Məhkəmə qərarları › İş №2-1(114)-920/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-920/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-920/2020 21.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı İsbəndiyar oğlunun iştirakı ilə, İddiaçı İsbəndiyar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsi) qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İsbəndiyar oğlunun cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 1969-cu ildən 1975-ci il ilədək təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 2016-cı ildən yaşa görə pensiya təyin olunmuşdur. Pensiya təyin olunarkən 1969-1975-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil aldığı illər sığorta sıtajına daxil edilməmişdir. Cavabdeh DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə qeyd olunan təhsil müddətinin sığorta stajına daxil edilməsi barədə ərizə ilə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı İsbəndiyar oğlu məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına hesablanması nəzərdə tutulmadığına görə İddiaçı İsbəndiyar oğlunun pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. -İddiaçı İsbəndiyar oğluna məxsus Ю 288377 nömrəli, xx.xx.1975-ci il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1969-cu il tarixdən 1975-ci il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunda təhsil almışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, İddiaçı İsbəndiyar oğluna məxsus Ю 288377 nömrəli, xx.xx.1975-ci il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, sonuncu 1969-cu il tarixdən 1975-ci il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunda təhsil almışdır. Məhkəmə qeyd olunan diplomu mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1969-cu il tarixdən 1975-ci il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunda təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Təqdim edilmiş sənədlərdən və araşdırmanın nəticəsindən görünür ki, iddiaçıya əmək pensiyası təyin edilmişdir və cavabdehin imtina məktubundan da görünür ki, “Əmək pensiyaları haqqında” qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına hesablanması nəzərdə tutulmadığına görə həmin müddət iddiaçının sosial sığorta stajına hesablanmamışdır. Belə olan halda iddiaçının təhsil illərinin sosial sığorta stajına hesablanmaması onun aldığı pensiya məbləğinə təsir edən haldır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı müddəti sosial sığorta stajına daxil edilməsindəki marağı onun pensiyasının yenidən hesablanması təşkil edir. Bunu cavabdeh orqanın müvafiq imtina məktubu da təsdiq edir. Odur ki məhkəmə iddiaçının təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi ilə yanaşı onun pensiyasının yenidən hesablanması öhdəliyinin də cavabdehin üzərinə qoyulmasını zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Buna görə də hazırki mübahisə üzrə pensiyanın yenidən hesablanması iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən həll edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İsbəndiyar oğluna məxsus Ю 288377 nömrəli, xx.xx.1975-ci il tarixli diplomla sonuncunun 1969-cu il tarixdən 1975-ci il tarixədək təhsil aldığı müddətin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi və bu əsasla pensiyanın yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar