Məhkəmə qərarları › İş №2-1(114)-916/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-916/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-916/2021 19.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti) qarşı ünvan 1 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kirovabad şəhər XDS İcrayyə Komitəsinin 25.02.1957-ci il tarixli 5 nömrəli iclas protokolu əsasında T.Arani küçəsi, 7 (27) nömrəli binanın 16 nömrəli mənzili Boqorodinsk şəhəri, Mexanizatorlar küçəsi 10 nömrəli evin 7 nömrəli mənzili ilə dəyişdirilərək 04.03.1975-ci il tarixli 9 nömrəli order ilə X4 istifadəsinə verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.03.2015-ci il tarixli qətnaməsinə əsasən X4, Natalya Ştefan və X10 şəhəri, Kəpəz Rayonu, T.Arani küçəsi 27 nömrəli binanın 16 nömrəli mənzilində istifadə hüquqları itirilmiş və onun həmin mənzilə istifadə hüququ tanınmışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 04.12.2015-ci il tarixli 171 nömrəli Sərəncamı ilə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi (T.Arani) 27 nömrəli binanın yaşayış sahəsi 32.8 kv.m olan 2 (iki) otaqlı 16 nömrəli mənzilin kirayəçisi X4 yaşayış hüququnun itirilməsi ilə əlaqədar mənzilin kirayəçisi o, hesab edilmişdir. Mənzilin adına özəlləşdirilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina məktubunda Gəncə şəhər İcra Hakimiyyəti başçısının 04.12.2015-ci il tarixli 171 nömrəli Sərəncamının həmin mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmadığını göstərmişdir. Ona görədə cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mərhum atası X2 10.05.1983-cü il tarixdə mənzilin ilkin istifadəçisi X6 ilə rəsmi nikaha daxil olmuş, 19.05.1983-cü il tarixli ərizəsinə əsasən həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Atasının sağlığında ona dediyinə görə 1987-ci ildə L.S.Ştefan, bir neçə il əvvəl isə uşaqları N.Ştefan və S.Ştefan köçüb Rusiya Federasiyasına getmiş, atası isə onu 1987-ci ildə həmin mənzilə köçürmüş, həmin mənzilə qeydiyyata almış və 2008-ci il tarixdə vəfat etmişdir. O, hal-hazırki vaxtadək ailə üzvləri ilə birlikdə orada yaşayır və kirayə müqaviləsindən irəli gələn bütün öhdəlikləri yerinə yetirir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, «Mənzil fondunun özəlləşdirilmsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş, Gəncə şəhər İcra Hakimiyyəti başçısının «Mənzilin kirayəçisi hesab edilməsi barədə» 04.12.2015-ci il tarixli 171 nömrəli Sərəncamı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonrakı tarixdə bağlandığı üçün mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab olunmur. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.03.2015-ci il tarixli 2(043)-555/2015 nömrəli qətnaməsi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının 16.11.2015-ci il tarixli 418/5 nömrəli arxiv arayışı, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 04.12.2015-ci il tarixli 171 nömrəli Sərəncamı, razılıq ərizələri, Gəncə şəhər Baş Polis İdarəsinin 17.06.2021-ci il tarixli 120- 18277-1221 nömrəli məktubu, Daxili İşlər Nazirliyinin 27.07.2021-ci il tarixli ******* nömrəli arayışı, cavabdehin iddiaçıya ünvanlandığı 09.03.2021-ci il tarixli **********99 nömrəli imtina məktubu və 27.04.2021-ci il tarixli **********72 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh 09.03.2021-ci il tarixli **********99 nömrəli imtina məktubunda göstərmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının «Mənzilin kirayəçisi hesab edilməsi barədə» 04.12.2015-ci il tarixli 171 nömrəli Sərəncamı həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.03.2015-ci il tarixli 2(043)- 555/2015 nömrəli qətnaməsindən görünür ki, X9, Natalya Ştefan və X10 şəhəri, Kəpəz rayonu, T.Arani küçəsi, ev 27 (əvvəllər 17), 16 saylı mənzildə istifadə hüquqlarının itirilməsi və İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, T.Arani küçəsi, ev 27, 16 saylı mənzilə istifadə hüquqlarının tanınması qət edilmişdir. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 04.12.2015-ci il tarixli 171 nömrəli Sərəncamından görünür ki, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, (Tağı Arani) 27 nömrəli binanın yaşayış sahəsi 32.8 kv.m olan 2 (iki) otaqlı 16 nömrəli mənzilin kirayəçisi X3 yaşayış hüququnun itirilməsi ilə əlaqədar mənzilin kirayəçisi 4 nəfər ailə üzvləri ilə birlikdə İddiaçı hesab edilmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 17.06.2021-ci il tarixli 120-18277-1221 nömrəli məktubundan görünür ki, İddiaçı 03.12.2005-ci il tarixdən hal-hazıra kimi Gəncə şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Daxili İşlər Nazirliyinin 27.07.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı 03.12.2005-ci il tarixdən ailə üzvləri X5, X12 və X7 ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatdadır. «Azərbaycan Respublikasında Mənzil X1» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının sözügedən mənzil üzərində kirayə hüququ barədə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 04.12.2015-ci il tarixli 171 nömrəli sərəncamı Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01.10.2009-cu il tarixdən sonra verildiyindən iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Azərbaycan Respublikasında mənzil X1» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti) qarşı ünvan 1 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar