Məhkəmə qərarları › İş №2-1(114)-943/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-943/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-943/2024 18.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki 3 illik dövr üçün sosial müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək veteranlar üçün nəzərdə tutulmuş müavinətin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2010-cu il tarixdə M/V 080499 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.

2. İddiaçıya vəsiqə aldığı tarixdən etibarən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təyin edilmiş və xx.xx.2019-cu il tarixədək tam məbləğdə ödənilmişdir.

3. Sözügedən müavinət xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü ilə əvəz edilmiş və 80 manat məbləğində olmaqla iddiaçıya hər ay ödənilməsi davam etdirilir.

4. İddiaçı ona ödənilməmiş müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, veteran vəsiqəsi xx.xx.2010-cu il tarixdə verildiyindən, eyni zamanda sözügedən müavinət növü ləğv edildiyindən ona ərizədə qeyd etdiyi dövr üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 235777/24 nömrəli nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək sosial müavinətin təyin edilərək ödənilməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun istifadə etmədiyi son 3 (üç) ilin xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixə qədər olan “Müharibə veteranı” müavinət pulunun ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə erməni quldurları vətənimizə hücum edəndə könüllü olaraq Milli Ordu sıralarına N saylı hərbi hissəyə yazılmışdır. Tər-Tər, Ağdərə, Füzuli, Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Çox sayda ağır döyüşlərdən keçmişdir. 1993-cü ildə onun yaşında olan könüllüləri ordu sıralarından tərxis etdilər və o yaşadığı Şəmkir rayonuna gələrək RHK-na qeydiyyata durmuşdur. 1996-cı il tarixdən müharibə iştirakçılarına Müharibə veteranı» vəsiqəsi verilməyə başlanmışdır. Lakin ona «Müharibə veteranı» vəsiqəsi verilməmişdir. Bir çox yerlərə etdiyi müracətdən sonra Şəmkir RHK tərəfindən xx.xx.2010-cu il tarixdə ona «Müharibə veteranı» vəsiqəsi verilmişdir. O, bu illər ərzində kimlərinsə səhvindən «Müharibə veteranı» imtiyazlarımdan istifadə edə bilməmişdir. Odur ki, heç olmasa son 3 (üç) ilin «Müharibə veteranı» müavinatını almaq üçün ƏƏSMN-nin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş və 03 oktyabr 2023-cü ildə № 3- 17-1/2-S-228153/2023 saylı imtina cavabı almışdır. O, bu imtina cavabı ilə razı deyil.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-943/2024 nömrəli qərardadı ilə iddia tələbinin xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq ödənilməsi hissəsi üzrə icraata xitam verilmişdir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçı əvvəlki 3 illik dövr üçün müharibə veteranlarına verilən sosial müavinətin ödənilməsi barədə ərizə ilə cavab orqana müraciət etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtina qərarının cavabdehə çatdırılması üçün olan müddət də nəzərə alınmaqla, iddiaçı tərəfindən hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilərkən müddətin ötürülmədiyi müəyyən edilir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı qismən qəbul edərək, bildirmişdir ki, iddiaçının tələbinin xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanaraq ödənilməsi hissəsi məhkəmədənkənar qaydada təmin edilmiş və iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövr üzrə sosial müavinətin təyin edilmişdir. xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə isə həmin müavinətin geriyə ödənilməsi nəzərdə tutulmadığından həmin hissədə tələbi təmin edilməmişdir. Odur ki, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2010-cu il tarixli M/V 080499 nömrəli müharibə veteranı vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin xx.xx.2023-cü il tarixli imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

21. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçıya Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2010-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən etibarən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilərək ödənilməyə başlamış, xx.xx.2019-cu il tarixdən isə sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edildiyindən həmin təqaüdün iddiaçıya ödənilməsinə başlanılmışdır və hazırda da ödənişi davam etdirilir.

22. Hazırkı mübahisə həmin müavinətin xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək ödənilməsinin mümkünlüyü ilə bağlıdır. İddiaçı vəsiqəni aldığı xx.xx.2010-cu il tarixdən əvvəlki üç il (xx.xx.2007-xx.xx.2010-cu illər üzrə) ödənilməmiş sosial müavinətin hesablanaraq ona ödənilməsini cavab orqandan xahiş etmiş və sonuncu tərəfindən veteran vəsiqəsinin xx.xx.2010-cu il tarixdə verilməsi, eyni zamanda sözügedən müavinət növünün ləğv edilməsi əsas gətirməklə, iddiaçının müraciəti təmin edilməmişdir.

23. Lakin məhkəmə icraatı gedişində cavabdeh orqan iddiaçının tələbini qismən təmin etmişdir. Belə ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 235777/24 nömrəli nömrəli qərarı ilə İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək sosial müavinət təyin edilmişdir.

24. Məhkəmə iddia tələbinin xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə sosial müavinətin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Belə ki, iddiaçı müharibə veteranı kimi hüquqlarını “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən də, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər.

26. Həmin Qanunun 9.1-ci maddəsi xx.xx.2007-ci il tarixdə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 9.1. Aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir.

27. Göründüyü kimi Qanunun 9.1-ci maddəsi xx.xx.2007-ci tarixdən yeni redaksiyada qüvvəyə mindiyindən iddiaçıya əvvəlki illər üçün ödənilməli olan müavinət məhz həmin tarixədək geriyə ödənilə bilər ki, cavabdeh orqan özü məhkəmədən kənar qaydada həmin hissədə tələbi təmin etmişdir.

28. iddia tələbinin xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə sosial müavinətin ödənilməsi hissəsi isə həmin dövrdə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində sosial müavinətin əvvəlki dövr üzrə ödənilməsi nəzərdə tutulmadığından təmin edilə bilməz.

33. Odur ki, iddiaçının “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək müavinəti tələb etməsi qanunauyğun olmamış, cavabdehin isə iddiaçının tələb etdiyi hərəkəti etməkdən imtina etməsi qanuni olmuşdur.

34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar