Məhkəmə qərarları › İş №2-1(114)-955/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-955/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-955/2020 25.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, iddiaçı Əhmədov Namiq Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir rayonu Yuxarı Seyfəli bələdiyyəsi) qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı Əhmədov Namiq Nurəddin oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir rayonu Yuxarı Seyfəli bələdiyyəsi) qarşı A 358258 saylı, xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında onun adına qeyd edilmiş, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun; 2.0.5. maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. 2.0.9. maddəsinə əsasən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt aralıq inzibati akt hesab olunur. 32.2. maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1. maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 71.1. maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.3. maddəsinə əsasən yalnız səlahiyyətlə bağlı, etirazla bağlı, icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı və qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana şikayət verilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə barədə iddia tələbinin mümkün hesab edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********02 nömrəli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, orqan öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada ərizə ilə bağlı sənədlərin təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 28.1.1. maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Bundan başqa, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 31.1. maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. 31.2. maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Qeyd edilən normanın tələbinə əsasən məhkəmə icraatında fiziki şəxslər yalnız yaxın qohumları və ya vəkili vasitəsilə təmsil oluna bilərlər. Hazırkı iş üzrə iddia əriəzəsindən, ona əlavə olunmuş sənədlərdən və ya etibarnamədən etibar edən şəxslə etibar edilən şəxsin, yəni məhkəmə icraatında təmsil edilən iddiaçı ilə nümayəndənin hər hansı qohumluq münasibətinin olub-olması müəyyən edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 3cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPMin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Əhmədov Namiq Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir rayonu Yuxarı Seyfəli bələdiyyəsi) qarşı çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamlı, iddiaçıya yenidən mümkünlük şərtlərinə əməl olunmaqla eyni predmet üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Əhmədov Namiq Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir rayonu Yuxarı Seyfəli bələdiyyəsi) qarşı çıxarışın verilməsi tələbinə dair iddia mümkün sayılmasın. İddiaçı Əhmədov Namiq Nurəddin oğluna iddianın mümkünlük şərtlərinə əməl edilməklə eyni predmet üzrə yenidən iddia qaldırmaq imkanı izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar