Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-932/2021 09.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı İlham oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 01 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, xx.xx.1988-ci il tarixdə anadan olmuş, Bərdə şəhəri, H.Əliyev prospekti 112 B/30-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı İlham oğlundan (xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 11067.11 manat məbləğində artıq ödənilmiş) cəmi 11067.11 manat məbləğində əmək pensiyası tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional ərazi filialının hesabına ödənilməsinə qərar verilmişdir. Qərarla razılaşmayan İddiaçı İlham oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” 01 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən qərarı, yəni inzibati aktı qanunsuz, əsassız, qeyri-obyektiv hesab edir. Belə ki, o xx.xx.2017-ci il tarixdə İİ qrup əlillik dərəcəsi almış, həmin əlillik dərəcəsi əsasında DSMF-nin Bərdə rayon şöbəsində pensiya təyin edən komissiya tərəfindən ona xx.xx.2019-ci il tarixədək əmək pensiyası hesabına cəmi 11067,11 manat pensiya ödənilmişdir. Ona təyin edilmiş pensiya üzrə tibbi sosial ekspertiza və reabilitasiya alt sistemi tərəfindən araşdırma aparılmış, nəticədə ona təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Səhhətində olan problemlərlə bağlı tibbi sosial ekspertiza komissiyasına tərəfindən ərizə ilə müraciət edilmiş, komissiyadan keçmiş, DSMF-nin Bərdə rayon şöbəsinin pensiya təyin edən komissiyası xx.xx.2017-ci il tarixli qərar qəbul edərək ona İİ qrup əlillik dərəcəsi təyin etmişdir. DSMF-nin 5 saylı regional ərazi filialının 01 nömrəli xx.xx.2021-ci il tarixli qərarı artıq ödənilmiş əmək pensiyasının geri qaytarılmasından bəhs edir. Qərarın özündən də görünür ki, söhbət artıq ödənilmiş əmək pensiyasından gedir. Axı ona artıq əmək pensiyası ödənilməmişdir. Onun xəstəliyinə görə xx.xx.2017-ci il tarixdə əmək pensiyası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Bu müddət ərzində ona artıq əmək pensiyası ödənilməmişdir. Belə hesab edir ki, qərarın qanunvercilik normalarının tətbiqinin təmin edilməsi üçün maddi hüquqi əsası yoxdur. Qeyd olunduğu kimi ona əmək pensiyası Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının qərarı ilə onun müraciəti əsasında təqdim olunan müvafiq rəsmi sənədlərə əsasən araşdırılıb təyin edilmiş, sonradan isə müayinəyə dair təyin edilmiş dərəcə tibbi sosial ekspert komissiyası tərəfindən ləğv edilmişdir. Onun təqdim etdiyi sənədlər rəsmi dövlət orqanları tərəfindən verilmiş, həmin sənədlərdə hər hansı çatışmazlıq komissiya tərəfindən pensiya təyin edərkən aşkar edilməmişdir. Belə görünür ki, ona əmək pensiyası qanunamüvafiq olaraq verilmiş, onun hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmeti aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMnin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iş üzrə mübahisələndirilən qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspertiza və X2(TSERAS) tərəfindən aparılmış araşdırma nəticəsində təyin edilmiş əlillik dərəcəsi öz təsdiqini tapmadığı üçün ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyindən təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçı İlham oğluna təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab olunduğundan heç bir əsas olmadan ödənilmiş 11067.11 manat məbləğin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. Göründüyü kimi iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlillik Tibbi Sosial Ekspertiza və X2(TSERAS) tərəfindən etibarsız hesab edilmiş və bunun hüquqi nəticəsi olaraq mübahisələndirilən qərar qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Alt sistemdə etibarsz hesab olunmuş əlilliyin bərpa olunmasıdır. Belə ki, qərarın qəbul edilməsinə əsas olmuş inzibati orqanın hərəkəti qüvvədə olduğundan, qərarın mübahisələndirilməsi iddiaçı üçün hər hansı bir hüquqi nəticə doğurmur. Başqa sözlə, İddiaçı İlham oğlunun barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 01 nömrəli qərarın əsasında məhz onun əlilliyinin etibarsız hesab edilməsi hərəkəti dayanır. Dövlət Tibbi-Sosial Ekspertiza və X1: - 1.1-ci maddəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 1.2-ci maddəsinə Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. - 2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsinin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərindəndir. - 3.1.2 və 3.1.3-cü maddələrinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. - 3.2.4 və 3.2.5-ci maddələrinə əsasən tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüququdur. Qeyd olunan normalardan məlum olur ki, əlliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarının müəyyən edilməsi, onların reabilitasiyasını həyata keçirən icra və bununla bağlı bütün səlahiyyətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əlliyin bərpası və ya «Əlillik» altsistemində etibarsız hesab edilməsi ilə bağlı inzibati orqanın faktiki xarakterli hərəkətlərindən ilk öncə inzibati orqana müraciət etməli, daha sonra həmin tələblə aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə iddia qaldırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı İlham oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-932/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-932/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver