Məhkəmə qərarları › İş №2-1(114)-958/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-958/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-958/2024 18.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və Tovuz rayonu Dondar Quşçu bələdiyyəsinə qarşı qərarın və sərəncamın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçıların vəkil olan nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və Tovuz rayonu Dondar Quşçu bələdiyyəsinə (üçüncü şəxs Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzi) qarşı Tovuz rayonu X2 xx.xx.2007-ci il tarixli 10 saylı qərarının və Cavabdeh başçısının 11 yanvar 2012-ci il tarixli 04 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.2954 ha və 0.5939 ha torpaq sahələri üzərində İddiaçı2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Tovuz rayonu X2 xx.xx.2007-ci il tarixli 10 saylı protokolundan çıxarışa əsasən Diaqnostika Mərkəzi tikintisi altına Dondar Quşçu bələdiyyəsi ərazisindən, Bakı-Qazax avtomobil yolunun sol hissəsindən ölçüləri 150x120 metr olmaqla 1,80 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

3. Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 04 saylı sərəncamı ilə Dondar Quşçu kəndi ərazisində X2 qərarı ilə ayrılmış 1,8 ha torpaq sahəsi daxilində rayonun baş memarı ilə razılaşdırılmış layihə əsasında Hemodializ Mərkəzinin tikintisinə icazə verilməsi qərara alınmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 3-59/M- 23961 nömrəli məktubunda bildirilmişdir ki, Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzinin binası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən inşa edilərək Səhiyyə Nazirliyinin balansına verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin: - xx.xx.2022-ci il tarixli **********09 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı1 Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü aldığı vaxtlar torpaq sahəsi ona təlimata müvafiq tanıdılmışdır. 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisi həmin ərazidə olmuş, sahənin döngə nöqtələrinin koordinatlarını bir daha ona göstərmişdir. Məlum olmuşdur ki, sahənin 0.1554 ha hissəsi başqa təşkilatın istifadəsindədir. - xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubunda bildirilmişdir ki, 15 saylı Tovuz Ərazi İdarəsinin aidiyyəti mütəxəssisləri elektron baza məlumatlarına əsasən araşdırma apardıqda məlum olmuşdur ki, reyestr nömrəsi **********56 olan 0.5939 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tamamilə hamısı reyestr nömrəsi **********55 olan 0.2954 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsi zəbt edilmiş başqa təşkilatın istifadəsindədir. II. Məhkəmədə icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə və Tovuz rayonu Dondar Quşçu bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzi) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Tovuz rayonu X2 xx.xx.2007-ci il tarixli 10 saylı qərarının və Cavabdeh başçısının 11 yanvar 2012-ci il tarixli 04 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən İddiaçı1 sahibkarlıq məqsədi ilə məxsus olan kənd təsərrüfatı təyinatlı 0,25 ha torpaq sahəsinin 0,1554 ha hissəsi və qızı digər İddiaçı2 MH seriyalı ******* saylı və MH seriyalı ******* saylı çıxarışlara əsasən məxsus olan 0,5939 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hamısı, MH seriyalı ******* saylı çıxarışla isə 0,2954 ha torpaq sahəsinin bir hissəsi Tovur rayon X1 tərəfindən zəbt edilmiş və hal-hazırda da onun qanunsuz istifadəsindədir. Yuxarıda göstərilənlər 15 saylı Tovuz Ərazi İdarəsinin 23.06.22-ci il tarixli **********14 saylı, xx.xx.2022-ci il tarixli **********0 saylı məktubları ilə də öz təsdiqini tapmışdır. İddiaçı1 məxsus olan və sahibkarlıq məqsədi ilə verilmiş kənd təsərrüfatı təyinatlı 25 sot (0.25 ha) torpaq sahəsinin 0,1554 ha hissəsi 2-ci cavabdeh tərəfindən metal məhəccərə alınmış, qalan 0,0946 ha hissəsi isə Tovuz rayon Diaqnostika Mərkəzi tərəfindən həyətyanı sahə kimi istifadə edilir. Bununla bərabər digər qızı Bağırova (Səfərova) Lalə Telman qızına məxsus olan xx.xx.2001-ci il 9A saylı texniki pasporta əsasən, yuxarıda göstərilən 0,25 ha torpaq sahəsində mövcud olmuş iki mərtəbəli maqazin də cavabdehlər tərəfindən sökülərək məhv edilmişdir. Artıq uzun müddətdir ki, yuxarıda qeyd olunan cavabdehlər ilə rəsmi yazışmalar aparsa da, hər dəfə müxtəlif bəhanələr gətirmiş və Cavabdeh və X2 səlahiyyətli nümayəndələri tərəfindən alternativ eyni keyfiyyətli və ölçüdən digər torpaq sahəsinin verilməsini məlum etsələr də, bütün vədlər sonunda boşa çıxmışdır. Hazırda yeganə yolu məhkəmə qaydasında ona məxsus və Dövlət Reyestri tərəfindən tanınmış çıxarışlar ilə məlum torpaq sahəsinə verilmiş sərəncamının və bələdiyyə qərarının ləğv edilməsidir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardaı ilə iddiaçıların cəlbetmə barədə vəsatəti qismən təmin edilmiş, Tovuz rayon Diaqnostika və Hemodializ Mərkəzi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, vəsatət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üçüncü şəxs kimi cəlb edilmələri hissəsində təmin edilməmişdir.

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, icraatda olan hazırkı inzibati işin Tovuz Rayon Məhkəməsinin icraatında olan 2(062)-2818/2023 saylı işlə bir icraatda birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər və xx.xx.2023-cü il tarixli qərardadla işlərin bir icraatda birləşdirilməsi barədə vəsatət rədd edilmişdir.

12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

13. İddiaçıların vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehlər və üçüncü şəxs isə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri, mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

14. İddiaçıların vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Cavabdehlərin və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

16. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır.

17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

18. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

20. İş materialları ilə müəyyən olunur ki, Tovuz rayonu X2 xx.xx.2007-ci il tarixli 10 saylı protokolundan çıxarışa əsasən Diaqnostika Mərkəzi tikintisi altına Dondar Quşçu bələdiyyəsi ərazisindən, Bakı-Qazax avtomobil yolunun sol hissəsindən ölçüləri 150x120 metr olmaqla 1,80 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 04 saylı sərəncamı ilə Dondar Quşçu kəndi ərazisində X2 qərarı ilə ayrılmış 1,8 ha torpaq sahəsi daxilində rayonun baş memarı ilə razılaşdırılmış layihə əsasında Hemodializ Mərkəzinin tikintisinə icazə verilməsi qərara alınmışdır.

21. Hazırda iddiaçılar həmin torpaq sahəsinin onlara məxsus olduğunu və üçüncü şəxs tərəfindən zəbt edildiyini əsas gətirməklə, sözügedən qərarı və sərəncamı mübahisələndirirlər.

22. Məhkəmə qeyd edir ki, həmin qərar və sərəncam “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

23. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.

24. “İnzibati icraat haqqında” Qanuna görə : Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

25. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçı inzibati orqanların bundan təxminən 17 il əvvəl qəbul etdiyi qərarın və 12 il əvvəl verdiyi sərəncamın qanunsuz sayılaraq ləğv olunmasını tələb edir.

26. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

27. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.

28. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

29. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir.

30. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər.

31. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).

32. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənmişdir.

33. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).

34. Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər).

35. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları, həmçinin əmək qanunvericiliyi ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.

36. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

37. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

38. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki: - “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu” - “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.

39. Göründüyü kimi, iddiaçı sözügedən qərarı və sərəncamı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir və həmin müddəti buraxılmasından 1 ildən çox vaxt keçdiyi üçün müddətin bərpasına dair ərizə verilə bilməz.

40. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

41. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar