Məhkəmə qərarları › İş №2-1(114)-963/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-963/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-963/2023 08.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2018-ci il tarixdə ********** nömrəsi (VÖEN) ilə fərdi sahibkar kimi qeydiyyata alınmış, əsas fəaliyyəti spirtli içkilərin istehsalıdır. 14 saylı Ərazi Vergilər İdarəsinin (bundan sonra mətndə - cavabdeh) 10 sentyabr 2021-ci il tarixli **********98110 nömrəli “Nəzarət postunun yaradılması haqqında Qərarı”na əsasən aksizli malların istehsalına və satışına nəzarət edilməsi üçün iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Ağstafa rayonu, Həsənsu kəndində yerləşən obyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə nəzarət postu yaradılmışdır. Qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” 10 sentyabr 2021-ci il tarixdə KY211629278 nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə posta nəzarəti həyata keçirən vergi əməkdaşları tərəfindən “Nəzarət postu yaradılmış obyektdə vergi qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi barədə” akt tərtib edilmişdir. Akta əsasən nəzarət postu qoyulmuş obyektdə 12 ədəd 0,5 litrlik krasniy kreml etiketli, 60 ədəd 0,5 litrlik Orden etiketli, 34 ədəd 0,7 litrlik hazır Orden etiketli, 410 ədəd 1,75 litrlik BİO Air etiketli, 565 ədəd 0,25 litrlik BİO Air etiketli yarımfabrikat araq məhsulları aşkar edilmişdir. Həmin akt vergi ödəyicisinin nümayəndəsi X5 iştirakı ilə tərtib edilmiş, akta vergi ödəyicisinin nümayəndəsi tərəfindən imzası ilə təsdiq edilmiş, aktın surəti nümayəndəyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.9-cu maddəsinə əsasən istehsal olunmuş aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildiyinə görə 5.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarda onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı qəbul etmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilməsi qeyd edilmişdir. İddiaçı həmin qərarı mübahisələndirərək Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə müraciət etmişdir. İddiaçının müraciətləri xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********526500 nömrəli və xx.xx.2022-ci il tarixli **********241401 nömrəli) Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********180200 nömrəli qərarına əsasən iddiaçının şikayətləri təmin edilməmiş, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 000501 nömrəli “Nəzarət postu yaradılmış obyektdə vergi qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi barədə” akt əsasında 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərar iddiaçıya çatdırılması üçün xx.xx.2022-ci il tarixdə müvafiq poçt qurumuna təqdim edilmişdir. İddiaçı əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixli, **********180200 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarın ləğv edilməsi və 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbi ilə Gəncə inzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra “iddianın dəyişdirilməsi barədə ərizə” təqdim edərək məhkəmədən “14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1558/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-482/2022 nömrəli qərardadı ilə qismən təmin edilmiş, iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılmışdır. Bu qərarla müəyyən edilmişdir ki, iddianın verilməsi üçün qanunla müəyyə edilmiş müddət buraxılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 sentyabr 2021-ci il tarixdə cavabdehin əməkdaşları iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu əraziyə daxil olaraq yoxlama aparılacağını bildirib, obyektdə nəzarət postu yaratmış, obyektin giriş qapısına plomb vurulmuşdur. Bununla bağlı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarix Dövlət Vergi Xidmətinin Nəzarət Postunun yaradılması haqqında Qərar qəbul olunmuşdur. Qərara əsasən də aksizli malların istehsalına və satışına nəzarət edilməsi nəzərdə tutulmuşdur. Həmin gündən də iddiaçı fəaliyyətini tamamilə dayandırmış və vergi orqanı tərəfindən araşdırma aparılmışdır. İstehsalda və satış üçün nəzərdə tutulan heç bir aksizsiz mal aşkar edilməmişdir. Baxışdan sonra obyektin giriş qapısına da vergi orqanı tərəfindən plomb vurulmuşdur. 01 oktyabr 2021-ci il tarixdə Qida X1 Regional Bölməsinin əməkdaşları, X7 rəis vəzifəsini icra edən Sənan Əsgərli, Baş məsləhətçi X6, aparıcı məsləhətçi X4, aparıcı məsləhətçi X10 xəbərdarlıq etmədən, iddiaçının icazəsi olmadan və heç bir əsas olmadan, qanuna zidd olaraq vergi orqanı tərəfindən vurulmuş plombu qıraraq obyektə daxil olmuş, guya orada yoxlama apararaq uzun müddətdir fəaliyyət göstərilməyən obyektin ərazisində anbarda köhnədən qalan, aksizsiz malları götürüb hamısını ortaya çıxarmış, bu mallardan nümunə götürüb analizə göndərmişdir. X2 əməkdaşları tərəfindən qanunsuz yoxlamanın nəticəsi kimi 18 oktyabr 2021-ci il tarixli YQ-237 saylı Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərar qəbul olunmuş, eyni zamanda qurum tərəfindən İnzibati tənbeh vermə haqqında MN № ******* saylı 18 oktyabr 2021-ci il tarixli İnzibati Tənbeh etmə haqqında Qərar qəbul edilmişdir. Bu qərardan narazı qalan iddiaçı Ağstafa Rayon Məhkəməsinə şikayət etmişdir. Məhkəmədə şikayətə baxılarkən müəyyən edilmişdir ki, QTA əməkdaşları 01 oktyabrda iddiaçıya məxsus obyektə qanunsuz daxil olmuşlar, oraya gedərkən polisdən kömək istəmişlər. Bu barədə Ağstafa rayon Polis şöbəsi də məlumat vermişdir. Lakin, qərarı hazırlayarkən guya 04 oktyabrda obyektə daxil olduqları göstərilmişdir. Məhkəmədə, həmçinin müəyyən olunmuşdur ki, QTA-nın əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində vergi idarəsi tərəfindən obyektin giriş qapısına vurulmuş plomb qırılmış və buna görə də 04 oktyabr 2021-ci il tarixdə vergi idarəsi tərəfindən iddiaçıya 5.000 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Ağstafa Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 3(015)-385/2021 saylı Qərarı ilə iddiaçının şikayəti təmin olunmuş, Azərbaycan Respublikasının Qida X1 Ərazi Bölməsinin rəisi vəzifəsini icra edən Sənan Əsgərlinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. QTA əməkdaşları obyektə qanunsuz daxil olub yoxlama apararkən, zirzəmidə olan hazır olmayan məhsulları çıxarmışlar. İddiaçı həmin vaxtlar ölkədə olmadığından ona məlumat verildikdən sonra vergi idarəsinə bu barədə xəbər vermişdir. Obyektin giriş qapısına vurulmuş plombun qırılmasını bildirmişdir. Obyektin giriş qapısına vurulan plombun QTA əməkdaşları tərəfindən qırılmasını vergi idarəsinə məlumat verdikdən sonra 04 oktyabr 2021-ci il tarixdə vergi orqanının əməkdaşları obyektə gələrək baxış keçirmiş, plombun qırılması və aksissiz məhsul satışını həyata keçirilməsinə görə cavabdehin "vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 12 oktyabr 2021-ci il tarixli, **********3831 saylı qərarına əsasən iddiaçı barəsində 5.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bu qərarın qəbul olunması üçün əsas olan hallarla bağlı iddiaçının heç bir təqsiri olmamışdır. Belə ki, QTA əməkdaşları iddiaçıya məxsus obyektə qanunsuz daxil olmuş, zirzəmidə qalmış, hazır olmayan məhsulları ortaya çıxarmış və vergi idarəsinə plombun qırılmasını xəbər etdikdən sonra obyektə gələn vergi idarəsinin işçiləri satış üçün nəzərdə tutulmayan, anbarda qalan həmin məhsulları istehsal sahəsindən kənara satışa çıxarılan mal kimi qiymətləndirmişdir. İddiaçı 10 sentyabr 2021-ci il tarixdən fəaliyyəti rəsmən dayandırmış, giriş qapılarına da plomb vurulmuşdur. Fəaliyyəti dayandırılarkən və giriş qapısına plomb vurularkən də onun obyektində heç bir aksizsiz mal aşkar olunmamışdır. Qeyd edilən məhsullar da obyektdə həmin vaxtdan qalmış və hazır məhsullar olmamışdır. Heç bir satış da həyata keçirilməmişdir. Bu məhsulların obyektdən kənara çıxarılması halı da qeydə alınmamışdır. 01 oktyabr 2021-ci il tarixdə QTA əməkdaşları da obyektə qanunsuz daxil olaraq zirzəmidən hazır olmayan məhsulları çıxarmış, onlardan bəzilərini analizə göndərmişdir. Analizin cavablarında da görünür ki, həmin məhsullarda çöküntülər vardır. Bu da onu göstərir ki, məhsul hazır məhsul olmamış, satışa çıxarılan məhsul deyil. Bundan başqa onu qeyd edir ki, plombun qırılmasının günahkarı da QTA əməkdaşları olmuşdur. Bu fakt məhkəmə zamanı müəyyən edilmişdir. Məhkəmə QTA əməkdaşlarının etdiyi bütün hərəkətləri qanunsuz sayaraq bu barədə çıxardığı Qərarda hamısını qeyd etmişdir. Buna görə də iddiaçının nə plombun qırılmasında, nə də istehsal üçün hazır olmayan məhsula aksiz markasının vurulmamasında təqsiri vardır. Cavabdeh təşkilat iddiaçı haqqında tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə inzibati şikayətini təmin etməmişdir. Səbəb kimi isə obyektin giriş qapısına vurulan plombun qırılmasının kimin tərəfindən həyata keçirilməsinin sübuta yetirilə bilməməsi olmuşdur. Cavabdeh orqan qeyd edir ki, QTA əməkdaşları obyektə 01 oktyabr 2021-ci il tarixdə yaxa kamerasıyla daxil olaraq orada yoxlama aparmağa başlamışlar. Guya kamerada qapının girişində plomb olmadığı görünür. Amma cavabdeh bir nüansı unudur ki, qərarda yoxlamanın 04 oktyabr 2021-ci il tarixdə aparıldığı bildirilib və QTA tərəfindən yazılmış qərar da 04 oktyabr tarixindədir. Kamerada isə həmin tarix qeydi yoxdur. QTA əməkdaşlarının qanunsuz əməlləri hamısı məhkəmə tərəfindən aşkara çıxarılmışdır. 01 oktyabrda obyektə daxil olub, tamam başqa bir şəxsin adına yoxlama açıb, sonra öz idarələrində mənim adıma yoxlama açılması, 04 oktyabr 2021-ci il tarixdə obyektə gəlib yoxlama apardığını yazaraq sənədləri saxtalaşdıran QTA əməkdaşlarının verdiyi izahatların, təqdim etdikləri sübutların nə qədər qanunauyğun olduğu sual işarəsi altındadır. İddiaçı cavabdeh orqana sənədlərlə sübut edir ki, QTA əməkdaşları obyektə qanunsuz daxil olmuş, yoxlama açmadan, ona məlumat vermədən, ona hüquqları izah olunmadan yoxlama aparılmış, yoxlamaların nəticələri və digər yoxlama sənədləri sonradan saxtalaşdırılmışdır. Buna görə də iddiaçı hesab edir ki, QTA əməkdaşlarının qanunsuz hərəkəti ucbatından onun barəsində 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərar ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya məlumat verilsə də, məhkəmə iclaslarında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İddiaçının şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh iddia tələbinə dair xx.xx.2022-ci il tarixli, **********838600 nömrəli etirazını təqdim etmişdir. Etirazında bildirir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 10 sentyabr 2021-ci il tarixli **********98110 saylı "Nəzarət postunun yaradılması haqqında Qərarı"na əsasən aksizli malların istehsalına və satışına nəzarət edilməsi üçün İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Ağstafa rayonu, Həsənsu kəndində yerləşən araq zavodunda 13 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək olan dövr üzrə nəzarət postu yaradılmışdır. Posta nəzarəti həyata keçirən vergi əməkdaşları 03 oktyabr 2021-ci il tarixdə plomblara nəzarət məqsədi ilə keçirilmiş baxış zamanı zavodun istehsal sahəsi olan əsas giriş qapısına vurulmuş plombun çıxarılması faktı və 0.5 litr krasniy kreml 12 ədəd, 0.5 litr Orden 60 ədəd, 0.7 litr Orden 34 ədəd hazır, 1.75 litr BİO Air 410 ədəd, 0.25 litr BİO Air 565 ədəd etiketli yarım fabrikat araq məhsulları aşkar edilərək nəticəsi barədə 03 oktyabr 2021-ci il tarixli DVX 000501 saylı "Nəzarət postu yaradılmış obyektdə vergi qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi barədə" akt vergi ödəyicisi İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə tərtib edilmişdir. 15 sentyabr 2021-ci il tarixli DVX 000622 saylı "Nəzarət postu yaradılmış obyektdə aksiz markalarının qalıqlarının inventarizasiya edilməsinin nəticələri haqqında" akta əsasən 0.5 litr krasniy kreml 12 ədəd, 0.5 litr Orden 60 ədəd, 0.7 litr Orden 34 ədəd hazır, 1.75 litr BİO Air 410 ədəd, 0.25 litr BİO Air 565 ədəd etiketli yarım fabrikat araq məhsulları aşkar edilməmişdir. Göründüyü kimi, vergi ödəyicisi İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Ağstafa rayonu, Həsənsu kəndində yerləşən araq zavodunda vergi orqanına məlumat verilmədən spirtli içkilərin istehsalı ilə məşğul idi. Vergi Məcəlləsinin 194.2.7-ci maddəsinə əsasən nəzarət postlarının işçiləri iş başladığı vaxtda nəzarət postlarında olmadıqda istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə, səbəbi və vaxtı göstərilməklə müvafiq akt tərtib edilərək plomblar açıla bilər. Həmin Məcəllənin 194.2.9-cu maddəsinə əsasən plombların vurulması və çıxarılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklər edildikdə, exnoloji avadanlıqlardakı plomblar zədələndikdə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildikdə, eləcədə bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə nəzarət postunun işçiləri müvafiq akt tərtib etməli, bu barədə dərhal vergi orqanına məlumat verməlidirlər. "Nəzarət postu yaradılmış obyektdə vergi qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi barədə" 03 oktyabr 2021-ci il tarixli DVX 000501 saylı aktı əsasında 14 saylı Ərazi Vergilər İdarəsinin 12 oktyabr 2021-ci il tarixli **********3831 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar"ı ilə İddiaçı barəsində 5000,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı 12 oktyabr 2021-ci il tarixli **********055400 saylı məktubu ilə vergi ödəyicisinin qeydiyyat sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının cavabdeh tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********3831 nömrəli əlverişsiz inzibati aktın ləğvi məqsədini güdür. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) riayət edilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh orqanın inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparıb-aparılmaması yoxlanılır. Hazırkı iş üzrə cavabdeh vergi orqanının “xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarı” mübahisələndirildiyindən, həmin qərarın qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraatın qanunauyğun aparılması yoxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 58.9-cu maddəsinə əsasən bu Məcəllənin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların tam uçota alınmamasına, aksiz markalarının və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir; 194.2-ci maddəsinə əsasən vergi orqanları markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyiciləri tərəfindən bu Məcəllədə müəyyən edilmiş tələblərin pozulması hallarını müəyyən etdikdə, vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirləri görməklə aksizli malların uçota alınmadan, markalanmadan elektron qaimə-faktura təqdim edilmədən və bu Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulan hallarda və müəyyən edilmiş prosedura uyğun olaraq aksizləri ödəmədən istehsal binasının hüdudlarından kənara çıxarılmasının qarşısının alınmasını təmin etməyə səlahiyyətlidir; 194.2.6-cı maddəsinə əsasən plombların vurulması və çıxarılması nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə müvafiq aktla rəsmiləşdirilməlidir. 194.2.9-cu maddəsinə əsasən plombların vurulması və çıxarılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklər edildikdə, texnoloji avadanlıqlardakı plomblar zədələndikdə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildikdə, eləcədə bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə nəzarət postunun işçiləri müvafiq akt tərtib etməli, bu barədə dərhal vergi orqanına məlumat verməlidirlər. İddiaçı məhkəməyə plombların kənar şəxslər tərəfindən açılmasını və bu barədə cavabdehə məlumat verilməsini təsdiq edən sübutlar təqdim etməmişdir. İddiaçının nümayəndəsi Ə.İsmayılovun cavabdeh quruma verdiyi xx.xx.2021-ci il tarixli izahatında da həyacanlı olduğundan plombların qırılması barədə vergi orqanına məlumat vermədiyini bildirmişdir. Eyni zamanda, məhkəmə baxışında tədqiq edilmiş flaş karta yazılmış video görüntülərlə QTA-nın əməkdaşları obyektə daxil olarkən giriş qapısında və istehsal sahələrində plombların artıq mövcud olmadığı, istehsal sahəsində 2 nəfər fiziki şəxsin olduğu müəyyən olunmuşdur. İddiaçı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(015)-385/2021 nömrəli qərarı ilə müəyyən edilən faktlara əsaslanaraq mübahisələndirilən inzibati aktı əsassız hesab edir. Bununla bağlı isə məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi məhkəmə qərarı Gəncə Apellyasiya Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə xx.xx.2022ci il tarixli, 3(104)-100/2022 nömrəli qərarı ilə ləğv edilmişdir. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar