Məhkəmə qərarları › İş №2-1(114)-960/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-960/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-960/2020 30.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı Məmmədov Knyaz Qurbanəli oğlunun iştirakı ilə İddiaçı Məmmədov Knyaz Qurbanəli oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx xxxxxx 2020-ci il tarixli, 1/m-1922 saylı məktubu ilə N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 26 nömrəli əmrində adı və ata adı göstərilmədiyi, soyadı Mamedov yazıldığı, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrində ata adı göstərilmədiyi və arxiv arayışında qeyd olunmuş məlumatın Məmmədov Knyaz Qurbanəli oğluna aid olması bilinmədiyi qeyd edilərək müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bununla razılaşmayan iddiaçı Məmmədov Knyaz Qurbanəli oğlu iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1992-ci il tarixdə Şəmkir rayon Hərbi Komissarlığından ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün Qarabağ uğrunda döyüşlərə gedib, 722 saylı Hərbi Hissənin tərkibində qulluq etməklə, atıcı olmaqla, serjant olmuş, əvvəlcə komandanlıq onu və cəbhə yoldaşlarının bir hissəsini Fred Asifin batalyonuna Şelli deyilən əraziyə göndərmişlər, oradan Ağdamın Naxçıvanik kəndi ərazisindəki qanlı döyüşlərdə fəal iştirak etmişdir. Sonra onları Cəbrayıl rayonu ərazisində gedən döyüşlərə göndərmişlər. Orada qanlı döyüşlərdə iştirak etmiş, ağız və baş nahiyyəsindən qəlpə yarası almışdır. Axırıncı döyüşü Cəbrayıl ərazisində Quşçular deyilən ərazidə döyüşlərdə iştirak etməyi olmuşdur. 1992-ci ilin sentyabr ayında həqiqi hərbi xidmətə gələn cavan əsgərləri onun kimi yaşlı əsgərlərin yerinə təyin edib, batalyonlarının hamısını tərxis etmişlər. Şəmkir batalyonunun əsgərlərinin silahlarını onun rəhbərliyi altında Şəmkir rayon hərbi komissarlığına təhvil vermişlər. Onun Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyi Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-8040 nömrəli arxiv arayışı ilə də tam təsdiq olunur. O, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı Məmmədov Knyaz Qurbanəli oğlu şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəf təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddiaçının öhdəliyin icrası haqqında iddiası mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 26 nömrəli və xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrlərindən çıxarışlardan görünür ki, Məmmədov Knyaz Qurbanəli oğlu N nömrəli hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilmiş və yeməkxanada isti yemək siyahısına salınmışdır. Şəxsi heyət yataqla və döyüş zamanı silahla təchiz edilmişdir. Raporta əsasən Məmmədov Knyaz Qurbanəli oğlu xx.xx.1992-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-8040 nömrəli, xx.xx.2019-cu il tarixli arxiv arayışından, xx.xx.2020-ci il tarixli, 9/2-7037 nömrəli məktubundan və iddiaçıya məxsus qeydiyyat kartasının təsdiqlənmiş surətindən görünür ki, N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixli, 26 nömrəli əmrində (əmrdə adı və atasının adı yazılmamışdır və soyadı Mamedov yazılmışdır) K.Q.Mamedovun Şəmkir RHK-dan çağırılması şəxsi heyətin siyahısına bütün növ təminatlara salınması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrində (əmrdə atasının adı yazılmamışdır) Şəmkir RHK-dan səfərbər olunmuş Knyaz Məmmədovun öz raportuna əsasən xx.xx.1992-ci il tarixdən şəxsi heyətin üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, SB/654 nömrəli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Məmmədov Knyaz Qurbanəli oğlu həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N nömrəli hərbi hissənin tərkibində toplanışda olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxx 2020-ci il tarixli, 9/2-7037 saylı məktubundan məlum olur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində Knyaz Məmmədovla eyni ad və soyadda başqa şəxsin xidmət etməsi barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi arxiv arayışında qeyd olunmuş məlumatın iddiaçıya aid olmasının bilinməməsini əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etsə də, həmin əmrlərin iddiaçıya aid olmamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi hərbi biletlər və hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları “Müharibə veteranı” adı verilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-8040 nömrəli, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixli, 26 nömrəli əmrində (əmrdə adı və atasının adı yazılmamışdır və soyadı Mamedov yazılmışdır) K.Q.Mamedovun Şəmkir RHK-dan çağırılması şəxsi heyətin siyahısına bütün növ təminatlara salınması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 65 nömrəli əmrində (əmrdə atasının adı yazılmamışdır) Şəmkir RHK-dan səfərbər olunmuş Knyaz Məmmədovun öz raportuna əsasən xx.xx.1992-ci il tarixdən şəxsi heyətin üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İşin bu vəziyyətində, İPM-in 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyyata buraxılmasını təkzib edən hər hansı bir sübut yoxdur, əksinə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması iş materiallarında öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bunun əksi şəxsin hüquqlarının inzibati və məhkəmə təminatının nəzərdə tutulduğu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin pozulmasına səbəb olardı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə Məmmədov Knyaz Qurbanəli oğluna müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar