Məhkəmə qərarları › İş №2-1(114)-926/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-926/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-926/2020 15.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Ağdam rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Ağdam rayon filialına qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranlarına təyin edilən sosial müavinətin ona 1994-cü ildən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-1994-cü illərdə Ağdam rayon Polis şöbəsinin polis alayının tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, atəşkəsdən sonra bir neçə dəfə müraciət edərək ona “müharibə veteranı” adının verilməsini tələb etsə də, həmin vaxtlar obyektiv səbəblərdən buna nail ola bilməmiş, bu ad ona yalnız 24 il sonra, yəni xx.xx.2018-ci il tarixdə verilmişdir. İddiaçı müharibə veteranlarına təyin edilən sosial müavinətin 1994-cü ildən hesablanaraq ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Ağdam rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə veteran vəsiqəsi verildiyi üçün müavinətin də həmin tarixdən təyin olunaraq ödənildiyi və əvvəlki dövr üçün sosial müavinətin ödənilməsinin qanunvericiliklə nəzərdə tutulmadığı bildirilmişdir. -032325 nömrəli xx.xx.2018-ci il tarixli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2018ci il tarixdən müharibə veteranı statusu verilmişdir. -Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-581/2020 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Ağdam rayon şöbəsinə qarşı “müharibə veteranlarına təyin edilən sosial müavinətin ona 2006-cı il tarixdən başlayaraq hesablanıb ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, işin faktiki hallarından müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2018-ci il tarixdən etibarən cavabdeh tərəfindən müavinətin ödənilməsi həyata keçirilir. Hazırkı iddia ilə iddiaçı müharibə veteranlarına təyin edilən sosial müavinətin 1994-cü ildən hesablanaraq ödənilməsini tələb etmişdir. Cavabdeh orqan isə iddiaçıya xx.xx.2018-ci il tarixdə veteran vəsiqəsi verildiyi üçün müavinətin də həmin tarixdən təyin olunaraq ödənildiyini qeyd edərək əvvəlki dövr üçün sosial müavinətin ödənilməsinin qanunvericiliklə nəzərdə tutulmadığına görə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyüuğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12 və 16-cı maddələrinin tələbləri baxımından həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Sosial müavinətlər haqqında” Qanunun: -1.0.1-ci maddəsinə görə, sosial müavinətlər– bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edirki, sosial müavinətin cavabdehin imtinasında göstərdiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda məcburi göstəriş nəzərdə tutulmamışdır. Qanunda müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılmasıvə saxlanılması» qaydalırının 1.3. maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasınınkeçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. İstinad olunan normalara əsasən qeyd edilməlidir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə veteran vəsiqəsini əldə etdiyindən onun xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ona ödənilməmiş müavinəti almaq hüququ yaranmış olur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “müharibə veteranlarına təyin edilən sosial müavinətin ona 2006-cı il tarixdən başlayaraq hesablanıb ödənilməsi” tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-581/2020 nömrəli qərarı ilə (hakim Aygül İsgəndərova) iddia qismən təmin edilərək xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi iddiaçının qərar qəbul edilmiş ilkin iddiası ilə hazırki iddiası arasında yeganə fərq müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanma tarixi ilə bağlı olmuşdur. Belə ki, ilkin iddiası üzrə tələb “müharibə veteranlarına təyin edilən sosial müavinətin ona 2006-cı il tarixdən başlayaraq hesablanıb ödənilməsi”ndən ibarət olmuşdursa, hazırki iddia ilə “həmin müavinətin 1994-cü ildən başlayaraq hesablanıb ödənilməsi” nəzərdə tutulmuşdur. Beləliklə yuxarıda istinad olunan qanunvericiliyin tələbləri baxımından qeyd edilməlidir ki, iddiaçının müharibə veteranları üçün nəzərdə tutulmuş müavinəti almaq hüququ xx.xx.2018-ci il tarixdə yarandığından, onun yalnız xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini tələb etmək hüququ olmuşdur və qeyd edilən hüququnun realizəsinə dair Gəncə İnzibati Məhkəməsinin qərarı mövcuddur, başqa sözlə müvafiq tələbə məhkəmə qaydasında artıq hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2 maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Ağdam rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar