Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-956/2021 12.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 13.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2019-cu ildə hazırki tələbə baxılarkən Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən natamam arayış verildiyinə görə iddia rədd olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə 28.04.2021-ci il tarixli, 11/1957 nömrəli vəsatət göndərilərək bildirilmişdir ki, iddiaçının daha əvvəl analoji tələblə X1 müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin 10.06.2019-cu il tarixli, 2- 1(083)-749/2019 nömrəli qərarı ilə iddia təmin edilməmiş, eləcə də həmin qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bu səbəbdən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iddiaçıya məxsus surəti əlavə edilmiş 20.02.2014-cü il tarixli, ******* nömrəli hərbi biletdə İddiaçı 02.12.1992-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olması, eləcə də 03.09.1994-cü il tarixdən 30.09.1996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət etməsi qeyd edilmişdir. -surəti əlavə edilmiş N nömrəli hərbi hissənin noyabr 1996-cı il tarixli 900 nömrəli arayışında İddiaçı 03.09.1994-cü il tarixdən 12.11.1996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində xidmət etməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 08.06.2021-ci il tarixli, 9/2-4365 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin 02.12.1992-ci il tarixli, 59 nömrəli əmri ilə İddiaçı kəşfiyyat tağımında kəşfiyyatçı vəzifəsinə təyin olunması, N nömrəli hərbi hissə komandirinin 15.11.1993-cü il tarixli, 252 nömrəli əmrilə 14.11.1993-cü il tarixindən fərarilikdən hərbi hissəyə qayıtmış hesab edilərək bütün növ təminatlarla təmin olunması, N nörməli hərbi hissə komandirinin 03.09.1994-cü il tarixli, 243 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına daxil edilərək tank bölüyündə tank komandiri vəzifəsinə təyin edilməsi, Müdafiə nazirinin 30.09.1996-cı il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyyata tərxis edildiyi üçün manqa komandiri çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin 13.11.1996-cı il tarixli, 319 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Kəlbəcər rayon Hərbi Komissarlığına göndərilməsi qeyd edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 25.11.2020-ci il tarixli, 1/Ş-15486 nömrəli məktubunda Mərkəzi Arxivin 22.11.2019-cu il tarixli 9/2-18388 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə İddiaçı xidmət keçməyi atəşkəs dövrünə (03.09.1994-30.09.1996-cı il) təsadüf etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunduğu bilidirilir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə cavabdehin 28.04.2021-ci il tarixli, 11/1957 nömrəli vəsatəti ilə bağlı qeyd edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsində 2-1(083)-749/2021 nömrəli işə baxılarkən Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən iddiaçının hərbi xidməti ilə bağlı natamam və təhrif olunmuş arayış verildiyinə görə iddia rədd olunmuşdur. Hazırki vəziyyətdə baxılan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində olsa da iş üzrə yeni əsaslar mövcud olduğuna görə məhkəmə iddiaya baxılmasını mümkün hesab edir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da, əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin müvafiq məktubları ilə müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin 02.12.1992-ci il tarixli, 59 nömrəli əmri ilə kəşfiyyat tağımında kəşfiyyatçı vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin 15.11.1993-cü il tarixli, 252 nömrəli əmrilə 14.11.1993-cü il tarixindən fərarilikdən hərbi hissəyə qayıtmış hesab edilərək bütün növ təminatlarla təmin olunmuş, N nömrəli hərbi hissə komandirinin 03.09.1994-cü il tarixli, 243 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilərək, tank bölüyündə tank komandiri vəzifəsinə təyin edilmiş, Müdafiə nazirinin 30.09.19996-cı il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyyata tərxis edildiyi üçün N nömrəli hərbi hissə komandirinin 13.11.1996-cı il tarixli, 319 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Kəlbəcər rayon Hərbi Komissarlığına göndərilmişdir. Cavabdeh orqanın imtinasından görünür ki, İddiaçı xidmət keçməsi atəşkəs dövrünə (03.09.1994-30.09.1996-cı il) təsadüf etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Lakin cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı 02.12.1992-ci il tarixdən 03.09.1994-cü il tarixədək N və N nömrəli hərbi hissələrdə də hərbi xidmət keçmişdir və ona məxsus hərbi biletdə də N nömrəli hərbi hissədə xidmət etdiyi dövr “müharibə dövründə hərbi xidmət keçməsi” qrafasında qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı 02.12.1992-ci il tarixdən 13.11.1996-cı il tarixədək hərbi xidmətdə olmaqla yanaşı, həm də qanuni əsaslarla ehtiyata buraxılmışdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-956/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-956/2021
12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver