Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-937/2022 20.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı ad və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 08.02.2022ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun soyadının “Piriyev”, adının isə “İbrahim” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının adı və soyadı ilkin olaraq “Piriyev İbrahim” olmuşdur. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 021308 saylı 05.12.2017-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə ilə ad və soyadını “İddiaçı” olaraq dəyişdirmişdir. İddiaçı qeyd olunan dəyişikliklə bağlı bir sıra çətinliklərə məruz qalmışdır. Bu səbəbdən də iddiaçı əvvəlki ad və soyadına qayıtmaq arzusundadır. Odur ki, ad və soyadının müvafiq olaraq dəyişdirilməsi üçün Şəmkir rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2017-ci ildə Rusiya Federasiyasından deportasiya olunduğuna görə ad və soyadını dəyişdirmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 05.12.2017-ci il tarixli AZ-İV 040489 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1980-cı ilin mart ayının 27-ci günündə 22 nömrə ilə qeyd edilmişdir. -Şəmkir rayon Qeydiyyat şöbəsinin 01.02.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı adına və soyadına növbəti dəfə dəyişiklik edilməsi mümkün hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilk dəfə “Piriyev” soyadını hazırki “Əliyev” soyadına, “İbrahim” adını hazırki “Ramin” adına dəyişdirmiş və yenidən “Piriyev İbrahim” ad və soyadına qayıtması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndinə əsasən bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.24-cü bəndinə əsasən ər-arvadın birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. -6.25-ci bəndinə əsasən atanın öz adının dəyişmədirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o halda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. -6.26-cı bəndinə əsasən hər iki valideyinin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. -6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istəsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladları ərizəsi təlb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İstinad olunan Qaydalardan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə ad və soyadının dəyişdirilməsi hüququ verilmiş, iddiaçı isə həmin hüququndan artıq istifadə etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı birinci dəfə ad və soyadını başqa ölkədən deportasiya edildiyinə görə sərhəd buraxılış nəzarətindən yayınmaq məqsədilə dəyişmiş, hazırda da bu məqsədlə dəyişmək niyyətinin olması istisna edilmir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yenidən ad və soyadının dəyişdirilməsi məqsədə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı ad və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-937/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-937/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver