eldəniz Baxşəliyevə, Tural Səmədova və Bəxtiyar Alıyarlıya "Müharibə Veteranı" adı verilib. Lakin, həmin hərbi qulluqçuların arayış- məlumatları Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya göndərildiyi üçün həmin hərbi qulluqçuların arayış-məlumatlarının hərbi hissədə olmadığından surətlərini təqdim edə bilmirlər.

14. Məhkəmənin sorğusuna N nömrəli hətbi hissənin xx.xx.2024-cü il tarixli 746 nömrəli cavab məktubunda bildirilmişdir ki, məktubda adı qeyd olunmuş İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"da baxılmışdır. Əlavə olaraq bildirir ki, arayışməlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaşın sənədlərinin "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək il Qarabağ müharibəsi zamanı xidmət yeri Bərdə rayonu ərazisi olub. Əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı silahlardan, döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunması və saz saxlanmasına görə fəaliyyət göstərib.

15. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-3/2-75xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2kd-90xx-xx/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar Eldəniz Baxşəliyevə, Tural Səmədova və Bəxtiyar Alıyarlıya "Müharibə veteranı" adı verilmişdir. Məlumat üçün bildirirəm ki, adları qeyd olunan vətəndaşlara "Müharibə veteranı" adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetindədir. II. Məhkəmədə icraat

16. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü ildə Göygöl rayonunda anadan olmuşdur. xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ Qarabağ müharibəsi zamanı hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəbrayıl, Qubadlı, Füzuli istiqamətlərində gedən döyüşlərdə N nömrəli hərbi hissədə sürücü sanitar vəzifəsində xidmət etmişdir və bu barədə müvafiq olaraq hərbi biletində qeyd edilmişdir. O, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli 2/2-9445 nömrəli məktubla ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, "təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərə uyğun gəlmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir". Cavabdeh inzibati orqanın imtinası əsassızdır. Odur ki, hazırda o, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

19. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

21. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

22. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

28. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

29. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin möhürü ilə təsdiq edilmiş arayış-məlumatdan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində Bərdə rayonu ərazisində tibbi təminat tapşırıqlarının icrasında iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 10 və 11-ci abzaslarına istinad edərək aşağıda qeyd edilən qaydaları göstərmək istəyir. - 10-cu abzas- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; -11-ci abzas- 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X2, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. -2-ci bəndə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, X2 bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "müharibə veteranı" adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək X2 bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüs əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Bərdə rayonunda N nömrəli hərbi hissədə X2 bölmələrinin tərkibində döyüş əməliyyatlarının tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı X2 bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə deyil, digər təminat növləri üzrə (tibbi təminat) tapşırıqları yerinə yetirmişdir. Lakin onun xidmət etdiyi N nömrəli hərbi hissənin yerləşdiyi Bərdə rayonu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

30. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

31. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, N saylı hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi təlimlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdən isə Azərbaycan Respublikasının X2sində iştirak etmişdir. Onun vəzifəsi sürücü-sanitar olmuşdur. Lakin o, 2-ci zenit raket divizionunun tibb məntəqəsində deyil, həmin divizionun Ağdam rayonunda yerləşən 3-cü bölüyündə (3-cü zenit raket batareyasında) sürücü-sanitar olmuşdur. Ümumiyyətlə isə, 2-ci divizionda tibb məntəqəsi olmamışdır. O, bu barədə xidmət keçdiyi hərbi hissəyə bildirsə də, əmrləşmə zamanı səhvə yol verildiyi və artıq bunu aradan qaldırmağın mümkün olmadığı ona bildirilmişdir. Sənədlərdə onun 2-ci zenit raket divizionunun tibb məntəqəsinin sürücü-sanitarı olduğu qeyd edildiyi üçün və divizion Bərdə rayonu, Lənbəran kəndində yerləşdiyi üçün onun arayış-məlumatında iştirak etdiyi ərazi kimi Bərdə rayonu göstərilmişdir. Halbuki, onun xidmət etdiyi bölük Ağdam rayonunun ərazisində yerləşmiş, bəzən isə müharibə ilə əlaqədar yerdəyişmə manevrləri etdikləri üçün Ağcabədi rayonunun ərazisində də olmuşdur. Şəkillərdəki texnika özüyeriyən zenit raket kompleksi olmaqla, həmin şəkillərin çəkildiyi ərazi Ağdam rayonunun ərazisidir. Onun xidmət etdiyi bölükdə yaralanan və şəhid olan olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2016-cı il tarixli SX ******* nömrəli hərbi bilet; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 342 nömrəli, xx.xx.2020-ci il tarixli 091 nömrəli, xx.xx.2020-ci il tarixli 450 nömrəli və xx.xx.2021-ci il tarixli 10 nömrəli əmrlərindən çıxarış; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 4805 nömrəli cavab məktubu; - İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-10008 nömrəli cavab məktubu; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 11490 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2/2-9445 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-25/2- 1298/2023 nömrəli cavab məktubu; - İddiaçı qeydiyyat kartası; - N nömrəli hərbi hissənin arayış-məlumatı; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 436 nömrəli və xx.xx.2024-cü il tarixli 746 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024cü il tarixli 3-25-3/2-75xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2-kd-90xxxx/2024 nömrəli cavab məktubları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

33. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

34. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək X2də iştirak etdiyini əsas gətirməklə, müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, iddiaçının barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilmədiyini bildirmişdir.

35. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.

36. Belə ki, cavabdeh orqan imtinasında iddiaçının barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazinin (Bərdə rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyini qeyd etmişdir.

37. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçının barəsində N nömrəli hərbi hissə tərəfindən iki ayrı arayış-məlumat verilmişdir, iddiaçının təqdim etdiyi arayış məlumatda iştirakı etdiyi fəaliyyət kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş texnikasından və digər texnikalardan düzgün istifadə olunmasına və onların saz saxlanması qeyd edilmiş, digər arayışda (məhkəmənin sorğusuna cavab olaraq verilmiş) iştirakı etdiyi fəaliyyət kimi isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı tibbi təminatın təmin olunması qeyd edilmişdir. Hər iki arayışda iştirak etdiyi ərazi kimi isə Bərdə rayonu qeyd edilmişdir.

38. İddiaçı isə sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, N saylı hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi təlimlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdən isə Azərbaycan Respublikasının X2sində iştirak etmişdir. Onun vəzifəsi sürücü-sanitar olmuşdur. Lakin o, 2-ci zenit raket divizionunun tibb məntəqəsində deyil, həmin divizionun Ağdam rayonunda yerləşən 3-cü bölüyündə (3-cü zenit raket batareyasında) sürücü-sanitar olmuşdur. Ümumiyyətlə isə, 2-ci divizionda tibb məntəqəsi olmamışdır. O, bu barədə xidmət keçdiyi hərbi hissəyə bildirsə də, əmrləşmə zamanı səhvə yol verildiyi və artıq bunu aradan qaldırmağın mümkün olmadığı ona bildirilmişdir. Sənədlərdə onun 2-ci zenit raket divizionunun tibb məntəqəsinin sürücüsanitarı olduğu qeyd edildiyi üçün və divizion Bərdə rayonu, Lənbəran kəndində yerləşdiyi üçün onun arayış-məlumatında iştirak etdiyi ərazi kimi Bərdə rayonu göstərilmişdir. Halbuki, onun xidmət etdiyi bölük Ağdam rayonunun ərazisində yerləşmiş, bəzən isə müharibə ilə əlaqədar yerdəyişmə manevrləri etdikləri üçün Ağcabədi rayonunun ərazisində də olmuşdur. Şəkillərdəki texnika özüyeriyən zenit raket kompleksi olmaqla, həmin şəkillərin çəkildiyi ərazi Ağdam rayonunun ərazisidir. Onun xidmət etdiyi bölükdə yaralanan və şəhid olan olmamışdır.

39. N nömrəli hərbi hissə komandirinin Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.2020-ci il tarixli 091 nömrəli əmrinə əsasən ehtiyat komanda məntəqəsinə və bölmələrin ehtiyat mövqelərinə gedən yolların vəziyyətinin yoxlanılması, mühəndis cəhətdən hazırlanması, maskalanma tədbirlərinin görülməsi və döyüş tapşırıqlarının dəqiqləşdirilməsinə hərbi hissə komandirinin müavinləri, bölmə vəxidmət rəisləri və qərargahdan hərbi qulluqçuların cəlb olunması, hərbi hissə komandirinin müavinləri, bölmə və xidmət rəisləri, hərbi hissənin şəxsi heyəti xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısında 920-ci sırada əsgər İddiaçı adı qeyd edilmişdir.

40. Məhkəmə onu da qeyd edir ki, iddiaçının xidmət keçdiyi N saylı hərbi hissə Hərbi Hava Qüvvələri (X2) qoşun növünə aid olduğundan və iddiaçı həmin X2 bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyindən onun iştirak etdiyi ərazinin Bərdə rayonu kimi qeyd edilməsi halında belə bu, ona müharibə veteranı vəsiqəsinin verilməsindən imtina səbəbi ola bilməzdi.

41. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X2, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

43. Yuxarıda adıçəkilən Əsasnamədən göründüyü kimi, 10-cu yarımbənddə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X2, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçı da Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin mümkün hava hücumunun qarşısının alınmasında, yəni döyüş əməliyyatlarında iştirak etmişdir.

44. Mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi və iş materiallarının tədqiqi nəticəsində məhkəmə belə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır.

45. Çünki, iddiaçının xidmət etdiyi hərbi hissənin vəzifəsi ölkənin ərazi bütövlüyünü X2 etmək olmuş və Əsasnamədə X2 bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi əks olunmamışdır.

46. İddiaçı N saylı hərbi hissənin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında olmuş və hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.

47. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

48. Lakin hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istnad etdiyi halları sübuta yetirə bilməmişdir.

49. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

50. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar