Məhkəmə qərarları › İş №2-1(114)-93/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-93/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-93/2021 29.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin 11.12.2019-cu il tarixli 3411 nömrəli arayışından və AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı həqiqətən 07.10.2009-cu ildən 01.04.2011-ci ilə qədər Azərbaycan Respublikası Silahı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 04.04.2011-ci ildə Ağdam rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. 2012-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının 19.04.2021-ci il tarixli 17/15-262 nömrəli məktubuna əlavə edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının 07.10.2009-cu il tarixli 220 nömrəli əmrilə İddiaçı hərbi hissənin şəxsi heyət siyahılarına və bütün növ təminatlarına daxil olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının 01.04.2011-ci il tarixli 66 nömrəli əmrilə İddiaçı hərbi hissənin şəxsi heyət siyahılarından və bütün növ təminatlarından çıxarılmışdır. İddiaçı 12.02.2020-ci i tarixli və təkrar 12.03.2020-ci il tarixli ərizələrlə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə müraciət edərək sağlamlığına dəyən zərərin və müalicənin etdirilməsi üçün 50.000 manat tələb etdiyini bildirmiş, ərizələr müvafiq olaraq 13.02.2020-ci il və 16.03.2020-ci il tarixdə ünvan üzrə çatdırılmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizələr inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.10.2009-cu ildə cavabdeh tərəfindən hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə çağırılmışdır. Hərbi biletinin surətindən görünür ki, 07.10.2009-cu ildən 01.04.2011-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. Bu yaxınlarda müddətdən artıq hərbi qullluqçu kimi xidmətə qəbul edilməyi ilə bağlı Müdafiə Nazirliyinin Bərdə rayonunda yerləşən N saylı hərbi hissə komandanlığına müraciət etmiş, xidmətə qəbulla bağlı Bakı şəhərində Silahlı Qüvvələrin Baş Hospitalında tibbi müayinəyə göndərilmişdir. Silahlı Qüvvələrin Baş Hospitalının 04 dekabr 2019-cu il tarixli, 685 nömrəli rəyindən görünür ki, tibbi müayinə zaman ona “Anadangəlmə inkişaf qüsuru, T2 10 fəqərəsinin hemirertebrusu, onurğa sütununun Th12 fəqərəsinin pozvori deformasiyası ilə müşayiət olunan döş nahiyəsinin lll mərhələ sklerozu” diaqnozu qoyulmuşdur. Hospitalın rəisi bu xəstəliyin anadangəlmə olduğunu, bu xəstəliyə görə onun hərbi xidmətə yararsız olduğunu bildirmiş və hərbi xidmətə aparılmağının qanunsuz olduğunu deyərək hər an yerimək və hərəkət etmək qabiliyyətinin itirilməsinin baş verəcəyi təhlükəsi ilə üzbəüz olduğunu bildirmişdir. Məhz bu diaqnoz qoyulduqdan sonra onu hərbi xidmətə qəbul etməkdən imtina etmişlər. Bu xəbəri eşitdikdən sonra çox möhkəm sarsılmışdır. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin təqsirli hərəkətləri nəticəsində hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə çağırılmış və 07.10.2009-cu ildən 01.04.2011-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həbi xidmət zamanı hər gün 12 saat olmaqla gecə-gündüz məhkumlar üzərində keşik çəkmişdir. Bu ağır xidmət sayəsində səhhəti daha da ağırlaşmışdır. Hazırda mütəxəssislər ona qoyulmuş diaqnozunun ən ciddi xəstəlik olduğunu və daim həkim nəzarətində olan xəstəliklər kateqoriyasına aid edildiyini və daimi müalicəyə ehtiyac olduğunu və bunun üçün ən azı 50.000 manat lazım olduğunu bildirirlər. Belə olan halda cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinə müraciət edərək həmin təşkilatın təqsiri ucbatından sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı 2009-2011-ci illərdə hərbi xidmətdə olduğunu qeyd etmişdir, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti isə 2012-ci ildə yaradılmışdır. 2012-ci ildən əvvəl Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin vəzifələrini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan Hərbi Komissarlıqlar icra edirdi. Odur ki, nümayəndəsi olduğu inzibati orqan hazırki iş üzrə cavabdeh olmamalıdır. Bundan başqa, şəxs həqiqi hərbi xidmətə çağırılan zaman həkim müayinələrindən keçir, analizlər verir və mütləq şəkildə döş qəfəsinin rentgeni çəkilir. Daha sonra çağırışçılar hərbi hissələrə təhvil verilən zaman, hərbi hissələrdə də həmin müayinələrdən keçirlər. Hesab edir ki, iddiaçı həqiqi hərbi xidmətə çağırılan zaman, onda İİİ mərhələ skolioz xəstəliyi olmamışdır. İ mərhələ skolioz xəstəliyi olan şəxslər hərbi xidmətə yararlı hesab olunurlar. İİ və İİİ mərhələ skolioz xəstəliyi olan şəxslər isə hərbi xidmətə yararsız hesab olunurlar. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 da əvvəlki məhkəmə iclasında digər nümayəndə ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etdikdən (işdə olan 12.02.2020-ci il və 12.03.2020-ci il ərizələri) sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 07.10.2009-cu ildən 01.04.2011-ci ilə qədər Azərbaycan Respublikası Silahı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hazırki tələbində iddiaçı xidmətə yararsız olduğu halda cavabdeh inzibati orqan tərəfindən yararlı hesab edilərək xidmətə göndərildiyini və inzibati orqanın bu hərəkəti nəticəsində hüquqlarının pozulduğunu iddia etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövrlərdə qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 7-ci maddəsinə əsasən kişi cinsli vətəndaşlar 16 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər. Vətəndaşlar çağırış məntəqələrinə hər il, yanvar-mart ayları ərzində daimi və ya müvəqqəti yaşayış yeri üzrə təhkim edilirlər. Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssishəkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər. - 8-ci maddəsinə əsasən lazımi sayda vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında hər yerdə ildə dörd dəfə, yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılır. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı elan olunduqdan sonra 20 gün müddətində qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə uçotda olduğu hərbi komissarlığa, hərbi uçotda olmayan çağırışçılar isə yaşayış yeri üzrə hərbi komissarlığa gəlməlidirlər. - 9-cu maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonlarda, şəhərlərdə, şəhər rayonlarında çağırış komissiyaları yaradılır. - 10-cu maddəsinə əsasən çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; çağırışçıların tibbi müayinəsini təşkil etmək; vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması və onların həqiqi hərbi xidmətdə istifadəyə təyin edilməsi haqqında qərar qəbul etmək; Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələrindəndir. - 11-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün respublika çağırış komissiyası yaradılır. - 12-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslərin hərbi hissələrə göndərilməzdən əvvəl tibbi müayinəsini və tibbi müayinənin nəticələri və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmadığını bildirən şəxslərin yoxlama tibbi müayinəsini təşkil etmək; çağırışçıların həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək; rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək respublika çağırış komissiyalarının vəzifələrindəndir. - 13-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər — cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: həqiqi hərbi xidmətə yararlılıq haqqında; səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsızlıq haqqında. - 14-cü maddəsinə əsasən çağırış komissiyalarının üzvləri qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Müddətli həqiqi hərbi xidmətə çağırış, çağırışdan azadetmə və ya möhlətvermə məsələlərini vicdansız və ya bilərəkdən qanunsuz həll etmək üstündə çağırış komissiyasının sədri və üzvləri, çağırışçıların tibbi müayinəsində iştirak etmiş həkimlər, habelə belə hüquq pozuntularında təqsiri olan digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 76-cı maddəsinə görə qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. İş üzrə toplanmış sübutlara göstərilən hüquq normaları əsasında qiymət verən məhkəmə hesab edir ki, İddiaçı sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda həqiqi hərbi xidmətə yararlı hesab edilərək xidmətə göndərilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının arayışından məlum olur ki, 04.12.2019-cu il tarixli müayinə zamanı İddiaçı D-2: Anadangəlmə inkişaf qüsuru, Th10 fəqərəsinin hemivertebrası, onurğa sisteminin Th 12 fəqərəsinin pozvari deformasiya ilə müşaiyət olunan döş nahiyyəsinin (Th10) təsbit olunmuş İİİ (üçüncü) mərəhələ (27 dərəcə) skoliozu diaqnozu qoyulmuşdur. İddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar mötəbər məlumatların əldə edilməsi, eyni zamanda, iddiaçının hərbi xidmətə çağırış zamanı xidmətə yararlı olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 02.07.2021-ci il tarixli T133/2021 nömrəli rəyindən görünür ki, vətəndaş İddiaçı adına təqdim olunmuş onurğanın döş və bel şöbəsinin düz proyeksiyalı rentgenoqrammalarında X bel fəqərəsinin maksimal pazvari deformasiyası, İX, Xİ, Xİİ fəqərələrin hissəvi kompressiyası nəticəsində onurğa sütununun sol tərəfli skoliozu ilə müşayiət olunan anadangəlmə vertebral (fəqərə) patologiyası müəyyən olunmuşdur. Qeyd edilən patologiya anadangəlmə inkişaf qüsuru olduğundan o, zərərçəkmiş xidmətə çağırıldığı zaman, yəni 07.10.2009-cu il tarixdə də mövcud olmuşdur. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 1.2-ci maddəsinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. - 1.5-ci maddəsinə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. - 2.1-ci maddəsinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. - 2.6-cı maddəsinə əsasən ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hərbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. - 8.1-ci maddəsinə əsasən «Xəstəliklər cədvəli»ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; İİ qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar. İİİ qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar. - 66-cı maddəsinə əsasən onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): a) funksiyaların mühüm dərəcədə pozulması ilə: «a» bəndinə aşağıdakılar aiddir: döş qəfəsinin kəskin deformasiyası (qabırğa donqarı və digər) və restriktiv tipli İİİ dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan, rentgenoloji təsdiq edilmiş fəqərə cisimlərinin pazabənzər deformasiyaları və onların onurğanın daha çox əyilmiş yerlərində (kifozlar, İV mərhələ skoliozlar və digər) rotasiyası ilə onurğanın təsbit olunmuş əyrilikləri.-İ-qrafa ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar- D- həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Göründüyü kimi, iddiaçıda X bel fəqərəsinin maksimal pazvari deformasiyası, İX, Xİ, Xİİ fəqərələrin hissəvi kompressiyası nəticəsində onurğa sütununun sol tərəfli skoliozu ilə müşayiət olunan anadangəlmə vertebral (fəqərə) patologiyası müəyyən olunmasına, adıçəkilən əsasnamənin müddəalarına əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməsinə baxmayaraq həqiqi hərbi xidmətdə olduğu dövrlərdə qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla həqiqi hərbi xidmətə çağırılmış və 01.04.2011-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Bu hal isə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsində təsbit edilmiş vəzifəsindən (qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər) irəli gələn hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Bununla da, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuş, qanunsuz olaraq 07 oktyabr 2009-cu il tarixdən 01 aprel 2011-ci il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Bu faktın özü ilə də təsdiq olunur ki, iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Məhkəmə qeyd edir ki, iddiaçı nə həqiqi hərbi xidmətə getmədən öncə, nə də, həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra işləməsi, hər hansı məbləğdə əmək haqqı alması, ümumiyyətlə, qeyd edilən dövr üçün maddi gəlirləri ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim edə bilməsə də, ən azından 01 il 06 ay müddətində minimum aylıq əmək haqqı almaq hüququndan məhrum edilmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3005 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2008-ci ilin sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-ci il 31 avqust tarixli 1078 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilmiş, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3005 nömrəli Sərəncamı (3-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, iddiaçının həqiqi hərbi xidmətdə olduğu 2009-cu ilin oktyabrından 2010-cu ilin avqust ayında qədər (avqust ayı daxil olmaqla cəmi 11 ay) minimum aylıq əməkhaqqının məbləği 75 manat, 2010-cu ilin sentyabr ayından 2011-ci ilin mart ayına qədər (mart ayı da daxil olmaqla cəmi 7 ay) minimum aylıq əməkhaqqının məbləği 85 manat olmuşdur. Belə olan halda iddiaçı işləmədiyinə, yəni qanunsuz olaraq hərbi xidmət keçdiyinə görə 18 ay üçün 1420 manat (11x75=825 + 7x85=595) əmək haqqından məhrum olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı qanunsuz və əsassız olaraq 18 ay müddətində hərbi xidmətdə olduğuna görə cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun stress keçirməsi, psixi gərginlik yaşaması və səhhəti ilə bağlı problemlərin yarana bilməsi mümkün olduğundan iddiaçıya mənəvi zərərin ödənilməsi də məqsədəmüvafiqdir. Göstərilənləri nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, iş materiallarında iddia tələbinin dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində kompensasiya ödənilməsi hissəsində əsaslılığına dəlalət edən mötəbər sübutlar mövcud olmadığından iddia tələbi qismən təmin edilməli, dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 2420 manat (maddi zərər 1420 manat + mənəvi zərər 1000 manat) məbləğində kompensasiya cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən dəymiş maddi zərərin əvəzi olaraq 1420 (min dörd yüz iyirmi) manat, mənəvi zərərin əvəzi olaraq 1000 (min) manat, cəmi 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində kompensasiya tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar