Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-941/2022 16.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinə qarşı 22.06.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin 26.11.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(114)-1428/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Tovuz rayon filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(104)-108/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(114)-1428/2020 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 19 saylı Regional ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(114)-941/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Tovuz Rayon şöbəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı ilə əvəz edilmişdir. Məhkəmənin 13 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi barədə iddia tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 01 may 2018-ci il tarixdən qeydiyyatdan keçərək həkim komissiyası tərəfindən verilmiş rəyə əsasən 2-ci qrup əlil olmaqla əlilliyə görə pensiya təyin olunmuş, ilkin olaraq 413,83 manat olmaqla aylıq, sonradan istehlak qiymətlərinin illik artım indeksinə görə aylıq 426 manat 24 qəpik olmaqla pensiya almışdır. Ümumilikdə 5977 manat 20 qəpik pensiya almışdır. Sonradan sağalmağı səbəbindən 2-ci qrup əlil hesab olunmamış və pensiya təminatı da dayandırılmışdır. Bu hal onun üçün məntiqli görünsə də, sonradan əmək haqqına yönəlmənin olmasından sonra onun üçün qaranlıq məqamlar da çoxalmağa başladı. Belə ki, guya qanunsuz aldığı 5977 manat 20 qəpik pul xəbərdarlıq edilərək fondun hesabına bərpa etməyi barədə müraciət olunmuş və o, bu haldan imtina etmişdir. Qərarda qeyd olunur ki, əlilliyi etibarsız hesab edilmiş şəxslərə ödənişlərin dayandırılması və artıq ödənilmiş vəsaitin bərpası barədə tədbirlər görülmüşdür. Halbuki ödənişlərin dayandırılması halı xəstəliyinin sağalmasından sonrakı dövrə təsadüf edir və bu hal ağlabatandır. Vəsaitin geri ödənilməsi hissəsinə gəldikdə isə bu tam qanunsuz və əsassız bir qərardır. İnzibati orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən səhvən əlilliyinin mövcud olduğu həmin müddət ərzində sağalmadığı dövr üçün verilən əlillik pensiyasının geri istənilməsi, eləcə də bundan sonra əmək haqqına yönəldilməsi qanunsuz və əsassızdır. Qərarın əsaslandırma hissəsinə gəldikdə göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən bu qanunun pozulmasma görə təqsirkar şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Amma həmin maddənin onunla nə əlaqəsinin olduğu ağıl almaz bir haldır. Həmçinin onun razılığı olmadan inzibati orqan onun əmək haqqından tutulmalar da edə bilməzdi. Bunun üçün məhkəməyə müraciət olunmalı idi. Beləliklə də onun hüquqları inzibati orqan tərəfindən pozulmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı 23.04.2018-ci il tarixdən 426.24 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun araşdırmaları nəticəsində İddiaçı əlilliyi etibarsız hesab edilmiş və 23.04.2018-ci il tarixdən 01.08.2019-cu il tarixədək qanunsuz olaraq alınmış pensiya məbləği 6403.67 manat təşkil etmiş, həmin vəsaitdən 426.47 manatı bloklaşdırılaraq kart hesabında saxlanılmış 5977.20 manat isə vətəndaşa ödənilmişdir. Qanunsuz olaraq alınmış məbləğin bərpa edilməsi üçün vətəndaşa şöbənin 23.07.2019-cu il tarixli, **********0 saylı xəbərdarlıq məktubu ilə müraciət edilmişdir. Lakin vətəndaş İddiaçı qanunsuz aldığı 5977.20 manat vəsaiti Fondun hesabına bərpa etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin 26 noyabr 2019-cu il tarixli, **********4 nömrəli qərarı ilə İddiaçı qanunsuz olaraq aldığı əmək pensiyası üzrə 5977.20 manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin Kapital Bankdakı hesabına bərpa edilmişdir. Qərar qəbul edilən zaman iddiaçının razılığı alınmamışdır. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin 26.11.2019-cu il tarixli, **********4 nömrəli qərarının və 23.07.2019-cu il tarixli, **********0 nömrəli məktubunun təsdiqlənmiş surətləri, Tovuz rayon İcra və Probasiya şöbəsinin 05.06.2020-ci il tarixli, 953-AsH nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin 12.05.2020-ci il tarixli, **********5 nömrəli məktubunun surəti, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin 01.06.2018-ci il tarixli, 452 nömrəli qərarının təsdiqlənmiş surəti və 30.07.2019-cu il tarixli, **********8 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın təsdiqlənmiş surəti, predmetini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin 29.06.2020-ci il tarixli, **********1 nömrəli məktubunun və 01.07.2020-ci il tarixli sərəncamının təsdiqlənmiş surətləri, təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 23.04.2018-ci il tarixdən 413.84 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmiş, 01.01.2019-cu il tarixdən isə pensiyanın məbləği 426.24 manat hesablanaraq iddiaçının hesbaına köçürülmüşdür. İddiaçı 2021-ci ildə pensiyasının yenidən hesablanması tələbi barədə ərizə ilə inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun araşdırmaları nəticəsində İddiaçı əlilliyi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin 26 noyabr 2019-cu il tarixli, **********4 nömrəli qərarı ilə İddiaçı artıq aldığı əmək pensiyası üzrə 5977.20 manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin Kapital Bankdakı hesabına bərpa edilmişdir. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olmamış, birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan cavabdeh tərəfindən hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq 26.11.2019-cu il tarixli, **********4 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 26.11.2019-cu il tarixli, **********4 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin “artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması haqqında” 26.11.2019-cu il tarixli, **********4 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-941/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-941/2022
16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver