Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-94/2021 01.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “JN-0079 nömrəli xx.xx.2007-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında 0,69 hektar torpaq sahəsinin 0,96 hektar torpaq sahəsi ilə əvəz edilərək müvafiq düzəliş olunması və 0,96 hektar torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə Bərdə rayon Mollaməmmədli kənd sakini X2 və İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,69 hektar torpaq sahəsinin verilməsi barədə JN-0079 nömrəli 61011048 kodlu dövlət aktı tərtib edilmişdir. Dövlət aktı qeydiyyat kitabında xx.xx.2007-ci il tarixdə 2459 nömrə qeydiyyata alınmışdır. X2 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Daha sonra İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdadəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək dövlət aktında düzəliş edilərək 0,69 ha əvəzinə 0,96 ha yazılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********001 nömrəli imtina məktubu ilə bildirmişdir ki, dövlət aktında düzəlişin edilməsi səlahiyyətinin xaricindədir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə son qoyulması Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə ona və mərhum anası ilə birlikdə Bərdə rayon Mollaəhmədli kəndində yerləşən JN-0079 KOD61011048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,69 ha torpaq sahəsinin 0,96 ha olaraq qeyd edilməsinə və ona məxsus olması faktının təsdiq olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Yanlış iddia növünün münasibləri ilə əvəz olunması məqsədilə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən Məhkəmə tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərildikdən sonra iddiaçı xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək JN-0079 nömrəli xx.xx.2007-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktında 0,69 hektar torpaq sahəsinin 0,96 hektar torpaq sahəsi ilə əvəz edilərək müvafiq düzəlişin olunması və 0,96 hektar torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə ona və anasına Bərdə rayonu, Mollaəhmədli kəndində yerləşən 0,96 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0079, KOD-61011048 saylıTorpağın mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi iddiaçı və mərhum anasına məxsusdur. X1 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Ancaq Dövlət aktında torpaq sahəsinin ölçüsündə səhvlik baş vermişdir. Belə ki, onun torpaq sahəsinin ölçüsü 0,96 ha olduğu halda texniki səhv olaraq 0,69 ha kimi yazılmışdır. Kənddə islahat gedərkən iddiaçıya və anasına 0,96 ha torpaq sahəsi ölçülüb istifadəsinə verilmişdir. 1998-ci ildən həmin torpaq sahəsini 0,96 ha olaraq istifadə edir. Dövlət aktında torpaq sahəsinin ölçüsünün düzgün yazılması və səhvin düzəldilməsi üçün cavabdehə müracitə etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla yanaşı əlavə olaraq bildirmişdir ki, dövlət aktı verilən zaman aktdakı səhvdən məlumatı olsa da, səhlənkarlıq etdiyi üçün bu vaxtadək heç bir düzəliş olunmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli **********52 nömrəli etirazında imtina məktubunda qeyd olunanları müdafiə edərək bildirmişdir ki, imtina məktubundan da göründüyü kimi vətəndaşın müraciətinə qanunamüvafiq baxılmış, torpaq sahəsi ilə bağlı mövcud problemin həlli, eyni zamanda Torpağa mülkiyyət hüququna dair JN-0079 saylı dövlət aktında yol verilmiş yalnışlığın düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətinə aid olmaması vətəndaşa izah olunmuşdur. Bu səbəbdən hesab olunur ki, qaldırılmış iddia əsasızdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Dövlət aktı qeydiyyat kitabında xx.xx.2007-ci il tarixdə 2459 nömrə qeydiyyata alınmış JN-0079 nömrəli 61011048 kodlu dövlət aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə Bərdə rayon Mollaməmmədli kənd sakini X2 və İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,69 hektar torpaq sahəsi verilmişdir. Həmin dövlət aktına əlavə edilmiş torpaq sahəsinin qaiməsində (sertifikatında) suvarılan əkin sahəsi 6892.00 kv.m qeyd olunmuşdur. - Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı və Bərdə rayonu Mollaməmmədli kənd Həzi Aslanov adına təsərrüfatda torpaq payı olan şəxslərin Ümumi siyahısından çıxarış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2020-ci il tarixli **********46 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Ümumi siyahında X3 və iddiaçının təsərrüfatbaşına həyətyanı sahə 0,20, faktiki həyətyanı sahə 0,35 ha, zəbt olunan sahə 0,15 qeyd olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2021-ci il tarixli **********69 nömrəli məktubunda bildirmişdir ki, aparılan araşdırma nəticəsində İddiaçı Mahmud qızı və İddiaçı adlarına Bərdə rayonu Mollaəhmədli kəndində JN-0079 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar olunmuşdur. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdə düzəlişlər olunması və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə hüquq və vəzifələr cavabdeh inzibati orqana aid olduğundan hazırkı mübahisə üzrə tələb də ona qarşı yönəlməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X5 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Azərbaycan Respublikası X5 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 8.0.5ci maddədə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bu Qanunun 16.1 və 16.2-ci maddələrinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İddiaçı torpaq islahatı zamanı ona və anasının mülkiyyətinə 0,96 hektar torpaq sahəsinin verildiyini və texniki səhvə yol verilərək dövlət aktında 0,69 ha yazıldığını bildirsə də, məhkəmə tərəfindən aparılmış araşdırma, o cümlədən tədqiq olunmuş dövlət aktına əlavə olunmuş torpaq sahəsinin qaimə-sertifikatı və torpaq payı olan şəxslərin ümumi siyahısı ilə müəyyən edilmişdir ki, X2 və iddiaçıya 0,69 ha torpaq sahəsi verilmiş və "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının tərtib olunmasında heç bir yanlışlığa yol verilməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “JN-0079 nömrəli xx.xx.2007-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında 0,69 hektar torpaq sahəsinin 0,96 hektar torpaq sahəsi ilə əvəz edilərək müvafiq düzəliş olunması və 0,96 hektar torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-94/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-94/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver