Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-952/2020 12.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (üçüncü şəxslər X1, X2, X5, X4) qarşı üçüncü şəxslərin sahiblik hüquqlarının etibarsız hesab olunması tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Şəmkir yolunun sağ tərəfində istifadəsində olan torpaq sahəsində üçüncü şəxslərin sahiblik hüquqlarının etibarsız hesab olunması barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 (bundan sonra mətndə cavabdeh) üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Şəmkir yolunun sağ tərəfində yerləşən 0,54 ha torpaq sahəsi istifadəsində olmaqla, Gəncə ASAN Xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 3M-153 saylı istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu ildə adına qeydiyyata alınmış və çıxarış verilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üçüncü şəxslərin hər birinə onun istifadəsində olan torpaq sahəsinin 400 kv.m-nə “torpaq sahəsinin planı ölçüsü” sənədinin hazırlanmasına dair rəy vermiş və üçüncü şəxslər razılaşdırılmış layihə üzrə ev tikmişlər. 2013-cü ildən üçüncü şəxslərin hər biri onun istifadəsində olan torpaqda tikilmiş evdə yaşayırlar. Üçüncü şəxslər onun torpaq sahəsində tikdikləri eviqanunsuz olaraq tikdikləri üçün onların sahiblik hüququnun etibarsız sayılması üçün məhkəmə araşdırmasına ehtiyac vardır. DT və XK-nın Gəncə şəhər şöbəsinin müdiri tərəfindən hər 4 nəfərə eyni tipli sənədlər verilmişdir. O, hesab edir ki, bu sənədlərin hüquqi əsası yoxdur. Hazırda DT və XK-nın Gəncə şəhər şöbəsi ləğv olunub və səlahiyyətləri cavabdeh idarəyə verilmişdir. O, istifadəsində olan torpaq sahəsinin boşaldılması və həmin torpaqda tikilmiş mülklərin sökülməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışdır. Odur ki, üçüncü şəxslərin sahiblik hüquqlarının etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəfindən bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iş üzrə tələb “sahiblik hüquqlarının etibarsız hesab edilməsi” olsa da, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı əslində üçüncü şəxslərə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədini mübahisələndirir. Hüquq müəyyənedici sənəd olmayan “torpaq sahəsinin planı və ölçüsü” sənədi iş üzrə qanunla mübahisələndirilməsinə yol verilən inzibati akt olmadığından hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin planı və ölçüsü sənədi məlumat daşıyıcısı olmaqla texniki sənəddir. Həmin sənəd nə inzibati, nə də hüquqi aktdır. Ona görə də torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə mülki icraat qaydasında baxılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Məhkəmə, həmçinin iddiaçının diqqətinə çatdırır ki, mübahisələndirilən torpaq sahələrinin plan və ölçüsü sənədləri keçmiş Kirovabad XDS İK-nın xx.xx.1988-ci il tarixli 11 saylı qərarına, habelə Həmkarlar Təşkilatının müvafiq protokollarından çıxarış qərarlarına əsasən verilmişdir. İddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq hüquq müəyyənedici aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla, inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra sözügedən torpaq sahələrinin plan və ölçüsü mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (üçüncü şəxslər X1, X2, X5, X4) qarşı üçüncü şəxslərin sahiblik hüquqlarının etibarsız hesab olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-952/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-952/2020
12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver