Məhkəmə qərarları › İş №2-1(114)-924/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-924/2023

08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-924/2023 08.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqin şəxsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının ona aid hissədə ləğv edilməsi və əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1971-ci il tarixdə Qazax rayonun Göycəli kəndində anadan olmuş, hazırda Ağstafa rayonu, Göycəli kəndində qeydiyyatda olmaqla yaşayır. Ağstafa Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 375 nömrəli tibbi arayışına əsasən iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Ağstafa RMX-nın cərrahiyə şöbəsində “Sol baldırın orta 1/3 hissəsinin kor güllə yarası, qamış sümüyünün zədələnməsi ilə. Sol qamış sümüyünün daxilində yad cisim (güllə)” diaqnozu ilə müalicə almışdır. İddiaçıya xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyətinin Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 66 nömrəli qərarına əsasən 2021-ci il Qazax RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Ağstafa Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: "Sol baldırın orta 1/3nin kor güllə yarası, qamış sümüyünün zədələnməsi ilə. Sol qamış sümüyündə yad cisim (güllə)" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1350 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 800 nömrəli arayışı, Ağstafa Rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 09 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". xx.xx.2022-ci il tarixdə keçirilmiş müayinə zamanı “Əlavə müalicəyə ehtiyacın olması – Əlavə müalicə-ixtisaslaşmış bərpa müalicəsi davam etsin” səbəbi ilə səbəbi iddiaçıya əlillik təyin olunmasından imtina edilmişdir. Ambulator kitabçadan çıxarışın surətindən görünür ki, iddiaçı xx.xx.2022-xx.xx.2022ci il tarixlərdə müalicədə olmuş və “odlu silah yaralanmasından sol baldırın orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, postravmatik kobud çapıq. Sol qamış sümüyünün orta 1/3-nin bitişmiş sınağı. Baldır əzələlərinin atrofiyası. Daimi ağrı sindromu, axsama, yeriş pozğunluğu” diaqnozu qoyulmuşdur. 0236003AALQV nömrəli Forma 88 əsasında iddiaçıya diaqnoz qoyulmuşdur: a)Əsas diaqnoz: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması (1992), sol baldırın orta V3-nin güllə yaralanmasından sonrakı vəziyyət, posttravmatik kobud çapıq, sol qamış sümüyünün orta V3-nin bitişmiş sınığı, baldır əzələlərinin atrofiyası, daimi ağrı sindromu, axsama və yerişin pozulması, xx.xx.2022 (XTN=**********) AETTOİ-da. b)Ağırlaşma: S82-baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sol qamış sümüyünün orta 1s-nin bitişmiş sınığı, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, baldır əzələlərinin atrofiyası, R26.2-başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, nəzərəçarpan yeriş pozulması, L91.0- hiperrofik çapıq, posttravmatik kobud çapıq, R52.1-müalicəyə tabe olmayan daimi ağrı, daimi ağrı sindromu. xx.xx.2022-ci il tarixdəki qiymətləndirmə zamanı 0236003AALQV nömrəli Forma 88də qeyd olunan diaqnozlar əsasında “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyini üçün əsas vermir” səbəbi iddiaçıya əlillik təyin olunmasından imtina edilmişdir. Cavabdeh tərəfindən daha sonra bu barədə xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərar qəbul edilmişdir (23-cü hissə). İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqin şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin üzərinə əlillik dərəcəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının ona aid hissədə ləğv edilməsi və əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax RHK tərəfindən çağrılaraq xx.xx.1992-ci il tarixdən Birinci Müharibəsində hərbi döyüş əməliyyatlarında xidmətə başlamış, döyüşlərdə etmişdir. xx.xx.1992-ci il tarixdə isə ayağının orta baldır sümüklərinin açıq baldır oynağı hərbi əməliyyatlar zamanı odlu silahdan zədələnməsi nəticəsində ağır xəsarət almış, Ağstafa rayon Mərkəzi Xəstəxanasında xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək müalicə kursları keçmişdir. Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli qərarında iddiaçının aldığı xəsarət "Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır" kimi göstərilmişdir. Uzun illərdir ki, mütəmadi olaraq müalicə kursları keçmiş, artıq ağrıları artıb, yeriyə, sərbəst hərəkət edə bilmir, ayağının (baldırın) zədə alan nahiyəsində şiş əmələ gəlib ki, bu isə ağrılarını artırmışdır. Döyüşlərdə iştirakının sübutu kimi ona müharibə veteranı statusu verilmişdir. Aldığı travma ilə əlilliyinin müəyyən edilməsi təsdiqedici sənədlər də sübut edir ki, onun əlilliyinin təyin olunması üçün əsaslar vardır. Cavabdehə xx.xx.2022-ci il tarixdə əlilliyin təyin edilməsi müraciətinə onun tərəfindən əsassız olaraq imtina verilmişdir. Cavabdehə təqdim olunan tibbi sənədlər əsaslı və faktlara uyğun olmasına baxmayaraq onun qanunsuz imtinasını məhkəmədə mübahisələndirilməsi məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, yaralanmışdır. Hazırda əlilliyinin bərpa olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, iddiaçı uzun müddətdir stasionar və ambulator müalicələr almışdır. Səhhətində heç bir irəliləyiş yoxdur. Hazırkı iş üzrə keçirilən ekspert rəyi anlaşılıqlı deyildir, ona görə rəylə razı deyildir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0236003AAKTX saylı göndərişi əsasında baxılmış və "X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq- baldır oynağı da daxil olm…, Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması.(1992)Sol baldırın orta 3/1-nin güllə yaralnmasından sonrakı vəziyyət,postravmatik kobud çapıq.Sol qamış sümüyünün orta 3/1-nin bitişmiş sınığı.Baldır əzələlərinin atrofiyası. Daimi ağrı sindromu, axsama və yerişin pozulması. xx.xx.2022 (XTN=**********) AETTOl-da Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sol qamış sümüyünün orta 3/1-nin bitişmiş sınığı. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Baldır əzələlərinin atrofiyası Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Nəzərə çarpan yeriş pozulması. Müalicəyə tabe olmayan daimi ağrı, Daimi ağrı sindromu Hipertrofik çapıq, Postravmatik kobud çapıq., Məzkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış bərpa müalicəsi davam etsin" səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2022-ci il tarixli 0236003AALQV saylı göndərişi əsasında baxılmış və xx.xx.2022-ci il tarixli müayinə aktı ilə əyani müayinəsi həyata keçirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə Qərar qəbul edilmişdir. Onun əsasında Əlillik atsisteminə "X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu … Diaqnozun zədələnmələr, Odlu silah yaralanması.(1992). Sol baldırın orta 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət. Sol qamış sümüyünün orta 1/3-nin bitişmiş sınığı., Məzkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir." səbəbi ilə məlumatları işlənmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən elilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh etirazda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli nömrəli əlverişsiz inzibati aktın ləğvi məqsədini güdür. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, nə həmin qərar, nə də qərarın rekvizitlərinin əks olunduğu məktub iddiaçıya göndərilməmiş, yalnız əlilliyin təyin edilməməsi barədə məlumat xx.xx.2022-ci il tarixdə, saat 16:32:33-də Sistemə daxil edilmişdir. xx.xx.2022-ci il tarixli iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 66 nömrəli qərarı ilə iddiaçının "Sol baldırın orta 1/3-nin kor güllə yarası, qamış sümüyünün zədələnməsi ilə. Sol qamış sümüyündə yad cisim (güllə)" diaqnozu "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR qərara alınmışdır. Bundan sonra iddiaçı ona müvafiq əlillik dərəcəsinin təyini üçün cavabdeh orqana müraciət etmişdir. İddiaçının qiymətləndirməsi zamanı belə qərara gəlinmişdir ki, Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşması əlilliyin təyini üçün əsas vermir. Hazırda iddiaçı cavabdehin qərarını əsassız hesab edərək ona əlillik təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.5-ci bəndində əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; ..... 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndində qeyd olunur ki, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda təqdim etdiyi sənədlərdəki xəstəliklər ona əlilliyin təyini əsas deyildir. Belə ki, məhkəmə icraatı zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T358/2023 nömrəli ekspert rəyinə görə, təqdim edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən "hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, sol baldırın orta V3-nin güllə yaralanmasından sonrakı vəziyyət, posttravmatik kobud çapıq, sol qamış sümüyünün orta /3-nin bitişmiş sınığı" diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Aparılan müalicə tədbirləri qənaətbəxş olduğundan vəziyyəti stabilləşmiş və hal-hazırda əmək qabiliyyətinin itirilməsinə səbəb olmamışdır. 3. Vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar əlavə bərpaedici müalicəyə zərurət yarandığı təqdirdə cəlb edilə bilər. İşin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin qərarı əsaslı və qanuni olmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqin şəxsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının ona aid hissədə ləğv edilməsi və əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar