Məhkəmə qərarları › İş №2-1(114)-954/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-954/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-954/2023 16.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 2 ünvanda yerləşən 133 nömrəli mənzil Gəncə Toxuculuq kombinatının xx.xx.1996-cı il tarixli, 853 nömrəli orderi ilə İddiaçı (bundan sonra mətndə - iddiaçı) adına verilmiş, orderdə ailənin tərkibi kimi yalnız iddiaçının adı qeyd edilmişdir. İddiaçı yaxınlarda yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayış əsasında X2 həmin evdə faktiki yaşamasa da, qeydiyyatda olduğunu bilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ona məxsus olan evdən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 9-cu maddəsinə istinad edilərək iddiaçıya bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə X2 ona məxsus ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmasının öhdəlik olaraq cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək izahatında bildirmişdir ki, üçüncü şəxsi tanımır, heç bir qohumluq və yaxınlıq münasibətləri yoxdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs iddiaya münasibət bildirməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin və üçüncü şəxsin şifahi məhkəmə baxış iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişlərdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Gəncə Toxuculuq kombinatının xx.xx.1996-cı il tarixli, 853 nömrəli orderi, yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayış, cavabdehin imtinası, X4 filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-151/2023 nömrəli arxiv arayışı təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Bununla bağlı Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Odur ki, ünvan 1 üzərində iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmasa belə, orderə əsasən onun həmin daşınmaz əmlaka dair gözlənilən mülkiyyət hüququ vardır. Eyni zamanda, iddiaçı tərəfindən iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdəmüvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, iddiaçı mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqları olmayan, onun və orderdə qeyd olunmuş digər şəxslərin yaxın qohumları olmayan və faktiki olaraq da orada yaşamayan üçüncü şəxsin həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb edə bilər. Həmin şəxsin adı orderdə qeyd olunmamışdır. Ona görə də cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” iş üzrə qərarında qeyd etmışdir ki, order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxs X1 ev üzərində hər hansı hüquqa malik olmadığı və orada yaşamadığı hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar