Məhkəmə qərarları › İş №2-1(114)-950/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-950/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-950/2022 29.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş pul mükafatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı qəyyumu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2006-cı ildən 2020-ci ilədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin 215, 050, N və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə ona ödənilməmiş pul mükafatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra, iddiaçının qəyyumu Qanuni nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hərbi hissələrdə xidmət etdiyi dövrlərdə oğlu İddiaçı ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və 29 mart 2022-ci il tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 15 sentyabr 2006-cı il tarixdən 05 aprel 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin 215, 050,N və N saylı hərbi hissələrində hərbi xidmətdə olmuşdur. N saylı Hərbi Hissə komandirinin 05 aprel 2020-ci il tarixli, 96 nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2021-ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir. Hərbi xidmətdə olduğu bu dövr ərzində qüvvədə olan qanunvericiliyin tələbinə görə ona nümunəvi hərbçi kimi ildə 1 dəfə mükafat ödənilməliydi. Belə ki, N saylı hərbi hissə komandirinin xidməti xasiyyətnaməsindən görünür ki, o, xidmət etdiyi dövrdə nizamintizamlı hərbçi olmuşdur. Komandir və rəislərin verdiyi əmr və göstərişləri vaxtında yerinə yetirmiş, nizamnamənin tələblərini bilməklə göstərişləri vaxtında yerinə yetirmiş, hərbi nəzakət və davranış qaydalarına riayət etmiş, dəfələrlə mükafatlandırılmış və heç bir cəza almamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 27.3-cü maddəsinin tələblərinə əsasən ona mükafat ödənilməsinə mane olan heç bir hal müəyyən edilməmişdir. Belə olan halda hərbi xidmət zamanı nümunəvi xidmətə görə Müdafiə Nazirliyinə müraciət edərək xidmət dövründə ödənilməmiş mükafatın hesablanıb ona verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi xx.xx.2021-ci il tarixli, 11/4495 nömrəli məktubu ilə ona imtina edilmişdir. Yuxarıda şərh edilmiş Hərbi Hissə komandirinin xidməti xasiyyətnaməsindən və işin hallarından da göründüyü kimi, onun mükafatdan məhrum edilməyəimə əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 27.3-cü maddəsində göstərilən və yuxarıda sadalanan heç bir pozuntuya yol verməmiş və komandir heyəti tərəfindən heç vaxt hər hansı bir cəza almamışdır. Göründüyü kimi, Müdafiə Nazirliyinin imtinası tamamilə əsassız və ədalətsizdir. Ona görə də hesab edir ki, 2006-cı ildən 2020-ci ilədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin 215, 050, N və N saylı hərbi hissələrində xidmət etdiyi dövrlərdə ona ödənilməmiş pul mükafatının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. İşin şifahi məhkəmə baxışı 29 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının qəyyumu məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1353 nömrəli arayışı, xidməti xasiyyətnamənin surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2021-ci il tarixli “müayinə olunan şəxs barədə” məlumatının surəti, xx.xx.2004-cü il tarixli, AO ******* nömrəli hərbi biletin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 11/4495 nömrəli məktubu, Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 120 nömrəli sərəncamının surəti, 193 nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli, 4719 nömrəli məktubu və 701 nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli, 2605 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələri). Belə ki, İddiaçı qəyyumu Qanuni nümayəndə hərbi hissələrdə xidmət etdiyi dövrlərdə oğlu İddiaçı ödənilməmiş 13-cü əmək haqqının ödənilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh orqan imtina etdiyindən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir Belə ki, İddiaçı qəyyumu Qanuni nümayəndə iddia ərizəsində hərbi hissələrdə xidmət etdiyi dövrlərdə oğlu İddiaçı 13-cü əmək haqqının ödənilmədiyini iddia etsə də, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 nömrəli Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 4719 nömrəli məktubundan görünür ki, Müdafiə nazirinin 14 dekabr 2018-ci il tarixli müvafiq əmrinə (məxfi) əsasən, 049 nömrəli Hərbi Hissənin hərbi qulluqçularına həmin dövr ərzində olduqları vaxtı əmək haqqına əlavə 1,5 əmsalla verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 701 nömrəli Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 2605 nömrəli məktubundan görünür ki, 701 nömrəli Hərbi Hissənin sabiq hərbi qulluqçusu İddiaçı birdəfəlik pul mükafatı (13-cü maaşı) 2020-ci ilin may ayında hərbi qulluqçuların pul təminatı ödənilən zaman Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 22 nömrəli qərarına əsasən hesablanaraq İddiaçı əmək haqqı kartına köçürülmüşdür. Göründüyü kimi, iddiaçının hazırda tələb etdiyi pul mükafatı iddiaçıya ödənilmişdir. Odur ki, həmin məbləğin iddiaçıya yenidən ödənilməsi istisna edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 562 saylı, 19 oktyabr 1992-ci il tarixli qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli əmrilə “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmiş və həmin Əsasnamədə birdəfəlik pul mükafatları ilə bağlı məsələ aşağıdakı kimi tənzimlənmişdir: - 27.1-ci bəndinə əsasən, hərbi qulluqçulara cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzaladığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir; - 27.3-cü bəndinə əsasən, ...hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinəyət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarının azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər; - 27.8-ci bəndinə əsasən, bütün hallarda hərbi qulluqçulara mükafatın ödənilməsi əmrində mükafatın kimə və hansı məbləğdə ödənilməsi, habelə mükafatın azaldılması və ya tam məhrum edilmə səbəbləri göstərilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. - 10.2-ci maddəsinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş pul mükafatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7. maddəsinin tələblərinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ödənilməmiş pul mükafatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar