Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-938/2025 30.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı nümayəndəsi olan vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Göygöl rayonu Göygöl Bələdiyyəsi) qarşı “hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göygöl rayonu Göygöl bələdiyyəsinin 07 iyun 2013-cü il tarixli, 04 saylı qərarından çıxarışa əsasən bələdiyyə torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi X1 qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2013-ci il tarixdə DT və XKnin Göygöl rayon torpaq şöbəsində 819 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2013-ci il tarixli 60 nömrəli qəbz ilə müəyyən edilir ki, X5 tərəfindən torpaq satışı ilə bağlı Göygöl bələdiyyəsinin hesabına 1017 manat məbləğində ödəniş edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş rəyə əsasən torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla alqı-satqı predmeti olmaqla uqodiyası KPİ keyfiyyət olmaqla 100 ballıq torpaq sahəsidir.Aqlı-satqı predmeti ilə satışa çıxarılan torpaq sahəsinin məqsədli təyinatı ərazininin yerquruluşu təsərrüfat planına yaşayış məntəqələrinin baş planına ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğundur. Həmin yer hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməmişdir.Elektrik,rabitə,nəqliyyat,qaz,su,kazalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasında yerləşmir.Qeyd edilənlər nəzərə alınaraq həmin torpaq sahəsinin satış və icarəyə verilməsi məqsədə müvafiqdir. A seriyalı 477314 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2014-ci il tarixdə 1209 nömrə ilə uçota alınmışdır. Göygöl rayonu Göygöl bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 199 nömrəli məktubuna əsasən Göygöl rayon bələdiyyəsinin 07 iyun 2013-cü il tarixli 04 saylı qərarı ilə ünvan 1 ünvanda X4 fərdi yaşayış evi tikintisi məqsədi ilə 0.06 ha torpaq sahəsi satılmışdır. Həmin qərar qüvvədədir. Göygöl rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən X3 vərəsəsidir. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-5482/2024 nömrəli imtina məktubundan görünür ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 04 saylı qərarı və xx.xx.2013-cü il tarixli, 819 saylı “Torpaqların alqı-satqısına dair” Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ehtiyat fond torpağı (əkin) düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 04 saylı qərarı ilə qızı X2 və hazırda ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə X3 mülkiyyət hüququnun qeydə alınaraq bu barədə arayışın ona, yəni İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı təqdim edilmiş Göygöl bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 04 saylı qərarı və xx.xx.2013-cü il tarixli, 819 saylı “Torpaqların alqısatqısına dair” Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin bir hissəsinin Göygöl rayonu, Göygöl bələdiyyəsinə məxsus xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarış üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ehtiyat fond torpağı (əkin) düşdüyü müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.
1. Göygöl bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 04 saylı qərarı ilə X2 600.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A 477314 nömrəli plan və ölçü sənədində göstərilən torpaq səhəsinin yerləşdiyi ərazinin mülkiyyət növü, Xanlar rayonu X6 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Göygöl şəhərində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu sxeminin elektron fayl materiallarında bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD məlumatlarınada xüsusi mülkiyyət olaraq göstərilmiş, sənəd nömrəsi isə, X3 adına qeydə alınmış plan və ölçü sənədinin kadastr nömrəsi (**********1349) göstərilmişdir. Yuxarıda qeyd olunan torpaq sahəsi, Xanlar rayonu X6 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında bələdiyyənin ehtiyyat fond (BEF) torpağı, Göygöl şəhərində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu sxeminin elektron fayl materiallarında isə bələdiyyənin ehtiyyat fond (BEF) torpağı əkin olaraq göstərilmişdir. Həmin sahə, torpaqların elektron kadastr uçotu informasita sistemində (TEKUİS), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı sahələr altında olan torpaqlar eyni zamanda əkin, AZCAD məlumatlarında isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, fərdi yaşayış təyinatlı sahə olaraq göstərilmişdir. 2.A 477314 nömrəli plan və ölçü sənədində göstərilən torpaq səhəsinin 50.46 kv.m hissəsinin, elektron baza materialları və arxiv sənədlərinə istinadən, xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmışdır. (Həmin Çıxarışda göstərilən torpaq sahəsinin koordinatları, arxiv sənədlərinə istinadən həmin Çıxarışın verilməsinə əsas olmuş A 331031 nömrəli kadastr planına istinadən müəyyən olunmuşdur) 3.Sözügedən torpaq sahəsi üzərində və hava məkanında, yüksək təziqli və gərginlikli kommunikasiya xətti müşahidə olunmamışdır. Elektron baza materiallarına istinadən həmin torpaq sahəsinin mühafizə və qorunma zonalarına düşməsi halı aşkarlanmamışdır. 4.Yuxarıda qeyd olunduğu kimi, Göygöl bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 04 saylı qərarı ilə X2 600.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A 477314 nömrəli plan və ölçü sənədində göstərilən torpaq səhəsinin 50.46 kv.m hissəsinin, elektron baza materialları və arxiv sənədlərinə istinadən, xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlandı. A 477314 nömrəli plan və ölçü sənədində göstərilən torpaq səhəsinin 20.0 kv.m hissəsinin, başqa şəxsin (qonşu torpaq istifadəçisinin) faktiki istifadə sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmışdır. 5.Naturada təqdim olunan 951.0 kv.m torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. 6.Naturada təqdim olunan 951.0 kv.m torpaq sahəsinin 572.0 kv.m hissəsi, A 477314 nömrəli plan və ölçü sənədində göstərilən torpaq səhəsi ilə üst-üstə düşür. Naturada təqdim olunan torpaq sahəsinin 44.0 kv.m hissəsinin xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməs halı aşkarlanmışdır. 7.Naturada təqdim olunan 951.0 kv.m torpaq sahəsi üzərində tikili mövcud deyildir. A 477314 nömrəli plan və ölçü sənədində göstərilən torpaq səhəsi üzərində isə 1.2 metr hündürlüyündə 13.2 metr uzunluğunda daş hasar mövcuddur. 8.X2 600.0 kv.m torpaq sahəsinin xx.xx.2013-cü il tarixdə kateqoriyası barədə məlumat əks olunmuş xəritə və yaxud layihə səndədi aşkarlanmadığından, sualın cavablandırılması mümkün deyildir. 9.Rəy hazırlanarkən, Xanlar rayonu X6 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsi, Göygöl şəhərində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu sxemi, torpaqların elektron kadastr uçotu informasita sistemi (TEKUİS) və AZCAD məlumatlarına istinad olunmuşdur. Arxiv sənədlərinə istinadən, X3 vərəsəsi İddiaçı, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli müraciəti əsasınada, naturada təqdim olunan torpaq sahəsinin koordinatları ilə, məhkəmə işi ilə əlaqədar əraziyə keçirilən baxışda təqdim olunan torpaq sahəsinin ölçüsü, konfiqurasiyası və koordinatları arasında uyğunsuzluq halı mövcuddur. İddiaçı xx.xx.2024-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Göygöl şəhər bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 04 saylı qərarı ilə X2 və hazırda ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair hüququnun ölmüş şəxs X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasına gəlmiş,digərləri məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək A 477314 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş və A 477314 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin hüdudları daxilində yerləşən ünvan 3 ünvanında yerləşən 572 kv.m torpaq sahəsinə dair hüququnun ölmüş şəxs X4 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Göygöl rayonu Göygöl bələdiyyəsinin 07 iyun 2013-cü il tarixli, 04 saylı qərarı ilə bələdiyyə torpağından 0,06 ha torpaq sahəsi X4 yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı A seriyalı 477314 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçının vərərsi olduğu X2 torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan Göygöl bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 04 saylı qərarı və xx.xx.2013-cü il tarixli, 819 saylı “Torpaqların alqı-satqısına dair” Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edilməsi,faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu belə ki,faktiki torpaq sahəsinin bir hissəsinin Göygöl rayonu, Göygöl bələdiyyəsinə məxsus xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarış üzrə torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla fərdi yaşayış təyinatlı sahə aid,mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsini müəyyən edilmişdir. Təqdim edilmiş mütəxəsis rəyindəndə müəyyən olunur ki, 572 kv.m torpaq sahəsi A 477314 nömrəli torpaq sahəsinin planı və plçüsü sənədində qeyd edilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir,hər hansı bir şəxsin torpaq sahəsi ilə üst-üstə düşmə halı aşakarlanmamışdır. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. A 477314 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş və A 477314 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin hüdudları daxilində yerləşən ünvan 3 ünvanında yerləşən 572 kv.m torpaq sahəsinə dair hüququnun ölmüş şəxs X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva