Məhkəmə qərarları › İş №2-1(114)-959/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-959/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-959/2021 03.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 14.11.2015-ci ildə doğulmuş qızı X3 və 19.10.2017-ci ildə doğulmuş oğlu X5 doğum akt qeydində dəyişiklik edilərək soyadlarının «Əzəmətli» soyadına dəyişdirilməsi və doğum akt qeydlərində dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Nüsrə qızı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.10.2017-ci ildə doğulmuş oğlu X5 doğum akt qeydində dəyişiklik edilərək soyadının «Əzəmətli» soyadına dəyişdirilməsi və doğum akt qeydlərində dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ərizə ilə cavabdehə müraciət edərək oğlu-X5 doğum akt qeydində soyadında dəyişiklik edilərək «Əzəmətli» kimi qeyd edilməsini xahiş etmiş, cavabdeh 08.04.2021-ci il tarixli 05/Q-1672 nömrəli məktubla Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadının valideynlərin soyadı ilə müəyyən edildiyini, 12.01.2016-cı il tarixdə cavabdeh tərəfindən tərtib olunmuş 53 saylı və 21.02.2018-ci tarixdə Cavabdehndə tərtib edilmiş 379 saylı doğum haqqında akt qeydində soyad atanın soyadına uyğun olaraq «Qarayev» yazıldığını və uşağın hazırkı soyadının atanın soyadına uyğun olduğu üçün düzəliş etmək səlahiyyətinin cavabdehin imkanı xaricində olduğunu bildirmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 03.05.2021-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək oğlu-X8 ilə birlikdə qızı-X3 da doğum aktı qeydində dəyişiklik edilərək soyadının «Əzəmətli» kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 03 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə 23.04.2021-ci il tarixli 05/Q-07 nömrəli məktub ünvanlayaraq məhkəmə prosesinin onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini AZ-İİ 075094 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, AZ-İİİ 662653 və AZ-İV 068570 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, AZE15347286 və AZE ******** seriyalı şəxsiyyət vəsiqələrinin surətləri və cavabdehin 08.04.2021-ci il tarixli, 05/Q-1672 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin faktiki hallarından görünür ki, X7 və X4 22.10.2015-ci il tarixdə nikahlarını bağlamış, bu barədə Gəncə ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2186 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə «Qarayev», arvada isə «Qarayeva» soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından 14.11.2015-ci il tarixdə «X6» doğulmuş, bu barədə Cavabdehndə doğum haqqında akt qeydləri kitabında 12.01.2016-cı il tarixdə 53 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından 19.10.2017-ci il tarixdə «X8» doğulmuş, bu barədə Cavabdehndə doğum haqqında akt qeydləri kitabında 21.02.2018-ci il tarixdə 379 nömrə ilə qeyd aparılmışdır. İddiaçı daha sonra Cavabdehnə müraciət edərək X2 «Əzəmətli» olaraq dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh 08.04.2021-ci il tarixdə iddiaçıya ünvanladığı 05/Q-1672 nömrəli imtina məktubunda uşağın soyadının dəyişdirilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:- - 53.1-ci maddəsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.3-cü maddəsinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 54.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmişdir ki, həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalara görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir (6.1-ci bənd). Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir (6.2-ci bənd). Göründüyü kimi, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın soyadının yalnız digər valideynin soyadına uyğun dəyişdirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur ki, bu da uşağın mənafeyi nəzərə alınmaqla yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının razılığı ilə mümkündür. İşin hallarından da görünür ki, iddiaçı qızı X3 və oğlu-X1 öz soyadlarına uyğun deyil, ata babası Əzəmətin adına uyğun «Əzəmətli» kimi dəyişdirilməsini arzu edir ki, bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir, tələbin hüquqi əsası mövcud deyildir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının övladlarının soyadının dəyişdirilməsi qanunmüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı 14.11.2015-ci ildə doğulmuş qızı X3 və 19.10.2017-ci ildə doğulmuş oğlu X5 doğum akt qeydində dəyişiklik edilərək soyadlarının «Əzəmətli» soyadına dəyişdirilməsi və doğum akt qeydlərində dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar