Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-920/2025 07.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1970-ci il tarixdə Ağdam rayonun Başgüney kəndində anadan olmuş, hazırda Ağdam rayonu, Başgüney kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. İddiaçıya xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 1083 nömrəli qərarı ilə iddiaçı şəhadətləndirilmiş və iddiaçının aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin edilmişdir. Dövlət Tibbi Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə” barədə qərar qəbul edilmişdir. İddiaçının və digər 37 nəfər şəxsin əlilliyin qiymətləndirilməsi barədə şikayətinə xx.xx.2022-ci il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasında baxılmışdır. Cavabdehin 12 oktyabr 2022-ci il tarixli, **********0 nömrəli qərarının 24-cü iddiaçıya aid olan hissədə Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qərar barədə xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus ***-***-**-** mobil nömrəsinə SMS göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-4/2-N- 12523/2024 nömrəli məktubunda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciətiniz əsasında Siz xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olmusunuz. Təqdim edilən tibbi sənədlər və sáğlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə poçta təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə məhkəmədə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, ədalətsiz olaraq əlillik dərəcəsinin ləğv edilməsindən sonra, dəfələrlə cavabdeh quruma və dövlət və hökumət nümayəndələrinə əlilliyinin bərpa edilməsinə köməklik etmələri üçün müraciətlər etmişdir. Həmin ərizələr baxılması üçün Dövlət Tibbi sosial Ekpertiza və Reabiltasiya Agentliyinə göndərilmişdir. Agentlik hər dəfə bildirmişdir ki, gözləyin sizin növbə çatanda çağıracağıq və yaxud yazılı məlumat verəcəyik. Hər dəfə iddiaçıya yalan vədlər verməklərindən başa düşdü ki, Agentlik sadəcə vaxt uzadır. Ona görə də, israrla həm yazılı şəkildə, həm də qaynar xəttə zəng edərək bildirdi ki, ona imtina məktubu verin ki, iddiaçı məhkəməyə müraciət edə bilsin. Agentliyin 03 may 2024-cü il tarixli,3-17-4/2-N- 12523/2024 saylı məktubu 24 may 2024-cü il tarixində iddiaçıya çatmışdır. Məhkəməyə göndərdiyi iddia məktubu xx.xx.2024-cü il tarixində Gəncə inzibati Məhkəməsinə daxil olmuşdur. Belə olduğu halda iddia müddəti keçmiş hesab olunurmu? İddiaçının tələbi iddia ərizəsində göstərdiyi kimi, əsassız olaraq ləğv edilmiş əlilliyinin bərpa edilməsidir. Əlilik qrupunun hansı tarixdən bərpa edilməsinin mümkünlüyünü hakimin ədalətinə həvalə edir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-4/2-4058/2025 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı Tərtər Rayon Mərkəzi Xəstəxanasının 0319003AAJ2L nömrəli göndərişi və müraciəti əsasında sonuncu dəfə xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. İş materialları müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Tərtər rayon Mərkəzi Xəstəxananın xx.xx.2022-ci il tarixli, 0319003AAJ2L nömrəli göndərişi əsasında sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və xx.xx.2022 tarixli göndəriş əsasında diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Daha sonra, əlavə əyani müayinənin araşdırılması aparılaraq Tibbi-Sosial Ekspert Komissiyasının 12 oktyabr 2022-ci il tarixli, **********0 nömrəli qərarı qəbul edilmişdir. Lakin, iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində nə inzibati orqanın əlilliyin qiymətləndirilməsinə dair qərarını, nə də əyani müayinəsi barədə Komissiyanın qərarını mübahisələndirmişdir. İddiaçı barəsində tibbi göndərişin üzərindən 3 ilə yaxın müddət keçdikdən sonra hazırkı halda qiymətləndirilməsi də mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi tələb olunur. Göründüyü kimi, iddiaçı uzun müddət keçəndən sonra məhkəməyə müraciət (iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir) etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. Məhkəmə tərəfindən ərizəçiyə göndərilmiş xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktublarında İPM-in 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizəni təqdim olunması təklif edilmişdir. Məhkəmənin məktubları xx.xx.2025-ci il tarixdə ərizəçiyə çatdırılmış, həmin nöqsan aradan qaldırılmamışdır. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə iddiaçının ərizəsində göstərdiyi arqumentlərlə bağlı qeyd edir ki, iddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olduqda isə bu hal üzürlü səbəb hesab edilə bilməz. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəf məhkəməyə həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, iddiaçı onun barəsində əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin mövcudluğunu ehtimal etdiyi halda, bu barədə “Forma- 88” tibbi göndərişin rəsmiləşdirilməsi və həmin tibbi göndərişin cavabdeh inzibati orqana göndərilməsi məqəsədilə müvafiq tibb müəssisəsinə müraciət etmək, habelə əlilliyinin həmin tibbi göndəriş əsasında yenidən qiymətləndirilməsi zamanı onun müraciətindən imtina olunduğu halda, cavabdeh inzibati orqana qarşı qanunla müəyyən edilmiş qaydada və şərtlərdə (30 gün müddətində) yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-920/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-920/2025
07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver