Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-924/2022 08.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon Əmirli bələdiyyəsinə qarşı pay torpağının verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon Əmirli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 07.02.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Aqrar islahat zamanı pay torpağı verilmədiyinə görə Bərdə rayon Əmirli bələdiyyəsinin ehtiyat fond topağından pay torpağının verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, mövcud məhkəmə təcrübəsində X1 hüquqi varisi kimi komissiyanın fəaliyyət göstərdiyi rayon üzrə İcra Hakimiyyəti çıxış edir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrinin həmin komissiyaların qüsurlarını aradan qaldırmaq, eyni zamanda bələdiyyə fonduna aid torpaq sahəsini vətəndaşlara vermək səlahiyyəti yoxdur. Digər tərəfdən həmçinin nəzərə alınmalıdır ki, yerli icra hakimiyyəti orqanlarının da bələdiyyə fonduna aid torpaq sahəsini vətəndaşlara vermək səlahiyyəti yoxdur. Bundan başqa, iddia ərizəsində qeyd olunmuş cavabdehlər AR İPM-nin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Qeyd olunanlara əsasən iddiaçıya izah olunur ki, tələbin hansı cavabdehə qarşı yönəlməli olduğunu dəqiqləşdirib hazırki tələblə həmin quruma müraciət etməli, müsbət cavab ala bilmədikdə həmin orqanı cavabdeh qismində cəlb etməklə iddia ərizəsi tərtib edərək məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon Əmirli bələdiyyəsinə qarşı pay torpağının verilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-924/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-924/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver