Məhkəmə qərarları › İş №2-1(114)-964/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-964/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-964/2025 17.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizmin funsiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əlilliyinin yenidən bərpa edilməsi barədə öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2005-ci il tarixdən 2023-cü ilin dekabr ayının 19-na kimi ikinci qrup əlil kimi pensiya almışdır. 2017-ci ildən 2023-cü ilin dekabr ayının sonuna kimi Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travmadan hərbçi kimi təqaüd almışdır. İddiaçı 1992-ci ildə hərbi xidmətə çağırılmış, həmin ildə Qazax rayonu ərazisində döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1992ci ildə odlu silah yaralanması nəticəsində aldığı yaralanmanın nəticəsində diaqnoz: Sağ qamış sümüyünün “Sol diz oynağının travmatik artriti mensetiti, diz qapağının bitişməsi olan sınığı zəif konsolidasiyalı, ənsə nahiyəsinin əziyi” qoyulmuşdur. 2016-cı ilin 26 dekabrda Azərbaycan Respublikası SHXÇDX-nin Daşkəsən rayon bölməsindən 1319 nömrəli göndərişi ilə xx.xx.2016-cı il tarixli 957 nömrəli arayışı ilə, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Mərkəzi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli k/84 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçusunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilmişdir ki, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” xx.xx.2023-cü il tarixdə iddiaçı təkrar HHK-dan müayinədən keçərkən ona imtina qərarı verilmişdir. İddiaçı bundan sonra ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Gəncə şöbəsinə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-964/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizmin funsiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Birinci Qarabağ müharibəsi dövründə almış olduğu travmadan mütəmadi olaraq əziyət çəkmiş, 1992-ci ildən etibarən 23 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Lakin, sonrakı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. “Diaqnozun mətni: Xİİİ Sinif - Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25-Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M22 - Diz qapağının zədələnməsi => M22.8 - Diz qapağı X1: Diz qapağının digər zədələnmələri, sol diz qapağının postravmatik artro-artriti menisiti, diz qapağı sümüyün bitişməsindən sonrakı vəziyyət. Sağ qamış sümüyünün yuxarı 1/3-nün oynaq daxili sınığının qeyri-düzgün bitişməsindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, oynağın arto-artriti. Bağ-əzələ kontrakturası. Açma 140 dər. Bükülmə 75 dər. Sağ aşıq baldır oynağının kontrakturası. Bükmə önə 20 dər arxaya bükmə 8 dər. Hər iki aşağı ətrafın funksiyasının pozulması. Daimi ağrı sindromu. Axsama. Sağ baldırın qəlpə yaralamasından sonrakı vəziyyət. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilib. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - XİX Sinif -Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09-Başın travmaları => 506 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi. Diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2005-ci il, xx.xx.2006-cı il, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il tarixlərdə 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə müddətsiz ümumi xəstəlik ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 433 nömrəli qərarına əsasən Daşkəsən RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Qazax hərbi prokurorluğunun xx.xx.2010-cı il tarixli 12HP 1958 nömrəli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Daşkəsən mərkəzi rayon xəstəxanasında müayinə və müalicə olunduğu travma: “Sağ diz oynağının travmatik artriti, meniskiti, diz qapağının bitişməkdə olan sınığı, zəif konsolidasiyası. Ənsə nahiyyəsinin əziyi” (Azərbaycan Respublikası SHXÇDX-nin Daşkəsən rayon bölməsinin xx.xx.2016-cı il tarixli 529 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 140 nömrəli arayışı, Daşkəsən mərkəzi rayon xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” xx.xx.2017-ci il tarixli qiymətləndirmə nəticəsində “Diz qapağının digər zədələnmələri, sol diz oynağının travmatik artriti, mensiti. Diz qapağının sınığının bitişməmişdən sonrakı vəziyyət.” Diaqnozu ilə əlavə müalicəyə ehtiyacın olması (stasionar müalicənin müddəti azdır, xəstəliyə uyğun müayinələr aparılmayıb, ağırlaşmalar əsaslandırılmayıb.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2017-ci il tarixli qiymətləndirmə nəticəsində “Sağ qamış sümüyünün yuxarı1/3-nin oynaqdaxili sümüyün qeyri düzgün bitişməsindən sonrakı vəziyyət. Sol diz oynağının postravmatik artro-artriti.mensiti. Diz qapağının sınığının bitişməsindən sonrakı vəziyyət.” Diaqnozu ilə göndərişin natamam doldurulması (əsas diaqnoz ikinci qrup əlilliyə uyğun gəlmədiyinə görə əlillik təyin etmək mümkün deyil/Xəstə ətraflı müayinə olunmalı, diaqnoz dəqiqləşdirilməli, əvvəlki diaqnozu nəzərə almaqla yenidən göndərilməlidir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Diz qapağının digər zədələnmələri, Sol diz qapağının postravmatik artro-artriti menisiti, diz qapağı sümüyün bitişməsindən sonrakı vəziyyət. Sağ qamış sümüyünün yuxarı 1/3-nün oynaq daxili sınığının qeyri-düzgün bitişməsindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Oynağın arto-artriti. Bağ-əzələ kontrakturası. Açma 140 dər. Bükülmə 75 dər. Sağ aşıq baldır oynağının kontrakturası. Bükmə önə 20 dər. arxaya bükmə 8 dər. Hər iki aşağı ətrafın funksiyasının pozulması. Daimi ağrı sindromu. Axsama. Sağ baldırın qəlpə yaralamasından sonrakı vəziyyət.” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah (qəlpə) yaralanmasından sonrakı vəziyyət. Qamış sümüyünün proksimal şöbəsinin sınığı, sağ qamış sümüyünün proksimal ucunun oynaq daxili qeyri-düzgün bitişmiş sınığı.” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Göygöl rayon Mərkəzi Xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - E11 İnsulindən asılı olmayan şəkərli diabet müraciət tarixi: xx.xx.2023 - S82.1 Qamış sümüyünün proksimal şöbəsinin sınığı müraciət tarixi: xx.xx.2023 Stasionar müalicə aldığı müəssisələr: - Daşkəsən RMX - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi: xx.xx.2023, diaqnoz- Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr - ETTOİ № 9843/2023 – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi: xx.xx.2023, diaqnoz-S82.1 Qamış sümüyünün proksimal şöbəsinin sınığı Həkim müayinəsinin nəticələri: xx.xx.2023 - E11 İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, orta ağır forma - S82.1 Qamış sümüyünün proksimal şöbəsinin sınığı, sağ qamış sümüyünün oynaqdaxili, qeyri-düzgün bitişmiş sınığı. Odlu silah (qəlpə) yaralanmasından s/v. Hər iki diz oynaqlarının qonartrozu. (sağda İİİ-üçüncü, solda l-birinci mərhələ) Hər iki bud çanaq oynaqları koksartrozu İ birinci mərhələ. Hər iki ayaq daraq-falanqa oynaqlarının artrozu. Hər iki diz oynaqlarının valqus deformasiyası. Hər iki diz, sağ aşıq-baldır oynaqlarının kontrakturası. Hər iki aşağı ətraf baldır dərisinin çox saylı yayılmış yaraları. Aşağı ətrafların periferik angiopatiyası. Axsama yerişin pozulması, əl ağacı ilə gəzməsi. Daimi ağrı sindromu TSEK-ə göndəriş zamanı diaqnoz - Ağırlaşma M17, Qonartroz [diz oynağının artrozu], hər iki oynaqlarının qonartrozu. (sağda İİİ-üçüncü, solda İ-birinci mərhələ) - Ağırlaşma M21, Ətrafların digər qazınılma deformasiyaları, hər iki diz oynaqlarının valqus deformasiyası. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Qamış sümüyünün proksimal şöbəsinin sınığı, sağ qamış sümüyünün oynaqdaxili, qeyri-düzgün bitişmiş sınığı. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların periferik angiopatiyası.” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi qeyd olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətə əsasən əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə 28.2.2024cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2023-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na 2 nömrəli əlavə Təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri Son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti Termiki və kimyəvi yanıqlar və ətrafların digər qazanılma deformasiyaları – M21 stasionar - 0 gün ambulator – 1 dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə

13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 13.4. Qonartroz (diz oynağının artrozu) - M17 Ətrafların digər qazanılma deformasiyaları - M21 Qiymətləndirmə 13.4.38. hər iki diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu - 70% müddətsiz

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən iddia müddətinə riayət edilməsi ilə bağlı qeyd edir ki, İnzibati Prosesual Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 73.1 və 73.2-ci maddələrinə görə, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununda qeyd olunan bu tənzimləmə həmçinin inzibati orqan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktı təqdim etdiyi və ya həmin inzibati akt barəsində yazılı məlumat verdiyi vaxtdan iddia ilə məhkəməyə müraciət etmə müddətinə də tətbiq edilməlidir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə 28.2.2024cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2023-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” məzmununda SMS göndərilmiş, lakin hüquqi müdafiə vasitələri göstərilməmişdir. İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmiş, qeyd olunan 6 ay müddəti ötürməmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixdən, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizmin funsiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Təkrar əlillik üçün ətrafların digər qazanılma deformasiyaları – M21 meyarı üzrə son 1 (bir) ildə tələb olunan minimal ambulator müalicə müddəti 1 dəfədir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü bəndində sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, 13.4-cü yarımbəndində qonartroz (diz oynağının artrozu) - M17 və ətrafların digər qazanılma deformasiyaları - M21 meyarları nəzərdə tutulmuşdur. Qeyd olunan meyarlar üzrə qiymətləndirməyə əsasən, hər iki diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu - orqanizmin funksiyalarının 70% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsinə əsas verir (13.4.38-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il, xx.xx.2006-cı il, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Diz qapağının digər zədələnmələri, Sol diz qapağının postravmatik artro-artriti menisiti, diz qapağı sümüyün bitişməsindən sonrakı vəziyyət. Sağ qamış sümüyünün yuxarı 1/3-nün oynaq daxili sınığının qeyri-düzgün bitişməsindən sonrakı vəziyyət. Oynaqların kontrakturası, Oynağın arto-artriti. Bağ-əzələ kontrakturası. Açma 140 dər. Bükülmə 75 dər. Sağ aşıq baldır oynağının kontrakturası. Bükmə önə 20 dər. arxaya bükmə 8 dər. Hər iki aşağı ətrafın funksiyasının pozulması. Daimi ağrı sindromu. Axsama. Sağ baldırın qəlpə yaralamasından sonrakı vəziyyət.” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Qamış sümüyünün proksimal şöbəsinin sınığı, sağ qamış sümüyünün oynaqdaxili, qeyri-düzgün bitişmiş sınığı. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların periferik angiopatiyası.” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 433 nömrəli qərarına əsasən, İddiaçı yaralanmasının nəticələri - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Forma 88 haqqında məlumat üzrə həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, Qamış sümüyünün proksimal şöbəsinin sınığı, sağ qamış sümüyünün oynaqdaxili, qeyri-düzgün bitişmiş sınığı. Odlu silah (qəlpə) yaralanmasından s/v. Hər iki diz oynaqlarının qonartrozu. (sağda İİİ-üçüncü, solda l-birinci mərhələ) Hər iki bud çanaq oynaqları koksartrozu İ birinci mərhələ. Hər iki ayaq daraq-falanqa oynaqlarının artrozu. Hər iki diz oynaqlarının valqus deformasiyası. Hər iki diz, sağ aşıq-baldır oynaqlarının kontrakturası. Hər iki aşağı ətraf baldır dərisinin çox saylı yayılmış yaraları. Aşağı ətrafların periferik angiopatiyası. Axsama yerişin pozulması, əl ağacı ilə gəzməsi. Daimi ağrı sindromu. Ağırlaşma diaqnozları M17 - Qonartroz [diz oynağının artrozu], hər iki oynaqlarının qonartrozu. (sağda İİİ-üçüncü, solda İ-birinci mərhələ), M21, Ətrafların digər qazınılma deformasiyaları, hər iki diz oynaqlarının valqus deformasiyası. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 2018-ci ildə göstərilən xəstəliklə 5 il müddətinə əlillik təyin edilmişdir. İddiaçı qanunvericilikdə təkrar əlillik üçün nəzərdə tutulan son 1 ildə tələb olunan minimal ambulator müalicə almış, lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 433 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçıya 2018-ci ildə təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.38-ci yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 70% pozulmasına görə müddətsiz əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.38-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Məhəmmədəli Fərrux oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.38-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar