Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-94/2024 26.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmədən kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyina qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayan kimi vətəni uğrunda hərbi əməliyyatlara qatılmışdır. İddiaçı N saylı hərbi hissənin tərkibində döyüşlərdə aktiv şəkildə iştirak etmişdir. O, Ali Baş Komandan tərəfindən "Vətən uğrunda” və Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Laçın və Qubadlı rayonlarının azad olunması ilə bağlı medalları ilə təltif olunmağı barədə təqdimat göndərilmişdir. Hal-hazırda iddiaçı Kəlbəcər rayonunda N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə hərbi qulluqçu kimi manqa komandiri vəzifəsində xidmət edir. O, xx.xx.2020-ci il tarixində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanaraq "Barotravma" xəsarəti almışdır. Yaralandıqdan sonra müalicə olunaraq yenidən öz xidmət yerinə vətən uğrunda döyüşlərə qatılmışdır. O, yaralanmağı ilə bağlı sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göndərərək ona əllilik dərəcəsinin verilməsi ilə bağlı rəsmi müraciət etmişdir. O, xəstəliyi ilə bağlı bütün zəruri olan sənədəri Nazirliyə təqdim etmişdir. Lakin bu günədək iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik dərəcəsinin verilməsi və veteranlıqla bağlı müavinəti təyin edilməmişdir. O, dəfələrlə xidmət apardığı hərbi hissəyə və Müdafiə Nazirliyinə müharibə veteranı adı və müharibə veteranı vəsiqəsi verilməsi ilə bağlı müraciət etmiş, müraciətləri hər dəfə müxtəlif bəhanələr gətirilərək cavabsız qalmışdır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1844/2023 nömrəli qərardadı ilə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı 1 ay müddətində zəruri araşdırmanın aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmuşdur.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2/2-1582 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Nazirliyin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın iclasında baxılmış, Komissiya tərəfindən müsbət qərar qəbul edilərək sənədləri razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2/2-2131 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Əsaslandırma hissəsi:
7. Məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli 2/2-1582 nömrəli və xx.xx.2024-cü il tarixli 2/2-2131 nömrəli məktublarını nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, iddiaçının tələbi “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
9. Məhkəmə cavabdeh orqan tərəfindən iddiaçının müraciəti üzrə hərəkətsizlik göstərilməsini, bununla yanaşı onun tələbini təmin etməkdən imtina etməməsini, inzibati icraatın aparılması müddətini, habelə iddiaçının müraciətinə cavabdeh tərəfindən baxılıb qiymət verilmədən işə baxılmasının mümkün olmamasını nəzərə alaraq, xx.xx.2023-cü il tarixli 2-1(114)-1844/2023 nömrəli qərardadla mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı 1 ay müddətində zəruri araşdırmanın aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoymuşdur.
10. Həmin qərardadın icrası nəticəsində İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş, yəni iddiaçının tələbi təmin olunmuşdur.
11. Belə ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2/2-1582 nömrəli məktubda İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Nazirliyin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın iclasında baxıldığı, Komissiya tərəfindən müsbət qərar qəbul edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərildiyi, xx.xx.2024-cü il tarixli 2/2-2131 nömrəli məktubda isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verildiyi bildirilmişdir.
12. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 39.1. İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Maddə 39.2. Tələb olunan inzibati aktın, o cümlədən inzibati şikayətə dair qərarın xüsusi səbəblər üzündən qəbul edilmədiyi hallarda, məhkəmə inzibati aktın və ya inzibati şikayətə dair qərarın qəbul edilməsi üçün, qanunvericiliklə digər müddət müəyyən edilməmişdirsə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.3-cü maddəsində nəzərdə tutulmuş müddəti nəzərə almaqla müəyyən müddət təyin edir. Təyin edilmiş müddət bitənədək iş üzrə icraat məhkəmə tərəfindən dayandırılır. Maddə 39.3. Məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
13. Beləliklə, iddiaçının tələbi cavabdeh orqan tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39 və 67-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyina qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Gülşən Əliyeva