Məhkəmə qərarları › İş №2-1(114)-97/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-97/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-97/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş 2-ci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq aldığı travma nəticəsində 2009-cu ildən 2-ci qrup əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən Ağdam rayon Hərbi Komissiarlığı tərəfindən 1992ci ildə hərbi xidmətə çağırılmış və döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ildə aldığı travma nəticəsində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi X4 müayinə və müalicə olunmuş yaralanma - diaqnoz: "sol budun, sağ dirsək nahiyyəsinin qəlpə yarası" və xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Azərbaycan dövlət həkimləri təkmilləşdirmə institutunda müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "sol budun aşağı 1/3-nin dəlib keçən güllə yarası, sol bazunun orta 1/3-nin qəlpə yarası" (Ağdam RHK-nın xx.xx.2009-cu il tarixli 4/603 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli 495 nömrəli arayışı, X3 verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institutundan verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır. Lakin xx.xx.2021-ci ildən etibarən heç bir əsas olmadan ona təyin edilmiş əlillik dayandırılmışdır. İddiaçı cavabdeh orqana əlilliyin bərpası ilə bağlı rəsmi şəkildə müraciət etməyinə baxmayaraq, müraciətinə bugünədək cavab verilməmişdir. İddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Tibbi-Sosial Ekspertiza və X1 Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilən etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AAK1F nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1504 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sol budun, sağ dirsək nahiyyəsinin qəlpə yarası. Sol budun aşağı 1/3-nin dəlib keçən güllə yarası, sol bazunun orta 1/3-nin qəlpə yarası" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş "Onurğanın osteoxondrozu. Bel-oma fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrılarları. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın monoparezi" diaqnozu araşdırılmışdır. Müayinə zamanı şikayətləri yaddaş zəifliyindən, zəif eşitmə və zəif görmədən olmuş, sağ gözdə çəpgözlük qeyd olunmuşdur. Hərbi travmanın qalıq əlamətləri olaraq yalnız hərbi qərarda qeyd olunmuş nahiyyələrdə cüzi nəzərəçarpan çapıq sahələri müəyyən edilmişdir. Anamnezə və təqdim olunmuş tibbi sənədlərə əsasən ilk dəfə 2008-ci ildə hemilaminektomiya olunmuşdur. Nevroloji statusda, aşağı ətraflarda diz və Axil reflekslər canlı çağrılmış, əzələ gücü 4,5-5,0 bal kimi, əzələ tonusu normal, paravertebral nöqtələr ağrılı qeyd olunmuş, əlillik təyinatına əsas verən hərəki məhdudluq və əzələ atrofiyası izlənilməmişdir. Vətəndaşın şikayətinə əsasən ƏƏSMN Tabeliyində DTSERA-da instrumental oftalmoloji müayinə olunmuş, "Makulodistrofiya" diaqnozu təyin edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 8. Ağdam rayon sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********1). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə sol ayağında qıcolmadan şikayətlənmişdir. Müayinə zamanı budur yuxarı 1/3-nin iç səthində yumşaq toxuma çapığı izlənilmişdir. Hər iki aşağı ətraflarında atrofiya, iflic izlənilməmiş, əzələ gücü proksimal və distal qrup əzələlərində beş bal kimi qiymətləndirilmiş, əzələ tonusu normal olmuş, D=S, reflekslər canlı çağrılmış, hərəkətlər tam həcmdə olmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 023694 nömrəli Çıxarışda qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, obyektiv nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixli müayinə nəticəsində qoyulmuş “Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları = > S77 - Bud-çanaq oynağı və bud nahiyəsinin bər…” diaqnoza əsasən 1 il müddətinə 3-cü dərəcə əlillik, xx.xx.2011-ci il tarixli və xx.xx.2014-cü il tarixli müayinə nəticəsində eyni diaqnoza əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2016-cı il tarixli müayinə nəticəsində eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il,xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müayinə nəticəsində müvafiq diaqnozlar qoyulmuş, həmin göndərişlərdən “göndərişin natamam doldurulması” “əlavə müalicəyə ehtiyacın olması” “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -işə əlavə edilmiş ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarından görünür ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə sol ayağında qicolmadan şikayətlənmiş, müayinə zamanı budun yuxarı 1/3-nin iç səthində yumşaq toxuma çapığı izlənilmiş, hər iki aşağı ətraflarında atrofiya, iflic izlənilməmiş, əzələ gücü proksimal və distal qrup əzələlərində beş bal kimi qiymətləndirilmiş, əzələ tonusu normal olmuş, D=S, reflekslər canlı çağrılmış, hərəkətlər tam həcmdə olmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 023694 nömrəli Çıxarışda qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -işə əlavə edilmiş T 767/2023 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı əyani müayinəsi əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarda qoyulmuş diaqnoz onun orqanizmində bağ verən patoloji duruma uyğun düzgün müəyyən edilmişdir. İş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi son göndərişdə qeyd edilən "G57- Aşağı ətrafın mononevropatiyaları, G83.1-Aşağı ətrafların monoplegiyası. L91-Dərinin hipertrofik dəyişiklikləri. M48.0- Spinal stenoz. M51.3- Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası" diaqnoz hazırda da əyani müayinədə əlillik təyini səviyyəsində deyildir. Buna görə də əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2010-cu il tarixli müayinə nəticəsində qoyulmuş “Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları = > S77 - Bud-çanaq oynağı və bud nahiyəsinin bər…” diaqnoza əsasən 1 il müddətinə 3-cü dərəcə əlillik, xx.xx.2011-ci il tarixli və xx.xx.2014-cü il tarixli müayinə nəticəsində eyni diaqnoza əsasən 1 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2016-cı il tarixli müayinə nəticəsində eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra, əlillik müddəti başa çatdığından xx.xx.2021-ci il,xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müayinə nəticəsində ona müvafiq diaqnozlar qoyulmuş, həmin göndərişlərdən “göndərişin natamam doldurulması” “əlavə müalicəyə ehtiyacın olması” “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, Tibbi Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarının ona aid hissənin qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 25 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iddiaçıda olan xəstəliklərin Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının əyani müayinəsi əsasında tərtib edilmiş qərarda qoyulmuş diaqnoz onun orqanizmində bağ verən patoloji duruma uyğun düzgün müəyyən edilmişdir. İş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi son göndərişdə qeyd edilən "G57- Aşağı ətrafın mononevropatiyaları, G83.1-Aşağı ətrafların monoplegiyası. L91-Dərinin hipertrofik dəyişiklikləri. M48.0- Spinal stenoz. M51.3- Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası" diaqnoz hazırda da əyani müayinədə əlillik təyini səviyyəsində deyildir. Buna görə də əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. Qeyd olunan rəy onu deməyə əsas verir ki, iddiaçıya əliliyin təyin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar