Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-917/2022 20.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N32 nömrəli vəsiqədən məlum olur ki, İddiaçı 14 fevral 1998-ci il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 07 yanvar 2022-ci il tarixli imtina məktubu ilə İddiaçı müharibə veteranı adı və vəsiqəsi verildiyi gündən əvvəllki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmiş və ona hüquq yarandığı tarixdən müavinət ödənilməli olması qeyd edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial müavinətin təyin edildiyi vaxtdan əvvəlki 3 il üçün ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həqiqi hərbi xidmətdə olmuşdur. Həmin hərbi xidməti başa vurduqdan sonra 1992-1996-cı illərdə erməni qəsbkarları Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa cəhd edən zaman Azərbaycan Respublikasının ərazi bütövlüyüuğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə hərbi hissədən tərxis olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda torpaqların müdafiəsi üzrə gedən döyüş əməliyyatlarında ön cəbhələrdə erməni qəsbkarlarına qarşı şücaətlə döyüşmüş, döyüş tapşırıqlarını layiqincə yerinə yetirmiş, vətənə və xalqına layiqli əsgər olmuşdur. Ona görə də ona Müdafiə Nazirliyi tərəfindən müharivə veteran adı və vəsiqəsi verilmiş, bu barədə 14 fevral 1998-ci il tarixli, N32 nömrəli vəsiqə ilə təmin olunmuşdur. Bundan sonra hər ay ona müavinət verilmiş, lakin müharibə veteranlarına müavinətin müharibə veteran vəsiqəsinin verildiyi vaxtdan əvvəlki üç il üzrə ödənilməsi qanunla nəzərdə tutulmuş müavinət ödənilməmişdir. Bu barədə cavabdeh təşkilata rəsmi müraciət etmiş, lakin tələbi cavabdeh təşkilat tərəfindən təmin olunmamışdır. Ona görə də hal-hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş müavinət artıq sosial statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina qanunauyğun olmuşdur. İddiaçıya işin faktiki hallarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.1998-ci il tarixli, N32 nömrəli müharibə veteran vəsiqəsi verilmiş, daha sonra Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2019cu il tarixdən müddətsiz aylıq 80 (səksən) manat məbləğində (müharibə veteranlarına) təqaüd təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, iddiaçıya aid N32 nömrəli, xx.xx.1998-ci il tarixli “müharibə veteranı” vəsiqəsinin təsdiqlənmiş surəti, xx.xx.2008-ci il tarixli, ZE ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli imtina məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı xx.xx.2019-cu ildən sosial müavinətin əvəzi kimi ödənilən Prezident təqaüdü almasına istinad edərək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək ona ödənilməyən sosial müavinətin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, N32 nömrəli vəsiqədən məlum olur ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. 11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda müavinətin ödənilməsi dayandırılır. "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarının 1.1. maddəsində qeyd edilir ki, bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. 1.3. maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. 1.4. maddəsinə əsasən birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Məhkəmə iddiaçının hazırda Prezident təqaüdü alması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında ayrı-ayrı vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdləri hüququn yarandığı tarixdən təyin olunaraq ödənilir və təqaüdün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri, fəxri adlara görə aylıq təqaüdlər, Azərbaycan Respublikası Milli Qəhrəmanlarına və onların ailə üzvlərinə verilən Prezident təqaüdü, 20 Yanvar şəhidinin ailə üzvlərinə Prezident təqaüdü, şəhid ailə üzvlərinə Prezident təqaüdü, müharibə əlillərinə Prezident təqaüdü, 20 Yanvar əlillərinə Prezident təqaüdü, X4 əlillərinə Prezident təqaüdü kimi növləri vardır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanının 1, 2 və 5-ci hissələrinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuş, Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X4 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilməsi və Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilməsi qərara alınmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə sosial müavinət Prezident təqaüdü ilə əvəz edildiyindən və prezident təqaüdünün ödənilməsi əmək pensiyası hüququnun olması ilə məhdudlaşdırılmadığından iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Lakin o da qeyd edilməlidir ki, Prezident təqaüdünün əvvəlki illər üçün ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün isə əvvəlki illər üçün ödənilməsi nəzərda tutulmadığından cavabdeh inzibati orqanın imtinası qanunamüvafiq hesab edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-917/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-917/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver