Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-964/2022 26.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı şəxsiyyət vəsiqəsində adda düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan SSR Vardenis rayonu Qayabaşı kəndində anadan olmuş, bu haqda vətəndaşlıq vəziyəti aktlarının qeydiyyatı kitabında 25.06.1974cü il tarixdə 24 saylı qeydiyyat aparılmışdır. bu barədə 25.06.1974-cü il tarixli İ-СЛ seriyalı 481502 nömrəli kiril əlifbası ilə rus dilində (digəri erməni əlifbası və dilində) doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Həmin doğum haqqında şəhadətnamədə iddiaçının adı “Eyyub”, soyadı “Sərdarov”, ata adı “Süleyman” kimi qeyd edilmişdir. İddiaçıya ilk dəfə 27.12.2005-ci il tarixdə AZE seriyalı ******* nömrəli, daha sonra 25.01.2012-ci il tarixdə AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, həmin vəsiqələrdə adı “Əyyub” kimi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək adının “Eyyub” kimi qeyd olunmasını xahiş etmişdir. Daxili İşlər Nazirliyini Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 09.01.2022-ci il tarixli 018-83842S-3222 nömrəli məktubla iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı “ona verilmiş şəxsiyyət vəsiqəsində adının Eyyub kimi qeyd edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” tələbi ilə 10.02.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı ildə Basarkeçər rayonun Qayabaşı kəndində X2 ilə X1 birgə nikahlarından anadan olmuşdur. Bu barədə Ermənistan SSR qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə soyadı Cəfərov, adı Eyyub, ata adı Süleyman qeyd olunmuşdu. 25.06.1974-cü ildə atalığı müəyyən olunmuş, soyadı Sərdarov olmuşdur. 1988-ci ilin dekabr ayında məcburi olaraq Basarkeçər rayonundan çıxarılmış və Tovuz rayonun Hunanlar kəndində məskunlaşmışlar. Onun doğum haqqında şəhadətnaməsində adı Eyyub kimi olduğu halda şəxsiyyət vəsiqəsində adı səhvən Əyyub kimi qeyd edilmişdir. Adının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh imtina edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verilməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Daxili İşlər Nazirliyini Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 09.01.2022-ci il tarixli 018-83842S-3222 nömrəli məktubun surəti, şəxsiyyət vəsiqəsinin surəti, İ-СЛ seriyalı 481502 nömrəli doğum haqqında şəhadətnamənin və tərcüməsinin surəti, iddiaçıya məxsus şəxsiyyət vəsiqələrin fərdi uçot kartoçkalarının təsdiqlənmiş surəti, vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 31.03.2022-ci il tarixli 05/2-2195/13 nömrəli məktubu, Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və hüquqi təminat Baş İdarəsinin 15.04.2022-ci il tarixli 02/25 nömrəli məktubu, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 12.05.2022-ci il tarixli 33/1753 nömrəli məktubu, cavabdehin 28.04.2022-ci il tarixli 185-7921-1222 nömrəli məktubu, Azərbaycan Kredit Bürosunun 11.05.2022-ci il tarixli D-234/22 nömrəli məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununu: - 1-ci maddəsinin 1-ci hissəsi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. - 3-cü maddəsinin 1-ci hissəsi Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. - 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin: 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.22-ci bəndinə əsasən .....Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir. Qeyd olunan normaların tələbindən göründüyü kimi, qanunverici şəxsiyyət vəsiqəsinin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsini imperativ olaraq təsbit etmişdir. Həmin əsasla şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi isə cavabdeh inzibati orqanın vəzifələrinə aiddir . İddiaçıya məxsus doğum haqqında şəhadətnamədə və onun tərcüməsində iddiaçının “Eyyub” yazıldığı halda, cavabdeh orqan iddiaçıya şəxsiyyət vəsiqəsi verərkən məlumatları tam araşdırmadan və aidiyyəti sənədlərə istinad etmədən səhv qeydiyyat aparmışdır. Digər tərəfdən məhkəmə sorğuları ilə əldə edilmiş məlumatlardan da görünür ki, iddiaçının hər hansı dövlət və dövlət qurumları, kreditorlar qarşısında öhdəliyi mövcud deyildir. Odur ki, iddiaçıya yeni şəxsiyyət vəsiqəsi verilərkən adının “Eyyub” kimi qeyd olunması öhdəliyi cavabdehə həvalə edilməlidir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü (FİN:xxxxxxx) İddiaçı məxsus şəxsiyyət vəsiqəsində adının “Eyyub” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-964/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-964/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver