Məhkəmə qərarları › İş №2-1(114)-933/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-933/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-933/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz 20 ildən artıq xidmətə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunması üçün namizədliyinin müvafiq dövlət komissiyasına təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. O, xx.xx.1993-cü il tarixdən, xx.xx.2014-cü il tarixə kimi 21 (iyirmi bir) il, 01 (bir) ay, 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə (hərbi hospital) tibb xidməti polkovnik-leytenantı kimi xidmət etməklə, 2014-cü il üçün məzuniyyət verilməklə, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi növbəti məzuniyyətdə olmaqla, tibb xidməti polkovnik-leytenantı rütbəsindən, ordudan tərxis olunmuşdur. Onun məzuniyyətdə olduğu 02 ay, 28 gün hərbi xidmətinə əlavə olunduqda Azərbaycan Ordusunda cəmi 21 (iyirmi bir) il, 04 (dörd) ay, 25 (iyirmi beş) gün xidmət etmişdir. İddiaçı müvafiq sənədlərini cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə təqdim etmiş, 4 nəfər ailə üzvlərinin sayına uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş 20 ildən artıq Azərbaycan Ordusunda xidmətinin nəzərə alınıb ona dövlət vəsaiti hesabına ev verilməsini xahiş etməsinə baxmayaraq, cavabdeh orqan ona xx.xx.2024-cü il tarixli, 22/969 nömrəli məktubla imtina cavabı vermişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, həmin imtina məktubu ilə onun qanunvericilikdə nəzərdə tutulmuş, 20 ildən artıq hərbi xidməti ilə bağlı dövlət vəsaiti hesabına ev almaq hüququ pozulmuşdur. Bundan başqa iddiaçı onu da əlavə edir ki, qanunvericilikdə nəzərdə tutulmuş məhkumluğu ilə bağlı bir il müddət onun ümumi hərbi xidmət illərindən çıxıldıqda yenə də 20 ildən artıq yəni 20 il, 04 ay, 25 gün xidmət illəri mövcud olduğundan, cavabdehin imtinası əsassız və qanuna zidd hesab edilməlidir. Bundan əlavə iddiaçının hərbi biletindəki qeydlərdən də təsdiq olunur ki, o, X1 xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi hərbi əməliyyatlarda iştirak etmişdir və Qarabağ müharibəsi veteranıdır. O, hərbi xidmət illəri ərzində xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2008), xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018), xx.xx.2004-cü ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, xx.xx.2008-ci ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, xx.xx.2013-cü ildə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalları ilə təltif edilmişdir. Onun Silahlı Qüvvələrdə 20 ildən artıq müddət ərzində xidmət keçməyinə baxmayaraq, Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən qüsursuz xidmətə görə namizədliyi dövlət komissiyasına təqdim edilməmişdir. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz xidmətə görə dövlət hesabına mənzillə təmin olunması üçün namizədliyinin müvafiq dövlət komissiyasına təqdim edilməsi vəzifəsinin cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-933/2025 nömrəli qərardadı ilə iddia tələbi “adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdehin etirazı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, onun adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 342.1-ci maddəsi ilə təqsirli bilinib, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, N nömrəli hərbi hissənin xx.xx.2011-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ona təyin olunmuş cərimə cəzası tam şəkildə dövlət nəfinə ödənilmişdir. Həmçinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi xidmət təqvim ili (xx.xx.1993-xx.xx.2014) 21 (iyirmi bir) il, 01 (bir) ay, 28 (iyirmi səkkiz) gün, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 500 AZN təyin edilmiş cərimə cəzasına əsasən onun məhkumluq müddəti 1 (bir) il, 11(on bir) ay təşkil edir. Ümumi xidmət təqvim ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim ili olmadığı üçün iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil edilməsindən imtina edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.1989-cu il tarixli, ГЗ 045148 nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi tibb xidmətinin rəisi vəzifəsini icra etmişdir. N nömrəli hərbi hissənin xx.xx.1994-cü il tarixli, 47 nömrəli əmrinə əsasən, baş leytenant İddiaçı, xx.xx.1994-cü il tarixdən cərrahiyyə şöbəsinə ordinator-kombustoloq vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.1994-cü il tarixli, 68 nömrəli əmrinə əsasən baş leytenant İddiaçı xx.xx.1994-cü il tarixdən cərrahiyə şöbəsinə ordinator-cərrah təyin olunmuş, şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlarla təmin olunmuş, vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissənin xx.xx.1998-ci il tarixli, 114 nömrəli əmrinə əsasən, tibb xidməti mayoru İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, cərrahiyə bölməsinin ordinatoru-cərrahı vəzifəsindən azad edilmiş, N nömrəli hərbi hospitalın əməliyyat bölməsinin rəisi-cərrah vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2006-cı il tarixli, 2 nömrəli əmrinə əsasən tibb xidməti polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0699 nömrəli, xx.xx.2005-ci il tarixli əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, əməliyyat bölməsinin rəisi vəzifəsindən azad edilmiş, qəbulçeşidləmə bölməsinin rəisi-cərrah vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2007-ci il tarixli, 94 nömrəli əmrinə əsasən tibb xidməti polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2007 tarixli 034 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, qəbulçeşidləmə bölməsinin rəisi-cərrah vəzifəsindən azad edilmiş, əməliyyat bölməsinin rəisicərrah vəzifəsinə təyin edilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(095)-155/2010 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 342.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2011-ci il tarixli, 549 nömrəli məktubundan görünür ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli 1(095)-155 nömrəli hökmünə əsasən 500,0 (beş yüz) manat cərimə cəzasına məhkum edilmiş əməliyyat bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı İddiaçı 500,0 (beş yüz) manat tutularaq müvafiq maddəyə uyğun ödənilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2014-cü il tarixli, 63 nömrəli əmrinə əsasən tibb xidməti polkovnik-leytenantı İddiaçı, N saylı hərbi hissənin əməliyyat bölməsinin rəisicərrah Azərbaycan Respublikası Müdafiə nazirinin 0235 saylı 19 mart 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157 maddəsinin “a” bəndinə (yaşa görə) istefaya buraxıldığına görə öz işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2014cü il üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək növbəti məzuniyyət verilməklə, xx.xx.2014-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon bölməsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1985-ci il təvəllüdlü istefada olan polkovnik-leytenant İddiaçı dekabr 1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əsgər kimi keçmiş SSRİ SQ-də, xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur və “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə əsasən (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli 22/969 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi xidmət təqvim ili (xx.xx.1993-xx.xx.2014) 21 (iyirmi bir) il, 01 (bir) ay, 28 (iyirmi səkkiz) gün, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 500 AZN təyin edilmiş cərimə cəzasına əsasən, məhkumluq müddəti 1(bir) il 11 (on bir ay) təşkil edir. Ümumi xidmət təqvim ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim ili olmadığı üçün Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil edilmir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 101 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə işləyən İddiaçı Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən 500 (beş yüz) manat cərimə cəzası onun əmək haqqından tutularaq tam şəkildə dövlət nəfinə ödənilmişdir. Borcun son ödəniş tarixi 2011-ci il aprel ayında olmuşdur. Azərbaycan Respulikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 14/3433 nömrəli, “istefada olan tibb xidməti polkovnik-leytenantı İddiaçı Azərbaycan Ordusunda hərbi xidmət keçməsi barədə” məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən tibb xidməti polkovnik-leytenantı İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli müvafiq əmrinə əsasən yaşa görə həqiqi hərbi xidmətdən istefaya buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinə göndərilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 185 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(095)-155/2010 nömrəli hökmü xx.xx.2010-cu il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2024-cü il tarixli, 1347 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı yaşadığı Gəncə şəhəri, 102 nömrəli Hərbi şəhərcik, bina 140, 3 otaqlı, 40 m2 yaşayış sahəsi olan 27 nömrəli xidməti mənzil balans saxlayıcısı Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil- İstismar hissəsi tərəfindən xx.xx.1993-cü il tarixdə 552 nömrəli xidməti orderə əsasən onun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmətinin xx.xx.2024cü il tarixli, 5112 nömrəli məktubuna əsasən ünvan 3 ünvanındakı xidməti yaşayış sahəsi Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır, vətəndaş İddiaçı istifadəsinə Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən xx.xx.1993-cü il tarixli, 552 nömrəli xidməti orderə əsasən verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli “məlumatın və sənəd surətlərinin təqdim edilməsi barədə” məktubundan görünür ki, mövcud arxiv materiallarına əsasən xx.xx.1958-ci il təvəlüdlü İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar olunmamışdır. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

“Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (3-1, 3-2 və 3-3-cü hissələr Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanı ilə əlavə edilmişdir) Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: ...

3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 83. Məhkumluq 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2277/2024 nömrəli Qərarı

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək, vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək onun Azərbaycan Ordusunda qüsursuz 20 ildən artıq xidmətinə görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının əvvəllər məhkumluğunun olduğundan ümumi xidmət təqvim ilindən məhkumluq müddətinin çıxıldıqdan sonra 20 təqvim ili xidməti olmadığı üçün iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmədə iddia irəli sürərək onun adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, tələbinin əsası kimi qeyd etmişdir ki, onun məhkumluq müddəti ümumi hərbi xidmət müddətindən çıxılmamalıdır. Belə ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına “məhkumluq müddətinin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməməsi” Fərmana 2021-ci ildə əlavə edilmişdir. O, isə 2014-cü ildə Ordu sıralarından tərxis olunmuş, həmin vaxt artıq onun 20 ildən çox xidməti olmuşdur. Ona görə də hesab edir ki, həmin müddəalar ona münasibətdə tətbiq edilməməlidir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanı ilə 3-1, 3-2 və 3-3-cü hissələr əlavə edilmişdir. Yeni əlavə edilmiş 3-2.3-cü hissəyə əsasən, məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. Qeyd olunmalıdır ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyridəqiq və qeyri-müəyyən olmuşdur. “Qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğundan 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddəti anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur. Şərhedici norma mövcud hüquqi normanın məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla izah edilən normanın əvvəldən hansı mənaya gəldiyini bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur. Bu baxımdan hesab edilir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011-ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir. Ona görə də, şərhedici normanın zamana görə tətbiq edilməsi ilə yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir. Başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normalar isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilinmir, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər. Həmçinin iş materiallarından görünür ki, iddiaçının inzibati orqana və məhkəməyə müraciət etdiyi tarix “qüsursuz xidmət” müddəti anlayışını dəqiqləşdirən 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Fərmana 15 noyabr 2021-ci il tarixdə edilmiş əlavələr hazırkı işə münasibətdə tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1993-cü il tarixdən Azərbaycan Ordusu sıralarında xidmətə başlamış, xx.xx.2014-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmaqla xidmətdən tərxis olunmuşdur. İddiaçının ümumi hərbi xidmət müddəti 21 il 5 ay 14 gün təşkil edir. İddiaçı Gəncə Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(095)-155/2010 nömrəli hökmünə ilə Azərbaycan Respublikası CM-nin 342.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2010-cu il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 101 nömrəli arayışına əsasən cərimə cəzası iddiaçının əmək haqqından tutularaq tam şəkildə dövlət nəfinə ödənilmiş, borcun son ödəniş tarixi 2011-ci il aprel ayında olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1 və 83.3.2-ci maddələrinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İddiaçının barəsində olan hökm xx.xx.2010-cu il tarixdə qüvvəyə minmiş, cərimə cəzasının son ödəniş tarixi 2011-ci il aprel ayında olmuşdur. Məhkəmə qeyd edir ki, cərimə cəzasının son ödəniş tarixi 2011-ci il aprel ayında olduğundan iddiaçı həmin vaxt cəzasını çəkib qurtarmışdır. Ona görə də həmin vaxtdan 1 il sonra, yəni 2012-ci ilin may ayından iddiaçı məhkumluğu ödənilmiş hesab olunur. Beləliklə iddiaçının məhkumluq müddəti xx.xx.2010-cu il tarixdən 2012-ci ilin may ayına qədər olmaqla 1 il 6 ay olmuşdur. İddiaçının ümumi hərbi xidmət müddətindən məhkumluq müddəti çıxıldıqda “qüsursuz xidmət” müddəti 20 təqvim ilindən az təşkil edir. Ona görə də iddiaçının adının mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar