Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-948/2022 19.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs Bərdə rayon Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) ölüm akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 09.02.2022ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 28.07.2010-cu il tarixli 23 saylı ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 23.09.2020-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamışdır. Həmin müqavilə yenilənən zaman onun elektron informasiya sistemində qeydiyyata alınması mümkün olmamış, məlum olmuşdur ki, Bərdə rayon Lənbəran kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 28.07.2010-cu il tarixli 23 saylı ölüm akt qeydinə əsasən elektron informasiya sistemində iddiaçının öldüyü qeydə alınmışdır. İddiaçı həmin ölüm akt qedyinin ləğv edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu isə bundan imtina etmişdir. Əvvləki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun Mustafa adlı qardaşı olmuş, qardaşı anadangəlmə xəstə olmuş və 27.07.2010-cu ildə vəfat etmişdir. Həmin vaxt qardaşının adına tərtib edilməli olan ölüm haqqında akt qeydində yanlışlıq baş verməsi nəticəsində onun adı qeyd olunmuşdur. İddiaçının müvafiq ərizəsi əsasında məhkəmənin 31.03.2022-ci il tarixli qərardadı ilə 28.07.2010-cu il tarixli, 23 nömrəli ölüm akt qeydində düzəliş edilərək “Ömər” adının “Mustafa” adı ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması baradə iddia tələbinin dəyişdirilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında iddia müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxs işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Bərdə rayon İcra Hakimiyyəti Başcısının Lənbəran ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.02.2022-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Lənbəran kəndində yaşayır. -Bərdə rayon İcra Hakimiyyəti Başcısının Lənbəran ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.02.2022-ci il tarixli, 51 nömrəli arayışdan görünür ki, X1 27.07.2010cu ildə Bərdə rayon Lənbəran kəndində vəfat etmişdir. -Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.02.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 27.07.2010-cu ildə ölmüşdür. -Bərdə rayon Qeydiyyat şöbəsinin 02.02.2022-ci il tarixli, 54-05/15 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq kifayət qədər əsaslar olmadığına görə təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. -Bərdə rayon qeydiyyat şöbəsinin 02.03.2022-ci il tarixli, 115-05/13 nömrəli məktubuna əlavə edilmiş 23 nömrəli, 28.07.2010-cu il tarixli ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı 27.07.2010-cu il tarixdə Bərdə rayon, Lənbəran kəndində ölməsi qeydə alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının qardaşı X1 27.07.2010-cu il tarixdə Bərdə rayon Lənbəran kəndində ölmüşdür. Bunanla bağlı Bərdə rayon Lənbəran kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi tərəfindən 28.07.2010-cu il tarixli, 23 nömrəli ölüm haqqından akt qeydi tərtib edilərikən “X1” əvəzinə “İddiaçı” kimi yanlış qeyd aparılmışdır. İddiaçı sözügedən aktın ləğv edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının hazırda yaşaması və müvafiq arayışa əsasən qardaşının ölmüş olmasının öz təsdiqini tapması onu deməyə əsas verir ki, iddiaçının qardaşına dair ölüm haqqında akt qeydi tərtib edilərkən onun adı ilə bağlı səhvə yol verilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Qaydalar”da təsbit edilmişdir. Həmin Qaydaların:- -1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -4-cü bəndinin 11-ci yarımbəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biri hesab edilir. -5-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Beləliklə işin yuxarıda qeyd olunan faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının qardaşının ölüm haqqında akt qeydində onun adına düzəliş edilməsi üçün kifayət qədər yetərli əsaslar mövcuddur. Odur ki, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilməklə İddiaçı ölüm haqqında akt qeydində adına düzəliş edilərək “Mustafa” kimi qeyd edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı dair tərtib edilmiş 28.07.2010-cu il tarixli 23 saylı ölüm haqqında akt qeydində “Ömər” adına düzəliş edilərək “Mustafa” kimi qeyd edilməsi öhdəliyi Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-948/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-948/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver