Məhkəmə qərarları › İş №2-1(114)-917/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-917/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-917/2020 03.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı Ələkbərov Adil Vəli oğlunun, Cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi İsmayılov Ruslan Akif oğlunun, Üçüncü şəxs Məmmədov Adil Kamran oğlunun etibarnamə üzrə nümayəndəsi Məmmədov Asif Kamran oğlunun iştirakları ilə, İddiaçı Ələkbərov Adil Vəli oğlunun cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Məmmədov Adil Kamran oğlu) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ələkbərov Adil Vəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Məmmədov Adil Kamran oğlu) qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 52 nömrəli qərarının JN-610A KOD saylı şəhadətnaməyə münasibətdə qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ilədək Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşamış və qeydiyyatda olmuşdur. Ona Şəmkir rayonunun Dəllər qəsəbəsində XDS İk-in 28 fevral tarixli, 5 nömrəli iclas protokolu ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2019-cu ildə həmin torpağı öz adına rəsmiləşdirmək istəsə də, həmin torpağa dair şəhadətnamə verilməsi aşkar olunmuşdur. Şəhadətnamənin surətini əldə edərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun tarixli, 52 saylı qərarı ilə JN-610A KOD 50400018 saylı şəhadətnamə ümumiyyətlə Azərbaycan vətəndaşı olmayan, Dəllər qəsəbəsində heç zaman qeydiyyatda olmayan Məmmədov Adil Kamran oğlunun adına verilmişdir. Texniki səhv olaraq və ya saxtakarlıqla verilməsi ona məlum deyildir. O, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun tarixli, 52 saylı qərarının JN-610A KOD 50400018 saylı şəhadətnaməyə münasibətdə qismən ləğv olunması barədə varis olaraq Şəmkir Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmiş və ona həmin orqandan rəsmi imtina məktubu ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin, qeyd olunan torpaq sahəsi uzun illərdir ki, onun istifadəsindədir, torpaq sahəsində ağaclar əkmiş və tikililər tikdirmişdir. İddiaçı Ələkbərov Adil Vəli oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi İsmayılov Ruslan Akif oğlu məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının qərarlarının ləğv olunması Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir. Üçüncü şəxs Məmmədov Adil Kamran oğlunun etibarnamə üzrə nümayəndəsi Məmmədov Asif Kamran oğlu məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatından bildirmişdir ki, qardaşıma, yəni üçüncü şəxsə məxsus torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin bir-birinə heç bir aidiyyəti yoxdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 52 nömrəli qərarının mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, xx xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunlarla (Azərbaycan SSR Mülki Məcəlləsi və Azərbaycan Respublikasının MPM-nin 298-ci maddəsi) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Adıçəkilən Qanunun 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı sözügedən qərarı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 3cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinin tələblərinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli, 52 nömrəli qərarından şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizənin xx.xx.2020ci il tarixədək təqdim edilməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən məhkəmənin sərəncamına əməl edilməmişdir. Bundan başqa, “Dövlət Aqrar İslahat Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1995-ci il tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il tarixli, 206 nömrəli Fərmanı ilə qüvvədən düşmüş hesab edilmişdir. Aqrar İslahat Komissiyasının hüquqi varisi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi və Şəmkir Rayon İcra Hakimiyyəti hazırkı iş üzrə yerli aqrar islahat komissiyasının hüquqi varisi hesab edilə bilməz. Həmçinin iddiaçının nəzərinə çatdırılır ki, iddia ərizəsində qeyd olunmuş cavabdehlər Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırkı mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ələkbərov Adil Vəli oğlunun cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Məmmədov Adil Kamran oğlu) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Ələkbərov Adil Vəli oğlunun cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Məmmədov Adil Kamran oğlu) qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar