Məhkəmə qərarları › İş №2-1(114)-950/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-950/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-950/2021 27.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, həqiqətəndə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmış, lakin məhkəmə onun iddiasını təmin etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-790/2020 nömrəli qərarı mövcuddur. Həmin qərardan İddiaçı tərəfindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş və Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(104)-636/2020 nömrəli qərar ilə İddiaçı şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2-1(114)-790/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(104)-636/2020 nömrəli qərarı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin qərara əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə icraata eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 78, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar