Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-963/2021 20.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Mənzil-Kommunal X4rşı «mənzilin şəxsi hesabının dəyişdirilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X7 ərizə ilə müraciət edərək yaşadığı Gəncə şəhəri, Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın 8-ci mənzilinin şəxsi hesab vərəqəsinin onun adına dəyişdirilməsinə sərəncam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (bundan sonra mətndə cavabdeh) tərəfindən 31.07.2019-cu və 27.10.2020-ci il tarixlərdə 396 və 470 nömrəli məktublarla izah olunmuşdur ki, mənzillərin iddiaçının istifadəsinə verilməsi haqqında heç bir hüquqverici sənəd təqdim edilməməsi səbəbindən köməklik göstərilməsi mümkün olmamışdır. Odur ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın 8-ci mənzilini 1984-cü ildə anası X1 Zibaxanım İbrahim qızından 700 manata almış və təxminən 20 il bundan əvvəl həmin mənzili onun təkbaşına ixtiyarına vermişdir. İndiyə kimi həmin mənzildə yaşayır və dövlətə kirayə haqqı verir. X8 ölmüşdür. X12 mənzili alan zaman həmin mənzil təmirsiz vəziyyətdə olsa da yaşadıqları müddətdə mənzili təmir etdirmişlər. Əvvəllər anası, son 20 ildə isə o, mənzilə kirayə haqqı verdikləri üçün hesab edir ki, mənzilin şəxsi hesabı onun adına dəyişdirilməlidir. Lakin cavabdeh mənzilin şəxsi hesabının dəyişdirilməsindən imtina edir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin 27.10.2020-ci il tarixli 470 nömrəli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.12.2020-ci il tarixli **********73 nömrəli məktubu, Mənzil-Kommunal xidməti üçün ödəniş qəbzləri, 23.09.2020ci il tarixli şəxsi hesabdan çıxarış, Gəncə şəhər 12 nömrəli xidməti sahənin 08.04.2021-ci il tarixli 76 nömrəli arayışı, 24.04.1977-ci il tarixdə verilmiş İ-ЖГ 385949 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə və 18.07.1978-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamə təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı Samux rayonu, Əlibayramlı kəndində qeydiyyatda olsa da, faktiki olaraq Gəncə şəhəri, Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın 8-ci mənzilində yaşayır. Həmin 8 nömrəli mənzilin əsas kirayəşini Bədəlzadə Zibaxanım olmuşdur. Hazırda iddiaçı həmin mübahisəli mənzili 1984-cü ildə anası X2 aldığını və həmin vaxtdan qeyd olunan mənzildə yaşadığını iddia edərək şəxsi hesabının onun adına dəyişdirilməsini xahiş edir. Cavabdeh isə bundan imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin sözügedən mənzilə dair şəxsi hesabının iddiaçının adına dəyişdirilməsindən imtinası qanuni olmuşdur. Belə ki, iddiaçının adına tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):- - 44-cü maddəsinə əsasən Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsində qeyd olunur ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin:- - 8-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər (8.0.1); mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları (8.0.2.); mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları (8.0.3.); qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük (8.0.4.); mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi (8.0.6.). - 9-cu maddəsində qeyd olunur ki, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: mənzil hüququnun tanınması (9.2.1); mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması (9.2.2.); məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması (9.2.3.); məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi (9.2.4.); mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi (9.2.5.); bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla (9.2.6.). Qanunvericiliyin tələblərindən göründüyü kimi, mənzil üzərində hüquqların yaranması əsasları həm əvvəlki, həm də hazırda qüvvədə olan Mənzil Məcəlləsində konkret müəyyən olunmuşdur və hazırkı iş üzrə iddiaçı bu əsaslardan hər hansı birinin mövcud olmasını məhkəmədə sübut edə bilməmişdir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhər Mənzil-Kommunal X4rşı «Gəncə şəhəri, Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın 8-ci mənzilinin şəxsi hesabının onun adına dəyişdirilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-963/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-963/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver