Məhkəmə qərarları › İş №2-1(114)-961/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-961/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-961/2021 08.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdeh Bərdə rayonu Alpoud bələdiyyəsinin sədri X1 iştirakı ilə, “31 mart 2021-ci il tarixli, 04 saylı protokol-qərarının ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bərdə rayonu Alpoud bələdiyyəsinin (bundan sonra mətndə - cavabdeh) 10.03.2005-ci il tarixli 03 saylı iclas protokolu-qərarı ilə Bərdə rayon icra hakimiyyəti başçısının 17.11.1999-cu il tarixli 203 saylı sərəncamı ilə Alpoud kənd sakini İddiaçı (bundan sonra mətndə - iddiaçı) başçılığı ilə yaradılmış “Ə.Vüqar” kəndli fermer təsərrüfatına verilmiş 4 hektar əkinə az yararlı torpaq sahəsi vətəndaşın uzun müddətli – 25 il istifadəsində saxlanılmış və iddiaçı ilə cavabdeh arasında 10.03.2005-ci il tarixli 04 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Bundan sonra, iddiaçıya ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən JN-9317 nömrəli 61001018 kodlu “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Kəndin örüş torpaq sahəsinin müxtəlif şəxslərə satılması barədə kənd sakini D.Behbudlu tərəfindən Bərdə regional ədliyyə idarəsinə müraciət edilmişdir. Həmin müraciətə baxıldıqdan sonra həmin idarə tərəfindən cavabdehə 4,0 ha örüş sahəsinin İddiaçı icarəyə verilməsinə dair 10.03.2005-ci il tarixli 03 saylı qərarın ləğv edilməsi və həmin şəxslərlə bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün qanunauyğun tədbirlər görülməsi təklif olunmuş, bu barədə cavabdehə 18.03.2021-ci il tarixli 5-B-58/12 nömrəli məktub göndərilmişdir. Cavabdehin 31.03.2021-ci il tarixli 04 saylı iclas protokol-qərarına əsasən Alpoud bələdiyyəsinin mülkiyyətinə aid 4,0 örüş sahəsinin İddiaçı icarəyə verilməsinə dair 10.03.2005-ci il tarixli 03 saylı qərarı ləğv edilməsi və həmin örüş torpaq sahəsinin İddiaçı icarəsinə verilməsinə dair müvafiq icarə müqaviləsinin ləğv olunması üçün tədbirlər görülməsi qərara alınmışdır. Qərarla razılaşmayan iddiaçı iddia ərizəsi ilə 13.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Bərdə rayon Alpoud bələdiyyəsinin 31.03.2021-ci il tarixli 04 saylı iclas protokolu və həmin protokoldan irəli gələn hüquqi nəticələrin ləğv edilməsinə, mülkiyyət hüququnu pozan hərəkətlərin aradan qaldırılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Alpoud bələdiyyəsinin 10 mart 2005-ci il tarixli, 03 saylı qərarı ilə Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən torpaq sahəsi 25 il müddətinə onun istifadəsinə verilmişdir. Bundan sonra Bərdə rayonu Alpoud bələdiyyəsi ilə 10 mart 2005-ci il tarixli, 04 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında, illik 210.000 manat ödəniş etməklə, “heyvandarlığın inkişafı” məqsədi ilə 4 ha torpaq sahəsi icarəsinə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını JN 9317, KOD 61001018 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə alaraq 22.05.2005-ci il tarixdə qeydə aldırmışdır. Ötən illər ərzində ona icarəyə verilmiş torpaq sahəsindən istifadə etmiş və icarə haqqını vaxtlı-vaxtıda ödəmişdir. Bu günlərdə ona məlum olmuşdur ki, Bərdə rayonu Alpoud bələdiyyəsinin 31.03.2021-ci il tarixli, 04 saylı iclas protokolu ilə Bərdə rayonu Alpoud bələdiyyəsinin 10 mart 2005-ci il tarixli, 03 saylı qərarı ləğv edilmiş və ona icarəyə verilmiş 4 ha torpaq sahəsi geri alınmışdır. Sözügedən torpaq sahəsinin icarə müqaviləsinin bitməsinə hələ 9 il qalsa da, Bərdə rayonu Alpoud bələdiyyəsi onu torpaq sahəsindən çıxarmaq istəyir. Bununla da hesab edir ki, onun mülkiyyət hüquqları kobud şəkildə pozurlar. Ötən illər ərzində torpaq sahəsindən təyinatına uyğun istifadə etmiş, icarə haqqını vaxtında ödəmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəəndirilən qərar qəbul edilən zaman ona heç bir məlumat verilməmiş, illərdir istifadəsində olan və üzərində müəyyən tikililər inşa etdiyi torpaq sahəsi heç bir dinlənilmə və güzəşt olunmadan ondan alınmasına dair qərar qəbul edilmişdir. Cavabdeh Bərdə rayonu Alpoud bələdiyyəsinin sədri X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Bərdə rayonu Alpoud Bələdiyyəsinin 10.03.2005-ci il tarixli 03 saylı qərarı və həmin tarixli icarə müqaviləsinə əsasən 4 hektar örüş torpaq sahəsi 15 ilədək icarəyə verilməli olduğu halda, 25 il müddətinə İddiaçı icarəyə verilmişdir. Bildirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə tədqiq edilmiş “Örüş otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 13 maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Həmçinin qeyd edir ki, mübahisələndirilən qərar qəbul edilən zamanı iddiaçı dəvət olunmamış, tərəflərindən dinlənilməmiş sadəcə olaraq qərar barəsində şifahi məlumat verilmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 10.03.2005-ci il tarixli 03 saylı protokol-qərarının surəti, JN-9317 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin təsdiqlənmiş surəti, 10.03.2005-ci il tarixli 04 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surəti, Bərdə regional Ədliyyə İdarəsinin 18.03.2021-ci il tarixli 5-B-58/12 nömrəli məktubun surəti, cavabdehin 31.03.2021-ci il tarixli 04 saylı protokol-qərarının surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı mübahisə predmeti olan Bərdə rayonu Alpoud Bələdiyyəsinin 31.03.2021-ci il tarixli 04 nömrəli protokol-qərarından məlum olur ki, bələdiyyənin 9 üzvünün iştirakı ilə iclas keçirilmiş və qərara alınmışdır ki, Alpoud bələdiyyəsinin mülkiyyətinə aid 4,0 örüş sahəsinin İddiaçı icarəyə verilməsinə dair 10.03.2005-ci il tarixli 03 saylı qərarı ləğv edilsin və həmin örüş torpaq sahəsinin İddiaçı icarəsinə verilməsinə dair müvafiq icarə müqaviləsinin ləğv edilməsi üçün tədbirlər görülsün. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt inzibati icraat haqqında hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında deyilir ki, “Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir”. Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Qanunla müəyyən edilir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə adıçəkilən qanunun tələbləri çərçivəsində hərəkət etməlidirlər. Lakin iddiaçının mübahisələndirdiyi inzibati akt-qərar cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanun ilə müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamışdır. İlkin olaraq qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Göründüyü kimi «İnzibati icraat haqqında» qanunda icraatın aparılması, maraqlı şəxsə rəsmi məlumatın verilməsi müəyyən edilmiş, lakin hazırkı iclas zamanı iddiaçıya məlumat verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, inzibati orqanın nümayəndəsi də izahatında belə bir sübütun olmadığını, iddiaçıya yalnız şifahi formada məlumat verildiyini bildirmişdir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır: Qeyd edilən tələblərin inzibati aktda qeyd edilməsi qanunda imperativ qaydada nəzərdə tutulmaqla məcburi olsa da, hazırda mübahisələndirilən bələdiyyə qərarında inzibati aktın rekvizit tələblərinə riayət olunmamış, qərara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, hazırkı iş üzrə cavabdeh Bərdə rayonu Alpoud bələdiyyəsi tərəfindən 31.03.2021-ci il tarixli qərar qəbul edilən zaman yuxarıda sadalanan normaların tələblərinə əməl olunmamış, iddiaçının və ya onun nümayəndəsinin inzibati icraatda iştirakı təmin edilməmiş, onların mülahizələri dinlənilməmiş, qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, eləcə də qərardan şikayət vermə qaydası və müddəti göstərilməmiş, sadəcə bələdiyyə üzvlərinin çıxışları dinlənilməklə qərar qəbul edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qərarın ləğvinə dair məhkəmə qərarı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” qanunun müddəalarına uyğun icraat aparılmaqla yenidən müvafiq qərarın qəbul edilməsiniə mane deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Bərdə rayonu, Alpoud bələdiyyəsinin 31.03.2021-ci il tarixli, 04 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasina apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar