Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-943/2023 18.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayon Xoşbulaq kəndi ərazisində yerləşən ona məxsus torpaq sahəsinə dair JN-265A saylı "Torpağın mülkiyyətə verilməsinə dair" dövlət aktının cavabdeh orqan olan Ərazi İdarəsinin arxiv və elektron xəritə məlumatlarında əks etdirilməsi və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon Xoşbulaq kəndi ərazisində Daşkəsən rayon AİK-nin xx.xx.1998-ci il tarixli 01 saylı qərarı əsasında iddiaçıya 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi JN-265A, KOD 50605028 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən onun mülkiyyətindədir. Daşkəsən rayon İHB-nın xx.xx.2010-cu il tarixli 79 saylı sərəncamına əsasən ona mülkiyyətində olan həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və o, orada yaylaq evi tikdirmişdir. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək Daşkəsən rayon Xoşbulaq kəndi ərazisində yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış almaq istəmiş, lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli bildirişində göstərmişdir ki, təqdim olunan JN-265A saylı "Torpağın mülkiyyətə verilməsinə dair" dövlət aktı Ərazi İdarəsinin arxiv və elektron xəritə məlumatlarında öz əksini tapmadığından ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdeh orqanın imtinası ilə razı deyiləm, imtina onun mülkiyyət hüququnu məhdudlaşdırır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin müvafiq ərizəsinə əsasən iddia “JN-265A nömrəli şəhadətnamə ilə İddiaçı ayrılmış 0,09 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********17 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair təqdim edilmiş, Ləğv edilmiş DT və XK tərəfindən hazırlanmış "Torpağın mülkiyyətə verilməsinə dair" JN-265A saylı (KOD ********) Şəhadətnamənin Ərazi İdarəsinin arxiv və elektron xəritə məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Həmçinin, vətəndaşın naturada təqdim etdiyi torpaq sahəsi DWJ məlumatlarına əsasən, 61 nömrəli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə düşür. 61 nömrəli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə 265A nömrəli torpaq sahəsinin ölçüləri sahəsi və konfiqurasiya eynilik təşkil edir. Bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2002-ci il tarixli, JN-265A Kod-50605028 nömrəli Şəhadətnamədən görünür ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 0.09 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş Daşkəsən RİHB-nıin xx.xx.2010-cu il tarixli 79 saylı sərəncamından görünür ki, Daşkəsən rayon Xoşbulaq kəndi ərazisində yerləşən, Gəncə şəhəri Şahsevənlər küçəsi ev 125-də yaşayan İddiaçı mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********44 nömrəli bildirişindən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********45 nömrəli məktubuna əlavə edilmiş Daşkəsən rayonunun Xoşbulaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı 0.0941 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 0.09 ha torpaq sahəsi verilmiş, bununla bağlı «Torpağa mülkiyyət hüququna dair» JN-265A Kod-50605028 nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi iddiaçının müraciəti ilə əlaqədər aparılan araşdırma zamanı torpaq sahəsinə dair təqdim edilmiş, Ləğv edilmiş DT və XK tərəfindən hazırlanmış "Torpağın mülkiyyətə verilməsinə dair" JN-265A saylı (KOD ********) Şəhadətnamənin Ərazi İdarəsinin arxiv və elektron xəritə məlumatlarında öz əksini tapmaması və naturada təqdim edilən torpaq sahəsinin DWJ məlumatlarına əsasən, 61 nömrəli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə düşməsi, 61 nömrəli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə 265A nömrəli torpaq sahəsinin ölçüləri, sahəsi və konfiqurasiyasının eynilik təşkil etməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçıya qanuni əsaslarla (Daşkəsən rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə) torpaq sahəsi ayrılmış, qeyd olunan qərarın icrası ilə əlaqədar «Torpağa mülkiyyət hüququna dair» JN-265A Kod-50605028 nömrəli şəhadətnamə verilmişdir. Cavabdeh orqanın imtinası ilə bağlı məhkəmə qeyd edir ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə mülkiyyətə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş şəhadətnamənin elektron kadastr baza məlumatlarında öz əksini tapmaması bu sahədə səlahiyyətli qurumun qüsuru kimi qiymətləndirilməlidir və bu hal mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına əsas verə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinin DWJ məlumatlarına əsasən, 61 nömrəli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə düşməsi, eləcə də, 61 nömrəli bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə 265A nömrəli torpaq sahəsinin ölçüləri, sahəsi və konfiqurasiyasının eynilik təşkil etməsi şəxsə qanuni əsaslarla verilmiş torpaq sahəsi üzərində hüquqlarının Dövlət reyestrində qeydə alınmasına mane olan hal hesab edilə bilməz. Çünki torpaq islahatı aparılan zaman bələdiyyələr mövcud olmamış, eyni zamanda islahatın əhaliyə paylanmış hissəsindən əlavə qalan hissəsi sonradan bələdiyyələrin mülkiyyətinə verilmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini əsassız hesab edir. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2002-ci il tarixli, JN-265A Kod-50605028 nömrəli Şəhadətnamə ilə İddiaçı verilmiş 0.09 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-943/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-943/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver