Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-922/2023 25.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, X2, X1 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı2, İddiaçı3, X2, X1, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 7.55 ha həyətyanı torpaq sahəsinə “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar 16 iyun 1989-cu ildə uzun zaman yaşadığı Özbəkistan Respublikasından Azərbaycana gəlmişlər. Azərbaycana gəldikləri zaman ünvan 1i adlanan ərazidə məskunlaşmışlar. 1996-cı ildə həmin kənddə islahat gedərkən onlara pay torpaq sahəsi verilmişdir. Ailə üzvləri çox olduğundan onlara islahat zamanı 7.55 ha pay torpaq sahəsi verildi. Lakin torpaq sahəsi verilsə də onlara torpaq sahəsi üçün verilən Dövlət aktı verilməmişdir. İddiaçılar 1996-cı ildən onlara verilmiş 7.55 ha pay torpaq sahəsini yararlı hala salaraq istifadə edirlər. Hazırda 7.55 ha torpaq sahəsi üçün Dövlət aktı almaq istəyir. Bununla bağlı cavabdeh orqana müraciət etsələr də, sonuncu bundan imtina etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən 7.55 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dəyişdirilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçılar tərəfindən 7.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara verilməsi barədə X7 komissiyasının qərarı, torpaq sahəsinin yerquruluşu planı təqdim olunsa da, torpaq sahəsinin onlara verilməsi Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq olunmamışdır. Eyni zamanda Ərazi İdarəsinin elektron baza məlumatlarında və arxiv sənədlərində 7.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Bərdə rayonu Qaratəpə kənd sakinlərinin torpaq payı almaq hüququ olan subyektlər siyahısında da adları aşkar edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş X5 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 nömrəli iclas protokolunun qərar hissəsindən çıxarışdan görünür ki, İddiaçı2 155 nömrəli konturdan pay torpağına uyğun olaraq 7.55 ha torpaq payının verilməsi qərar alınmışdır. -surəti işə əlavə edilmiş Qaratəpə bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, Qaratəpə bələdiyyəsi İddiaçı2 və ailə üzvlərinə “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının verilməsinə etiraz etmir və yerli islahat komissiyası tərəfindən ayrılmış 7,55 ha torpaq sahəsinin 115 saylı konturdan verilməsini məqsədəmüvafiq hesab edir. -işə əlavə edilmiş Qaratəpə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, həqiqətən Qaratəpə X7 komissiyasının qərarı ilə İddiaçı2 və ailə üzvlərinə 7,55 ha torpaq sahəsi verilmişdir, lakin həmin pay torpaq sahəsi üçün “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilməmişdir, hazırda həmin şəxslər İslahat Komissiyasının qərarında qeyd olunan torpaq sahəsindən istifadə edirlər, bələdiyyə həmin şəxslərin mülkiyyət hüquqlarının tanınmasına etiraz etmir. -işə əlavə edilmiş DT və XK-nin Bərdə rayon şöbəsinin müvafiq rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi İddiaçı2 istifadəsində olan 7.55 ha pay torpağına mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanmasına etiraz etməmişdir. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli imtina aktından görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-715/2023 nömrəli məktubunda bildirilir ki, Bərdə rayonu, Qaratəpə kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı2, İddiaçı3, X2, X1 və İddiaçı1 adları aşkar edilməmişdir. -işə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubunda bildirilir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Bərdə rayonu, Qaratəpə kəndi üzrə X7 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 saylı Qərarı aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar X5 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 nömrəli iclas protokoluna əsasən onlara 7,55 ha torpaq sahəsi verildiyini, lakin həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının verilmədiyini bildirmiş, bu əsasla da həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarını təsdiq edən sənədin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan məhkəmə tərəfindən verilmiş sorğuya cavablardan görünür ki, iddiaçıarın istinad etdiyi Bərdə rayonu, Qaratəpə kəndi üzrə X7 Komissiyasının xx.xx.1999-cu il tarixli, 6 saylı Qərarı müvafiq arxivdə mövcud deyil. Bu səbəbdən də məhkəmə həmin sənədi mötəbər sübut kimi qəbul etmir. Məhkəmə bu qənaətini həm də onunla əsaslandırır ki, Bərdə rayonu, Qaratəpə kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı2, İddiaçı3, X2, X1 və İddiaçı1 adları aşkar edilməmişdir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı2, İddiaçı3, X2, X1 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-922/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-922/2023
25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver