Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-923/2023 29.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin koordinatlarının faktiki istifadə uyğunlaşdırılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu, Ağamalıoğlu kəndində yerləşən 2098,56 kv.m həyətyanı torpaq sahəsi barədə olan X5 kitabında 27 iyun 2009-cu il tarixdə 1654 nömrə ilə uçota alınmış AN 150223 saylı torpaq sahəsinin planı və ölçüsünə dair verilmiş kadastr sənədlərinin ləğv edilməsi, həmin torpaq sahəsinin kontur, koordinat və parametrlərin yerində ölçülüb müəyyən edilməsi və çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayonunda aqrar islahat aparılarkən, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli 40 saylı qərarı ilə 2098.56 kv.m fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi onun şəxsi mülkiyyətinə verilmişdir. Bu barədə olan X5 kitabında 27 iyun 2009-cu il tarixdə 1654 nömrə ilə uçota alınmış A №150223 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Kadastr sənədində göstərilib ki, onun şəxsi mülkiyyətinə 2098.56 kv.m.fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. Lakin, onun xüsusi mülkiyyətində olan həmin həyətyanı torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestiri xidmətində qeydiyyata alınarkən məlum oldu ki, həmin torpaq sahəsinin cizgiləri faktiki istifadə etdiyi torpaq sahəsinin cizgilərinə uyğun deyildir. Yəni, sənəd üzrə ona məxsus torpaq sahəsi ona qonşu olan X2 həyətyanı torpaq sahəsinə aid işlənmişdir. Belə ki, torpaq sahəsinin planı və sərhəd ölçüləri (yerləşdiyi kontur, parametr və koordinatlar) Kadastr planında göstərilən koordinanları ilə üst-üstə düşmür, yəni düzgün göstərilməmişdir. Həmin sənədin düzgün işlənməməsi ona böyük problemlər yaradır. Bu səbəbdən də DƏDRX-nin Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin texniki səhvin düzəldilməsinə köməklik etmələrini xahiş etsə də, bu xahişi müsbət həll edilməmişdir. İddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 nömrəli qərarı ilə verilmiş 2098,56 kv.m torpaq sahəsinin kordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2- 201/2023 nömrəli etirazda bildirilmişdir ki, 2098.56 kv.m həyətyanı torpaq sahəsinin AN- 150223 nömrəli plan və ölçü sənədi əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, plan və ölçü sənədi üzrə iddiaçıya məxsus olan 2098.56 kv.m həyətyanı torpaq sahəsinin cizgiləri faktiki istifadə etdiyi torpaq sahəsinin cizgilərinə uyğun deyildir. Sənəd üzrə iddiaçıya məxsus torpaq sahəsinin ərizədə qeyd etdiyi qonşusu X2 həyətinə aid torpaq sahəsinin hansı səbəbdən səhvən iddiaçının adına işlənməsi ona məlum dəyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2009-cu il tarixli, 1654 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, bu sənəd Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli 40 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmiş 2098.56 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********16 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli 40 saylı qərarı ilə İddiaçı 2098.56 kv.m həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ilə bağlı xx.xx.2009-cu il tarixli, 1654 nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh təqdim edilmiş Torpaq sahəsinin plan və ölçü sənədi üzrə iddiaçıya məxsus olan 2098.56 kv.m həyətyanı torpaq sahəsinin cizgilərinin iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin cizgilərinə uyğun gəlmədiyini, sözügedən plan və ölçü sənədində göstərilən torpaq sahəsinin X2 həyətinə aid torpaq sahəsinə düşdüyünü bildirərərk onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, X5, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlətnəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. -1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. -3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “X5, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsinin sərhədlərinin, yerləşmə yerinin naturada müəyyən edilməsi tələbi üzrə aşkar hərəkətsizliyi mövcuddur və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 nömrəli qərarı ilə iddiaçıya verilmiş 2098,56 kv.m torpaq sahəsinin kordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 nömrəli qərarı ilə iddiaçıya verilmiş 2098,56 kv.m torpaq sahəsinin kordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-923/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-923/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver