Məhkəmə qərarları › İş №2-1(114)-96/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-96/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-96/2020 11.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxx 2002-ci il tərixədək Bərdə rayonlararası avtobazasında işləməsi ilə bağlı əmək fəaliyyətinin sığorta stajı kimi hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-ci ilin oktyabr ayının 2-dən etibarən əmək fəaliyyətinə başlamış, 2002-ci ilin avqust ayının 23-dək əmək fəaliyyətini davam etdirmişdir. Sonuncu iş yeri Bərdə rayonlararası avtobazasında xx xxxxxx 1990-cı il tarixdən götürülməklə baş mexanik vəzifəsinə təyin edilmiş, həmin vəzifədən 2002-ci ilin avqust ayının 23-də öz ərizəsi əsasında azad edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Bərdə rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqanın bildirilmişdir ki, onun xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxx 2002-ci il tərixədək Bərdə rayonlararası avtobazasında işləməsi ilə bağlı əmək fəaliyyətinin təsdiqi olan əmr kitabları, əmək haqqı cədvəlləri saxlanmadığı və arxivə təhvil verilmədiyi üçün ona əmək pensiyası təyin olunmur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1980-ci ildə o həmin işə qəbul ediləndə həmin müəssisə X1 adlanırdı, 1990-cı ildə adı dəyişmişdir. 2002-ci ilədək hər ay əmək haqqı almışdır. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 1990- 2002-ci illərdə əmək haqqı alması barədə sübut əldə olunmadığına görə həmin illər şöbə tərəfindən ona sosial sığorta stajı kimi hesablanmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxx 2002-ci il tarixədək Bərdə rayonlararası avtobazasında işləməsi ilə bağlı əmək fəaliyyətinin təsdiqi olan əmr kitabları, əmək haqqı cədvəlləri saxlanmadığı və arxivə təhvil verilmədiyi üçün ona əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. -İddiaçı məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, sonuncu xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxx 2002-ci il tərixədək Bərdə rayonlararası avtobazasında işləmişdir. -Bərdə rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 129 nömrəli məktubundan görünür ki, Bərdə avtobazası sənəd materiallarını Bərdə rayon Dövlət Arxivinə təhvil verməmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxx 2002-ci il tərixədək Bərdə rayonlararası avtobazasında işlədiyi illər istisna olmaqla iş stajı 15 il 3 ay 18 gün təşkil edir. -Bərdə rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli məktubunun surətindən görünür ki, Azərittifaqın Bərdə rayonlararası Avtobazası 1990-2002-ci illərdə fəaliyyət göstərmişdir. -11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********035200 nömrəli məktubunun surətindən görünür ki, X2 xx.xx.2000-ci il tarixdə ********* nömrə ilə uçota alınmasına baxmayaraq, sonrakı dövr ərzində 10 rəqəmli VÖEN-in alınması ilə bağlı müraciət etməmiş və uçot baza məlumatlarına əsasən həmin müəssisə vergi ödəyicisi kimi uçotda deyildir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasına əsasənyaşına görə tələb edilən sığorta stajı müqabilində cəmi 15 il 3 ay 18 gün sığorta stajı təsdiq edildiyindən, eləcə də təqdim edilən əmək kitabçasında iddiaçının 1990-2002-ci illərdə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmadığından cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qanunvericiliyin tələbinə əsasən əmək kitabçası əmək pensiyasının təyin edilməsi üçün əsas sənəd hesab olunur. Məhkəmə iddiaçıya məxsus əmək kitabçasını mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, iddiaçının xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxx 2002-ci il tərixədək 11 il 09 ay 8 gün sığorta stajı yaranmış olur. Həmçinin əmək kitabçasına əsasən iddiaçının 15 il 3 ay 18 gün sığorta stajı təsdiq edildiyindən ümumilikdə onun 27 il 26 gün sığorta stajı yaranmış olur. Göründüyü kimi yuxarıda qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur, ona görə də qeyd olunan müddətlər onun sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasına əsasən xx xxxxxx 1990-cı il tarixdən xx xxxxxx 2002-ci il tərixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar