Məhkəmə qərarları › İş №2-1(114)-944/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-944/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-944/2021 06.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialına (keçmiş Gəncə şəhəri Kəpəz rayon filialına) qarşı “19.10.1992-ci il tarixdən 22.01.2016-cı il tarixədək beşdən çox uşağı olan qadınlara verilən müavinətin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialına (keçmiş Gəncə şəhəri Kəpəz rayon filialına) (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beşinci övladının bir yaşı tamam olduğu 19.10.1992-ci ildən etibarən, altıncı övladının on səkkiz yaşı tamam olduğu 22.01.2016-cı ilə qədər almalı olduğu müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə doğulmuş, 22.11.1984-cü ildə X11 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan altı uşaq; 10.08.1985ci ildə X2, 12.12.1986-cı ildə X7, 19.05.1989-cu ildə X6, 12.08.1990-cı ildə X4, 19.10.1991-ci ildə X3 və 22.01.1998-ci ildə X5 dünyaya gəlmişdir. Uşaqları dünyaya gəldikdən sonra qanunvericiliyin tələblərinə əsasən çoxuşaqlı ana kimi müavinətlə təmin edilməsi barədə müvafiq orqanlara müraciət etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Sonuncu müraciəti əldə edə bilmədiyi müavinətin üç ilinin ona ödənilməsi ilə bağlı olsa da cavabdeh 13.10.2020-ci il tarixli, **********0 saylı məktubu ilə bundan imtina etmişdir. Ona görə də, iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı iddiaya münasibətdə yazılı etirazda qeyd olunanlara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçının sonuncu, yəni altıncı övladının 18 yaşı 22.01.2016-cı il tarixdə tamam olmuşdur. İddiaçı 09.10.2020-ci il tarixdə Kəpəz rayon filialına müraciət edərək çoxuşaqlı ana olduğu üçün müavinətin təyin olunmasını tələb etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina verilmişdir. Cavabdeh tərəfindən beşdən çox uşağı olan qadınlara verilən müavinətin iddiaçıya təyin edilməsinin “Sosial Müavinətlər Haqqında” Azərbaycan Respublikası Qanununa zidd olduğundan imtina əsaslı və qanuni olmuşdur. Məhkəmə araşdırmasının predmetini iddiaçının övladlarına məxsus şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrinin surətləri, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialının 13.10.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının sonuncu altıncı övladı 22.01.1998-ci ildə anadan olmuş və onun 18 yaşı 22.01.2016-cı il tarixdə tamam olmuşdur. İşin mübahisəli halı beşinci övladının bir yaşı tamam olduğu 19.10.1992-ci ildən etibarən, altıncı övladının on səkkiz yaşı tamam olduğu 22.01.2016-cı ilə qədər almalı olduğu müavinətin ödənilməsi ilə bağlıdır. “Sosial Müavinətlər Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sosial müavinətlər (bundan sonra-müavinətlər)-bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Müavinət növlərindən biri də beşdən çox uşağı olan qadınlara ödənilən müavinətdir (maddə 1.0.1, 3.1 və 4.0.1.13). Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 7.0.10-3-cü maddəsinə əsasən, beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir; beşdən çox uşağı olan qadınlara müavinət - uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir (maddə 9.1.10). Həmin Qanunun 14-cü maddəsinə əsasən, bu Qanun 2006-cı ilin yanvarın 1-dən qüvvəyə minir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, uşaqların bu qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. İstinad olunan maddi hüquq normalarında sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir, ikinci halda-yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sonuncu övladının yetkinlik (18) yaşı 11.01.2016cı ildə tamam olduğundan o uşaq statusunu itirmiş hesab olunur. Bundan başqa iddiaçı müvafiq icra hakimiyyəti orqanına müavinətin verilməsi üçün 09.10.2020-ci il tarixdə müraciət etdiyindən və həmin tarixdən müavinətin geriyə ödənişinin 09.10.2017-ci ilə təsadüf edəcəyindən, qeyd olunan tarixdə isə iddiaçının müavinəti tələb etmək hüququ olmadığından iddiaçının 1992-ci ildən 2016-cı il tarixədək ödənilməmiş müavinətin ödənilməsi tələbinə cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialına qarşı “19.10.1992-ci il tarixdən 22.01.2016-cı il tarixədək beşdən çox uşağı olan qadınlara verilən müavinətin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar