Məhkəmə qərarları › İş №2-1(114)-921/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-921/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-921/2023 09.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun işləmədiyi 31 ay əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildən Gəncə şəhəri Nizami rayon Polis İdarəsində polis nəfəri kimi çalışmış, 2010-cu ildə daxili işlər orqanlarından xaric olunmuşdur. 2013-cü ildə iddiaçı daxili işlər orqanlarına bərpa olunması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin müvafiq qətnaməsinə əsasən o, daxili işlər orqanlarına bərpa olunmuşdur. Lakin 31 ay onun iş stajına yazılsa da, iddiaçı həmin ayların pulunu almamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin vəkili X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 2013-cü ildə məhkəmədən yalnız işə bərpa olunmasını tələb etmişdir, əmək haqqını tələb etməmişdir. Ona görə də, Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən müddəti ötürdüyünə görə iddia rədd olunmalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə Şəhər Polis İdarəsinin xx.xx.2010-cu il tarixli 155 ş/h nömrəli əmrindən görünür ki, İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(044)-1197/2013 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2010-cu il tarixli 406 nömrəli əmrinin İddiaçı aid hissəsi və xx.xx.2010-cu il tarixli 155 ş/h nömrəli əmrin ləğv edilməsi və İddiaçı Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin polis nəfəri vəzifəsinə bərpa edilməsi qət edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2013-cü il tarixli 211ş/h nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin polis nəfəri vəzifəsinə təyin olunmaqla onun “polis serjantı” xüsusi rütbəsi bərpa edilməsi və əmək stajı DİO-ya qəbul olunduğu tarixdən hesablanması əmr edilmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 027-4804B-3222 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(044)-1197/2013 nömrəli qətnaməsində işləmədiyi dövr üzrə əmək haqqının ödənilməsi ilə bağlı müddəa olmadığından İddiaçı həmin ödənişin verilməsi mümkün deyildir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı Gəncə Şəhər Polis İdarəsinin xx.xx.2010-cu il tarixli 155 ş/h nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, sonradan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(044)-1197/2013 nömrəli qətnaməsinə əsasən Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2013-cü il tarixli 211ş/h nömrəli əmri ilə xx.xx.2013-cü il tarixdən Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin polis nəfəri vəzifəsinə təyin olunmaqla onun “polis serjantı” xüsusi rütbəsi bərpa edilmiş və əmək stajı DİO-ya qəbul olunduğu tarixdən hesablanmışdır. Lakin məcburi işburaxma müddəti üçün əmək haqqı ona ödənilməmişdir. İddiaçı hazırki tələblə məcburi işburaxma müddəti üçün əmək haqqını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:- -5.2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. -74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. -300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Bundan əlavə, qeyd edilməlidir ki, polisdə və müvafiq icra hakimiyyəti orqanı sisteminə daxil olan digər orqan və hissələrdə (bundan sonra daxili işlər orqanları) xidmət keçmənin qaydalarını və şərtlərini, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 154-cü bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş əsaslar olmadan xidmət keçmə yerləri dəyişdirilən, aşağı vəzifələrə keçirilən, daxili işlər orqanlarından xaric olunan əməkdaşlara bu orqana bərpa edildikdən sonra işləmədikləri müddətə görə pul müavinəti verilir. Xaric edildikdən sonra xidmətə bərpa olunanadək müəssisə, idarə və təşkilatlarda işləmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş şəxslərə isə, daxili işlər orqanlarında axırıncı vəzifədə aldığı pul təminatı ilə xidmətdə məcburi fasilə zamanı qazandığı faktiki gəlir arasındakı fərq ödənilir və təqsirkar şəxslər maddi və intizam məsuliyyəti daşıyırlar. Qeyd edilməlidir ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. İşəgötürənin təqsiri ucbatından məcburi işburaxma baş verdikdə isə işəgötürən itirilmiş əməkhaqqını tam ödəməlidir. Yuxarıda istinad olunan normaların tələblərindən də göründüyü kimi, daxili işlər orqanlarından xaric olunan əməkdaşlara bu orqana bərpa edildikdən sonra işləmədikləri müddətə görə əmək haqqı ödənilməsi müvafiq qanunvericiliyin tələbidir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı daxili işlər orqanlarından xaric olunduqdan sonra bu orqana bərpa edildikdə əvvəlki vəzifəsinə təyin olunmaqla onun “polis serjantı” xüsusi rütbəsi bərpa edilmiş və əmək stajı DİO-ya qəbul olunduğu tarixdən hesablanmış, lakin xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ona ödənilməmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2010-cu il tarixdən xx.xx.2013cü il tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar