Məhkəmə qərarları › İş №2-1(114)-926/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-926/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-926/2021 20.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi və vergi ödəyicisi statusunun əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə hazırlıq icraatı iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 08.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək,12 saylı Ərazi Vergilər Baş İdarəsinin “tələbin icraya yönəldilməsi haqqında” 25.02.2021-ci il tarixli qərarın və həmin qərarın aid olduğu 19.02.2020-ci il tarixli **********060600 nömrəli və 03.07.2020-ci il tarixli **********035900 nömrəli qərarlarının ləğv olunması və mükəlləfiyyətini qanuna uyğun əvvəlki “sadələşdirilmiş vergi ödəyicisi” vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12.04.2021-ci il tarixli sərəncamı ilə mübahisələndirilən qərarların 19.02.2020-ci il və 03.07.2020-ci il tarixlərdə qəbul edilməsinə baxmayaraq iddia ərizəsinin məhkəməyə göndərilməsi üçün poçt xidmətinə 05.04.2021-ci il tarixdə verildiyi, beləliklə də iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyü iddiaçının nəzərinə çatdırılmış və bu səbəbdən də prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, iddia tələbi üzrə iddia müddəti ötürülmədiyindən işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən 19.02.2020-ci il tarixli **********060600 nömrəli və 03.07.2020-ci il tarixli **********035900 nömrəli qərarlar iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş şəkildə verilməmiş, həmin qərarlar elektron kargüzarlıq qaydalarına əməl edilərək təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya göndərilən və hazırda mübahisələndirilən qərarların heç biri elektron imza ilə imzalanmamışdır. Cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, iddiaçı tərəfindən 19.02.2020-ci il tarixli **********060600 nömrəli və 03.07.2020-ci il tarixli **********035900 nömrəli qərarların ləğvi ilə bağlı iddianın qaldırılması üçün prosessual müddət ötürülmüşdür. Belə ki, 19.02.2020-ci il tarixli **********060600 nömrəli qərar 20.02.2020-ci il tarixdə saat 09:42-də göndərilmiş, iddiaçı tərəfindən 20.02.2020-ci il tarixdə saat 11:59-da qəbul edilmiş, 03.07.2020-ci il tarixli **********035900 nömrəli qərar 03.07.2020-ci il tarixdə saat 16:15-də göndərilmiş, iddiaçı tərəfindən 03.07.2020-ci il tarixdə saat 17:35-da qəbul edilmişdir. Həmçinin “tələbin icraya yönəldilməsi haqqında” 25.02.2021-ci il tarixli **********757900 nömrəli qərarın ləğv edilməsi ilə bağlı iddia tələbi iddianın xüsusi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, həmin qərar borclu şəxsin borcunun ödənilməsinə yönəlmiş icra hərəkətləri ilə bağlı olaraq qəbul edildiyindən mübahisələndirmə haqqında iddianın predmeti olan inzibati aktın elementlərini səciyyələdirmir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Qeyd edilməlidir ki, istinad olunan normaların tələbinə əsasən mübahisələndirilən qərarların təqdim olunma tarixi 22.02.2020-ci il və 06.07.2020-ci il hesab edilir. Bu baxımdan iddiaçının 22.03.2020-ci və 06.08.2020-ci il tarixədək müddətdə məhkəmədə iddia qaldırmaq hüququ və imkanı var idi. Buna baxmayaraq iddia ərizəsi 05.04.2021-ci il tarixdə məhkəməyə göndərilməsi üçün poçt xidmətinə verilmiş, bununla da iddia müddəti ötürülmüşdür. Həmçinin məhkəmə hesab edir ki, vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş hər hansı sənəd imzasız olsa da belə vergi ödəyicisi tərəfindən oxunduğu halda onun artıq bu sənəd barədə məlumatlı olmasını deməyə əsas verir. Həmçinin iddianın “tələbin icraya yönəldilməsi haqqında” 25.02.2021-ci il tarixli qərarın ləğv edilməsi” və “mükəlləfiyyətini qanuna uyğun əvvəlki “sadələşdirilmiş vergi ödəyicisi” vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin hallar birbaşa 19.02.2020-ci il tarixli **********060600 nömrəli və 03.07.2020-ci il tarixli **********035900 nömrəli qərarlar ilə əlaqəli olduğundan və həmin qərarlar qüvvədə olduğundan həmin qərarlar əsasında verilmiş “tələbin icraya yönəldilməsi haqqında” 12.03.2021-ci il tarixli qərarın ləğv edilməsi” və “mükəlləfiyyətini qanuna uyğun əvvəlki “sadələşdirilmiş vergi ödəyicisi” vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” məsələsinə mahiyyəti üzrə baxıla bilməz. Başqa sözlə, 25.02.2021-ci il tarixli qərar 19.02.2020-ci il tarixli **********060600 nömrəli və 03.07.2020-ci il tarixli **********035900 nömrəli qərarların icrası istiqamətində aparılmış məcburiyyət tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-cimaddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-cimaddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi və vergi ödəyicisi statusunun əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar