Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-962/2021 18.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı çıxarış verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın 14 iyul 2020-ci il tarixli AN-1 № ******* sayı alqı-satqı müqaviləsinə əsasən mərhum Tərtər rayon Seyidimli kənd sakini X4 alqısatqı etdiyi 1,35429 ha torpaq sahəsinə dair çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın 14 iyul 2020-ci il tarixli AN-1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Tərtər rayon Seyidimli kənd sakini mərhum X4 Tərtər rayon Seyidimli kəndində yerləşən ümumi sahəsi 1,58 olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1,35429 ha torpaq sahəsinin alqı-satqı etmiş, Vergi Məcəlləsinin maddələrinə əsasən mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə sadələşdirilmiş vergi tutulmuş, eyni zamanda həmin torpaq sahəsinin mövcud bazar qiymətinə uyğun haqqını X7 ödəmişdir. X2 və X6 adına DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsindən Tərtər rayon Seyidimli kəndində yerləşən həmin torpaq sahəsinin 1/7 hissəsi X6, 6/7 hissəsi X2 adına hüquq sahibi kimi 03.02.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə bağlı çıxarış almışlar. X9 06 dekabr 2020-ci ildə vəfat etmişdir. X1 onun adına qeyd olunan çıxarışda oğlu və ailə üzvləri mülkiyyətlərində olan torpağın satılmasına etiraz etməmişlər. Alqı-satqı müqaviləsi əsasında mərhum X4 alqı-satqı etdiyi 1,35429 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi 17.08.2020-ci il tarixli **********21 saylı məktublar ilə ona imtina cavabı vermişdir. Səbəb göstərilmişdir ki, tərəflər arasında mübahisə olduğu üçün mühəndis tərəfindən bölgü planı hazırlamaq mümkün deyil, dövlət rüsumu ödənilməmişdir. Ona çıxarış almaq üçün hansı miqdarda rüsum ödəyəcəyini deməmişlər. Belə başa düşmüşdür ki, cavabdeh məhkəmənin bölgünü müəyyən etməsini istəyir. Məhkəmə bölgü müəyyən edəndə də mütəxəssis rəyinə əsaslanır. DƏDRX-nın 7 saylı Bərdə Ərazi İdarəsi həm ilkin X2 adına verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktında, həm də çıxarışda həmin torpaq sahəsinin ölçüləri və qonşu sərhədləri müəyyən edilmişdir. Bölgü planın hazırlanması barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi həmin torpaq sahəsinin koordinatlarına uyğun bölgü planını hazırlayıb məhkəməyə təqdim etməlidirlər. İddiaçı hesab edir ki, həmin rəy əsasında bölgü aparılır. Bu sənədlərdə öz əksini tapmışdır. Müvafiq qanunvericiliyin tələbinə uyğun adına çıxarış verilməlidir. X8 ilə paylı mülkiyyət olsa da, adına ayrıca bir çıxarış verilməlidir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı DƏDRX-dən hüquq subyekti kimi ayrıca çıxarış almalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ərizəsinin icrası ilə əlaqədar dövlət rüsumunun ödənilməsi ona təklif olunsa da, tərəfindən həmin rüsumun ödənilməsindən imtina olunmuş, həmçinin torpaq sahəsinin naturada bölünməsi ilə bağlı istər notariat kontorunda, istərsə də mülki qaydada bölgü aparılmamışdır. Cavabdeh orqana və üçüncü şəxsə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 17.08.2020-ci il tarixli **********21 nömrəli imtina məktubunda görünür ki, təqdim edilən hüquqmüəyyənedici sənədləri araşdırılarkən (Tərtər rayonu dövlət notariat ofisinin 14.07.2020-ci il tarixli 4Ə-318 reyestr nömrəli alqı-satqı müqaviləsi) dövlət rüsumunun ödənilmədiyi müəyyən olunmuş, eyni zamanda tərəflər arasında mübahisə olduğu üçün mühəndis tərəfindən bölgü planını hazırlamaq mümkün olmamışdır. - AN-İ ******* nömrəli 14.07.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu, Seydimli kəndində yerləşən ümumi sahəsi 1.58 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona aid 6/7 hissəsini – 1.35429 ha torpaq sahəsini İddiaçı satmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən məlum olur ki, Tərtər rayonu, Seydimli kəndində yerləşən ümumi sahəsi 1.58 ha olan torpaq sahəsinin 1/7 hissəsi X6, 6/7 hissəsi isə X5 adına **********39 reyestr nömrəsi ilə qeydiyyatı aparılmışdır. - Tərtər rayon xüsusi notariat ofisinin 24.04.2021-ci il tarixli 193 nömrəli məktubundan görünür ki, İddiaçı ilə X9 arasında AN-İ ******* nömrəli, 14 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman toplanmış sənədlərin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. - Tərtər Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli 2(061)-27/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh Cəfərov abil Muxtar oğluna qarşı torpaq sahəsinin naturada ayrılıb verilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsinin təsviri-əsaslandırıcı hissəsindən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yannında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Şöbəsinin məhkəməyə ünvanlandığı 9023 saylı, 18 dekabr 2019-cu il tarixli arayışında bildirilmişdir ki, əraziyə mütəxəssis tərəfindən baxış keçirilmiş, müəyyən edilmişdir ki, torpaq sahəsi sənəd üzrə 1.58 ha göstərilsə də, faktiki olaraq istifadə olunan sahə 1.38 hektardır. Bundan başqa, faktiki istifadədə olan torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsinin məkan göstəriciləri və ölçüləri fərqlidirlər, bu səbəbdən də mütəxəssis qarşısında qoyulan sualların cavablandırılması mümkün deyildir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Göründüyü kimi iddiaçı ərizəsində alqı-satqı müqaviləsi əsasında satın aldığı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 17.08.2020-ci il tarixli **********21 nömrəli məktubunda cavabdeh orqan göstərmişdir ki, təqdim edilən hüquqmüəyyənedici sənədləri araşdırılarkən dövlət rüsumunun ödənilmədiyi müəyyən olunmuş, eyni zamanda tərəflər arasında mübahisə olduğu üçün mühəndis tərəfindən bölgü planını hazırlamaq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin 17.08.2020-ci il tarixli **********21 nömrəli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, orqan öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsini və paylı mülkiyyətdə olan torpaq sahəsi üzrə tərəflər arasında bölgü planının hazırlanmasını bildirmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. - 2.0.9-cu maddəsinə əsasən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt aralıq inzibati akt hesab olunur. - 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1. maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. - 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. - 71.3-cü maddəsinə əsasən yalnız səlahiyyətlə bağlı, etirazla bağlı, icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı və qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı çıxarış verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı çıxarış verilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-962/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-962/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver