Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-963/2024 20.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun doğum tarixinin 10 avqust 1982-ci il qeyd edilməsi barədə cavabdeh tərəfindən doğum haqqında akt qeydləri kitabında 1983-cü ilin avqust ayının 05 günündə 56 nömrə ilə edilmiş qeydin yanlış olduğu üçün ona düzəliş edilərək həqiqi doğum tarixi olan 10 avqust 1983-cü il qeyd edilməsi barədə doğum haqqında akt qeydləri kitabında qeydiyyat edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-963/2024 nömrəli qərardadı ilə iş üzrə iddiaçının “Bərdə rayonu Otuzikilər kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin üçüncü şəxs qismində cəlb edilməsi” barədə vəsatətin təmin edilməsindən imtina edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 10 avqust 1983-cü il tarixdə Bərdə rayonunun Otuzikilər kəndindən anadan olmuş, atası X5, anası Baxşəliyeva (Əhmədova) Bəsti Mahmud qızıdır. Atası və anasının nikahı Bərdə rayonu Otuzikilər kənd İcra nümayəndəliyində 04 yanvar 1981-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. O, 10 avqust 1983-cü il tarixdə anadan olmağına baxmayaraq naməlum səbəbdən onun doğum tarixi o vaxt Bərdə rayonu Otuzikilər kənd icra nümayəndəliyinin doğum aktlarının qeydiyyatı kitabında “10 avqust 1982-ci il” qeyd edilmiş və bu barədə həmin kitabda xx.xx.1983-cü il tarixdə 56 nömrəli qeyd aparılmışdır. Keçmiş Bərdə rayon hərbi komissarlığı tərəfindən ona verilmiş 03 oktyabr 2001-ci il tarixli AO ******* №-li hərbi biletində də onun doğum tarixi düzgün olaraq 10 avqust 1983-cü il yazılmışdır. Ona Bərdə rayonu Otuzikilər kənd icra nümayəndəliyindən verilmiş Doğum haqqında Şəhadətnamədə də doğum tarixi düzgün olaraq 10 avqust 1983-cü il yazılmış olmuşdur. Odur ki, hərbi xidmətə də xx.xx.2001-ci ildə, yəni 18 yaşı tamam olduqdan sonra ilk çağırışda çağırılaraq hərbi hissəyə göndərilmiş, N aprel 2003-cü il tarixdə hərbi xidmətini başa vuraraq təxris olunmuşdur. Onun həqiqətən də 10 avqust 1983-cü il tarixdə Bərdə rayonu Otuzikilər kəndində anadan olmağı, Otuzikilər kənd i.ə.d üzrə icra nümayəndəliyində 8 nəfərin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktla da təsdiq olunmuşdur. Uzun illərdir ki, o, ilkin sənədlərdə, yəni Doğum aktının qeydi kitabında doğum tarixinin səhv olaraq 10 avqust 1982-ci il yazılması səbəbindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini ala bilmir. 10 avqust 1983-cü il tarixdə doğulmağı barədə onun adına 1983-cü ildə Bərdə rayonu Otuzikilər kənd icra nümayəndəliyindən verilmiş Doğum haqqında şəhadətnamə isə Bərdə rayon məhkəməsi tərəfindən itirilmişdir. Belə ki, o, 2010-cu ildə arvadı ilə nikah qeydinin pozulması haqqında iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət etmiş və həmin vaxt məhkəmənin tələbi ilə Doğum haqqında Şəhadətnaməmin əslini də məhkəməyə təqdim etmişdir. İddia ərizəsi ilə əlaqədar onun ünvanına 2 dəfə çağırış vərəqi göndərilməsinə baxmayaraq o vaxt arvadı ilə barışdığına görə məhkəməyə getməmişdir. Onun xatırladığına görə 2010-cu ilin iyun, yaxud iyul ayında Bərdə rayon məhkəməsi tərəfindən onun ünvanına “İddia ərizəsinin baxılmamış saxlanılması haqqında” qərardad da göndərilmişdir. Sonrakı illərdə Bərdə rayon məhkəməsindən Doğum haqqında şəhadətnaməmin əslini geri almaq istəsə də ona bildirilmişdir ki, bu şəhadətnaməni verdiyi şəxs — Bərdə rayon məhkəməsində katib işləmiş Xəlil adlı şəxs 2012-ci ildə avtomobil qəzası nəticəsində vəfat etdiyinə görə şəhadətnaməni tapmaq mümkün deyildir. Vəkil sorğusuna cavab olaraq Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 218 nömrəli arayışda bildirilmişdir ki, Bərdə rayon Otuzikilər İƏD-nin Vəliuşağı kəndi üzrə vətəndaş İddiaçı doğum haqqında şəhadətnaməsini 2010-cu ildə olmuş məhkəmə mülki işin iş nömrəsi bilinmədiyi üçün axtarılmasına baxmayaraq rast gəlinməmişdir. Odur ki, sorğuya cavab vermək imkan xaricindədir.” Onun Doğum haqqında Şəhadətnaməsi tapılsa belə, həmin şəhadətnamənin əsasında onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etməyi mümkün deyildir. Çünki, Bərdə rayonu Otuzikilər kənd icra nümayəndəliyinin Doğum aktının qeydi kitabında onun doğum tarixi səhv olaraq 10 avqust 1982-ci il olaraq 56 nömrə ilə qeyd edilmişdir. Odur ki, ilk əvvəl bu səhv qeyd düzəldilməsi, sonra isə ona yeni Doğum haqqında Şəhadətnamə verilməlidir ki, o, bundan sonra Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə edə bilsin. Doğum aktının qeydi kitabında doğum tarixinin 10 avqust 1983-cü il kimi yenidən qeyd edilməklə səhvin düzəldilməsi üçün o, ərizə ilə Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinə verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15/488/2023 nömrəli cavabda bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməlisiniz.” Beləliklə də, doğum aktı qeydində doğum tarixinin “xx.xx.1982-ci il”dən “xx.xx.1983-cü il”ə dəyişdirilməsi məsələsinin məhkəmədən kənar həlli üçün təşəbbüslər göstərməyinə baxmayaraq məsələnin məhkəmədən kənar həllinə nail ola bilmişdir. Cavabdeh Doğum haqqında aktı qeydinin düzəldilməsindən imtinasını əsassız hesab edir. İş üzrə şifahi məhkəmə baxışı iclası 20 avqust 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AO ******* nömrəli hərbi biletin surəti. -iş materiallarına əlavə edilmiş 20 iyun 2002-ci il tarixli, AZ-İ 011039 nömrəli ölüm haqqında şəhadətnamənin surəti. -iş materiallarına əlavə edilmiş 04 may 2020-ci il tarixli, AZ-İİ 072459 nömrəli ölüm haqqında şəhadətnamənin surəti. -iş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15- 488/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -iş materiallarına əlavə edilmiş Cavabdeh 11 may 2023-cü il tarixli, 702-05/69 nömrəli arayışdan görünür ki, İddiaçı 10 avqust 1982-ci ildə Bərdə rayon, Vəliuşaqlı kəndində anadan olmuşdur. Bu barədə Bərdə rayon Otuzikilər kənd İN tərəfindən 05 avqust 1983-cü il tarixli 56 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası isə X2r. -iş materiallarına əlavə edilmiş Cavabdeh 12 may 2023-cü il tarixli, 707-05/69 nömrəli arayışdan görünür ki, X5 ilə X4 nikahı haqqında 04 yanvar 1981-ci il tarixdə 01 №-li akt qeydi tərtib olunmuşdur. -iş materiallarına əlavə edilmiş Cavabdeh İddiaçı barəsində tərtib olunmuş 05 avqust 1983-cü il tarixli 56 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 10 avqust 1982-ci il tarixdə Bərdə rayonunun Vəliuşaqlı kəndində anadan olmuşdur. -iş materiallarına əlavə edilmiş Bərdə rayonu Otuzikilər kənd İnzibati Ərazi Dairəsinin Otuzikilər kəndinə aid 2006-2010-cu illər üzrə 01 saylı Təsərrüfatbaşına kitabın surətindən görünür ki, İddiaçı 10 avqust 1983-cü il tarixdə anadan olmuşdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası SHXÇDX-nin Bərdə rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı qeydiyyat kartasının təsdiq olunmuş surətindən görünür ki, həmin qeydiyyat kartasında onun təvəllüdü xx.xx.1983-cü il kimi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının doğum haqqında akt qeydi ilə sonuncuya məxsus rəsmi sənədlərdə təvəllüd ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, doğum akt qeydində təvəllüdü xx.xx.1982-ci il kimi qeyd edilsə də, digər ona məxsus sənədlərdə onun təvəllüdü xx.xx.1983-cü il kimi qeyd edilmişdir. İddiaçı doğum akt qeydinə müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166.3-cü maddəsinə əsasən, doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı” Qaydasının 2.2-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmin məlumat EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydinə düzəliş edilərək təvəllüdünün xx.xx.1983-cü il kimi qeyd edilməsi tələbi əsaslı hesab edilə bilməz. Belə ki, göründüyü kimi, doğum haqqında akt qeydi tibb müəssisələri tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edilmiş məlumatların Nazirlik tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və oradan da ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülmüş məlumatlar əsasında tərtib edilir. İş materiallarına əlavə edilmiş 05 avqust 1983-cü il tarixli, 56 nömrəli Doğum haqqında akt qeydinin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, həmin akt qeydinin verilməsinə əsas (doğumu təsdiq edən sənəd) X11 Xəstəxanasının xx.xx.1983-cü il tarixli Doğum haqqında arayışı olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla 05 avqust 1983-cü il tarixli, 56 nömrəli Doğum haqqında akt qeydinə düzəliş edilərək doğum tarixinin “10 avqust 1983-cü il” kimi qeyd olunmasına nail olmaq istəsə də, yuxarıda qeyd olunan qanunvericilik aktlarından göründüyü kimi bu mümkün deyildir. Belə ki, iddiaçının doğum akt qeydində qeyd edilməsini arzuladığı “10 avqust 1983cü il” tarixi, həmin Doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olmuş (doğumu təsdiq edən sənəd) X11 Xəstəxanasının xx.xx.1983-cü il tarixli Doğum haqqında arayışın tarixindən sonrakı tarixdir. Məlum olduğu kimi, doğumu təsdiq edən sənəd doğumdan yalnız sonra tərtib edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-963/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-963/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver