Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-942/2021 17.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 12.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus JN-407A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ona məxsus 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, JN-407A KOD 50600038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçıya fərdi yaşayış evi tikməsi üçün 0.06 ha torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsində ev tikmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi məqsədilə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 30.04.2021-ci il tarixli, **********76 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, araşdırma zamanı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-407A KOD 50600038 saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında öz əksini tapmadığı, təqdim olunmuş şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə vətəndaşın faktiki istifadəsinə olan torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olduğu müəyyən edilmiş, bu səbəbdən onun ərizəsinin icrası mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 22.07.1996-cı il tarixli 219 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 15 ha torpaq sahəsində aparılmış tikintilər üzrə vətəndaşların ərizələri nəzərə alınaraq hər birinə 0.06 ha torpaq sahəsi ayrılmışdır. -JN-407A KOD 50600038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 22.07.1996-cı il tarixli 219 nömrəli sərəncamına əsasən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 15.03.2021-ci il tarixli, **********06 nömrəli məktubunun məzmunundan görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə elektron kadastr baza məlumatlarında öz əksini tapmadığı, həmçinin sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olduğu müəyyən edildiyi üçün iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 22.07.1996-cı il tarixli 219 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikməsi üçün 0.06 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi ilə bağlı JN-407A KOD 50600038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin elektron kadastr baza məlumatlarında öz əksini tapmaması, həmçinin sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olması qeyd olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçıda olan sənədin (JN-407A KOD 50600038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə) mötəbərliyini mübahisələndirməmiş, yalnız həmin şəhadətnamənin elektron kadastr baza məlumatlarında öz əksini tapmadığı və sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında olan mövcud uyğunsuzluq səbəbindən iddiaçının ərizəsinin təmin edilməsindən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi müvafiq sərəncamla iddiaçıya verilmiş torpaq sahəsinə dair tərtib edilmiş şəhadətnamənin elektron kadastr baza məlumatlarında öz əksini tapmaması bu sahədə səlahiyyətli qurumun qüsuru kimi qiymətləndirilməlidir. Həmçinin cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə olan ölçülər arasında uyğunsuzluq olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, şəxsin istifadə etdiyi sahənin ölçülərinin hüquqmüəyyənedici sənədlə müəyyən edilmiş ölçülərə uyğun olmaması həmin sənəddə qeyd edilmiş koordinatlara və konfiqurasiyaya uyğun olaraq əmlak üzərində hüquqlarının Dövlət reyestrində qeydə alınmasına mane olan hal hesab edilə bilməz. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək JN-407A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə iddiaçıya məxsus 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. JN-407A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınması öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-942/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-942/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver