Məhkəmə qərarları › İş №2-1(114)-950/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-950/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-950/2025 21.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X10, X11, X18, X19, X16, X5, X6, X7, X2, X8, X3 və X4 ona məxsus olan Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, 15 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, 15 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0114 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

2. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayış və Elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X10, xx.xx.2003-cü il təvəllüdlü X11, xx.xx.2014-cü il təvəllüdlü X18, xx.xx.2015-ci il təvəllüdlü X19, xx.xx.2008-ci il təvəllüdlü X16, xx.xx.1960cı il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.1980-ci il təvəllüdlü X7, xx.xx.1982ci il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.1979-cu il təvəllüdlü X1 şəhəri, Feyzulla Mirzə küçəsi, 15 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı üçüncü şəxslər X10, X11, X18, X19, X16, X5, X6, X7, X2, X8, X3 və X4 ona məxsus olan Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, 15 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-1469/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1957-ci ildə anadan olmuş İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində məlumat aşkar edilmişdir. Uşaq – X9 (xx.xx.1994); Uşaq – X13 (xx.xx.1996).

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 7115/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına istinadən Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, ev 15 ünvanı ilə Gəncə şəhəri, Kəpəz rayonu, Kalinin küçəsi, ev 15 ünvanı eynilik təşkil edir.

6. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-24982/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X10 xx.xx.2003-cü il tarixdən hal-hazıradək, X11 xx.xx.2017-ci il tarixdən hal-hazıradək, X18 xx.xx.2017-ci il tarixdən hal-hazıradək, X19 xx.xx.2017-ci il tarixdən hal-hazıradək, X16 xx.xx.2017-ci tarixdən hal-hazıradək, X5 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X6 xx.xx.2016-cı il tarixdən hal-hazıradək, X7 xx.xx.2003-cü il tarixdən hal-hazıradək, X2 xx.xx.2003-cü il tarixdən hal-hazıradək, X8 xx.xx.2015-ci il tarixdən hal-hazıradək, X3 xx.xx.2015-ci il tarixdən hal-hazıradək, X12 xx.xx.2002-ci il tarixdən hal-hazıradək Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, ev 15 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

7. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 184 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1369 nömrəli arayışdan görünür ki, X10, X11, X18, X19, X16, X5, X6, X7, X2, X8, X3 və X12 həqiqətən Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, 15 ünvanında qeydiyyatda olsalar da hal-hazırda həmin ünvanda yaşamırlar.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12675/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Gəncə şəhərində bir sıra küçə adları dəyişdirilmişdir. Odur ki, ünvan 5 ünvanı ilə Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, ev 15 (Yeni qaydalarla: AZ 2012, ünvan 1 ünvanı eynilik təşkil edir. II. Məhkəmədə icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X10, X11, X18, X19, X16, X5, X6, X7, X2, X8, X3 və X4 ona məxsus olan Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, 15 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Feyzulla Mirzə küşəsi,15 ünvanda yerləşən ata-baba mülkü olmuş, vərəsəlik qaydasında tam mülkiyyətinə keçmişdir. Həmin evin qeydiyyatında yaxın və uzaq qohumları qeydiyyta düşmüş və hər biri evə qeydiyyata düşsələr də uzun müddətdir orada yaşamırlar. Hamısı özlərinə ev almış, lakin evində yaşamasalar da qeydiyyatdan çıxmamışlar. O, cox vaxt Rusiyada yaşadığından qohumlarla yaxın əlaqəsi olmadığından kimin harada yaşamasından xəbəri yoxdur. Lakin onların formal olaraq onun evinin qeydiyyatında qalmaları onu narahat edir. Onun mülkiyyətində olan evdə ona hər hansı bir aidiyyatı olmayan şəxsin qeydiyyatda qalmasını istəmir. Onların onun evində qeydiyyatda qalmaları ona maddi - zibil, su, kanalizasiya xidmətləri üçün pulu qeydiyat üzrə adambaşına tutulur və sair ziyan vurduğundan və hazırda evdə yaşamadıqlarından onların evinin qeydiyyatından çıxarılması xahişi ilə Cavabdehə müraciət etmiş, lakin həmin idarənin 3513-57/2-M-17520/u/24 saylı xx.xx.2024-ci il tarixli məktubu ilə "bu iş məhkəməlikdir"yazıb ərizəyə imtina etmişlər. Ona görə də bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3161/2024 nömrəli qərardadı ilə X10, X11, X18, X19, X16, X5, X6, X7, X2, X8, X3 və X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

15. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

16. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

18. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

20. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

21. İddiaçının iddia ərizəsinə əlavə etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, 15 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0114 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

22. Göründüyü kimi, həmin çıxarış iddiaçının Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, 15 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində deyil, həmin ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır. Belə olan halda, Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, 15 ünvanında yerləşən mənzil hazırda İddiaçı mülkiyyətində olmadığından o, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildir.

23. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

24. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar