Məhkəmə qərarları › İş №2-1(114)-925/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-925/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-925/2025 20.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Səfərbərliklə N nömrəli hərbi hissəyə qəbul edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə səfərbərlikdən ehtiyata tərxis edilərək, xx.xx.2020-ci il tarixdən N nömrəl hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. O, xidmət dövrü ərzində baş leytenant rütbəsi ilə N nömrəli hərbi hissənin qan bankının rəisi vəzifəsində bütün təminatlarla təmin, həmçinin əmək haqqı, eyni zamanda xidmətdən sonra da xidmət haqqı almışdır. İddiaçı qeyd edir ki, xidmətdə olduğu N nömrəli hərbi hissə yerləşdiyi Şəmkir hərbi şəhərciyindən döyüş əmri alaraq, döyüş bölgəsinə ezam olunub və döyüş əməliyyatlarında iştirak etmişdir. O, qan bankının rəisi vəzifəsində hərbi hissələrə qan təminatı ilə məşğul olmuşdur. Məhz bu səbəblərdən də müharibə veteranı vəsiqəsi almaq üçün cavabdehə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia dəqiqləşdirmə ərizəsi təqdim edərək iddia tələbini dəyişdirdiyini bildirmiş və müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-4794/2024 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, iş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 642 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə SHXÇDX-nın Gəncə şəhəri Nizami rayon şöbəsindən hərbi xidmətə çağrılaraq N nömrəli hərbi hissədə qan bankının rəisi vəzifəsində təyin edilmiş xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. Həmçinin sözügedən məktubda, Vətən müaribəsi zamanı İddiaçı N nömrəli hərbi hissənin qan bank rəisi vəzifəsində xidmət etdiyi və həmin müddət ərzində döyüş əməliyyatları keçirilən ərazilərdə yerləşən hərbi hissələrin heç birində iştirak etməmiş və heç bir döyüş tapşırığını yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Gəncə şəhəri Sadıllı qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissənin bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə” veteranı adı vəsiqəsi verilir. 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş. 2) Əsasnamənin 1-ci hissəsinin nonuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi sayılmayan N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Gəncə şəhəri Sadıllı qəsəbəsində qan bankının rəisi vəzifəsində xidməti vəzifələrini icra ilə məşğul olmuşdur. Göründüyü kimi Gəncə şəhəri Sadıllı qəsəbəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Odur ki, yuxarıda qeyd edilınləri nəzərə alıb iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ZE №0010482 nömrəli hərbi biletin surəti; - iş materiallarına əlavə edilmiş N nömrəli Hərbi Hissə tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 358 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə səfərbərliklə N nömrəli hərbi hissəyə qəbul edilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli əmri ilə səfərbərlikdən ehtiyata tərxis edilərək, 30 dekabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, 2/2-6171 nömrəli imtina məktubundan görünür ki, N nömrəli hərbi hissə xx.xx.2024-cü il tarixli arayışına əsasən döyüş əməliyyatları aparıldığı dövrdə iddiaçının xidmət keçdiyi ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. - iş materiallarına əlavə edilmiş 203 nömrəli Hərbi Hissə tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 642 nömrəli sorğuya cavabdan görünür ki, ehtiyatda olan tibb xidməti baş leytenantı İddiaçı xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin qan bankının rəisi vəzifəsində xidmət etmiş və xx.xx.2020-ci il tarixdə səfərbərlikdən tərxis edilmişdir. Xidmət etdiyi müddət ərzində döyüş əməliyyatı keçirilən ərazilərdə yerləşən hərbi hissələrdən heç birində iştirak etmədiyi və heç bir döyüş tapşırığı yerinə yetirmədiyi üçün “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün sənədləri Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya təqdim etmək mümkün olmamışdır. - iş materiallarına əlavə edilmiş N nömrəli Hərbi Hissə tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 119 nömrəli sorğuya cavabdan görünür ki, ehtiyatda olan tibb xidməti baş leytenantı İddiaçı, xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin qan bankının rəisi vəzifəsində xidmət etmiş və xx.xx.2020-ci il tarixdə səfərbərlikdən tərxis edilmişdir. Gəncə şəhəri Sadıllı qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətdə olduğu müddətdə döyüş əməliyyatı keçirilən ərazilərdə yerləşən hərbi hissələrdən heç birində iştirak etmımiş və heş bir döyüş tapşırığını yerinə yetirməmişdir. - iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 276 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazrinin 15 sentyabr 2020-ci il tarixli 0085 nömrəli əmri və Müdafiə nazirinin birinci müvaini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 10 sentyabr 2020-ci il tarixli 026 nömrəli sərəncamına əsasən, hərbi təlim toplanışına çağırılmış İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən gəldiklərinə görə, 21 sentyabr 2020-ci il tarixdən hərbi hissəsinin dəyişən həyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. - iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 281 nömrəli əmrindən görünür ki, İddiaçı qan bankının rəisi vəzifəsinə təyin edilmişdir. - iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 293 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazrinin 15 sentyabr 2020-ci il tarixli 0085 nömrəli əmrinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən hərbi təlim toplanışına çağırılmış İddiaçı xx.xx.2020-ci il taixdən Azərbaycan ordusunda zabitlərin həqiqi hərbi ximətinə qəbul edilmiş və müvafiq vəzifələrə təyin olunmuşdur. - iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 966 nömrəli və xx.xx.2025-ci il tarixli, 94/93 nömrəli sorğulara cavabdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin qan bankının rəisi vəzifəsində xidmət etmiş və xx.xx.2020-ci il tarixdə səfərbərlikdən tərxis edilmişdir. İddiaçı N nömrəli hərbi hissənin qan bankının rəisi vəzifəsində xidmətdə olduğu müddətdə döyüş tapşırığı yerinə yetirən hərhansı bir hissəyə ezam olunmamış və hərbi hissənin qarşısına qoyulmuş heç bir döyüş tapşırığında iştirak etməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin xx.xx.2024-cü il tarixli, 2/2-6171 nömrəli məktubundan görünür ki, döyüş əməliyyatları aparıldığı dövrdə iddiaçının xidmət keçdiyi ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun döyüş əməliyyatları aparılan müddət ərzində onun xidmət keçdiyi ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının ərazi meyarlarına uyğun gəlməməsidir. Odur ki, məhkəmə inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olduğunu hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalananlardan aydın olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə SHXÇDXnın Gəncə şəhəri Nizami rayon şöbəsindən hərbi xidmətə çağrılaraq N nömrəli hərbi hissədə qan bankının rəisi vəzifəsində təyin edilmiş xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. Həmçinin Vətən müaribəsi zamanı iddiaçının N nömrəli hərbi hissənin qan bank rəisi vəzifəsində xidmət etdiyi və həmin müddət ərzində döyüş əməliyyatları keçirilən ərazilərdə yerləşən hərbi hissələrin heç birində iştirak etməmiş və heç bir döyüş tapşırığını yerinə yetirməmişdir. İddiaçı işğaldan azad olunmuş ərazi sayılmayan N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Gəncə şəhəri Sadıllı qəsəbəsində qan bankının rəisi vəzifəsində xidməti vəzifələrini icrası ilə məşğul olmuşdur. Göründüyü kimi Gəncə şəhəri Sadıllı qəsəbəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissə xidmət etməsini təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı AR Nazirlər Kabinetinə göndərilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar