Məhkəmə qərarları › İş №2-1(114)-970/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-970/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-970/2024 12.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X2 və X3 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X2 və X3 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o X7 ilə 1979-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikah dövründə üç övladları anadan olmuşdur. X7 ilə ailə qurduqdan sonra sonuncunun ata evi olan Göygöl rayonu, Almədətli kəndinə gəlin köçmüşdür. Uzun müddət Göygöl rayonu, Almədətli kəndində yaşadıqdan sonra ailədə narazılıq yaranmış və sonra o X7 ilə Gəncə şəhərinə gələrək uzun müddət kirayədə yaşamışlar. Bundan sonra onlar Gəncə şəhəri, Sadıllıq qəsəbəsində torpaq sahəsi alıb bir otaqlı ev tikdirmiş və həmin evdə uzun müddət yaşadıqdan sonra 2001-ci ildə satmışlar. Bildirmək istəyir ki, ünvan 1 saylı fərdi yaşayış evi atası X4 məxsus olmuş, atası X5 1985ci ildə, anası X9 isə 1997-ci ildə vəfat etmişlər. ünvan 1 saylı fərdi yaşayış evinə 07 iyul 2007-ci il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən adına çıxarış almışdır. Həmin ev təmirsiz olduğu üçün uzun müddət boş qalmış və həmin evə o ailəsi ilə birlikdə 2001-2002-ci ildə köçmüşlər. O, uzun müddət X7 ilə mehriban yaşasa da, aralarında baş verən narazılıqlar səbəbindən sonuncu 2020-ci ilin yanvar ayında evdən çıxıb getmiş və onların nikahına Gəncə "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində 06 dekabr 2021-ci il tarixdə xitam verilmişdir. X1 ilə X8 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, ailə qurduqdan sonra Gülnarə Əsgərova onun mülkiyyətində olan evə pasport qeydiyyatına düşmüşdür. Bir müddət oğlu Mehman Əsgərovla keçmiş gəlini Gülnarə Əsgərova mehriban yaşasalar da, sonradan aralarında baş vermiş narazılıqlar səbəbindən Gəncə Şəhər Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda üçüncü şəxslər onun mülkiyyətində olan fərdi yaşayış evində pasport qeydiyyatda olmalarına baxmayaraq X2 harada yaşaması barədə onun məlumatı yoxdur, digər üçüncü şəxs X8 isə Gəncə şəhəri İnşşatçılar küçəsi, 27-də ata evində yaşayır. Üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evində pasport qeydiyyatında qalmaları isə bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, üçüncü şəxslərin onun mənzilində pasport qeydiyyatında qalmaları əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. O, Gəncə şəhəri Baş Polis İdarəsinə üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması barədə ərizə ilə müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. I. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.

6. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iş üzrə iddia ərizəsinin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsinin geri qaytarılmasına dair ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, inzibati iş üzrə icraata xitam verilməlidir.

9. Məhkəmə əvvəla, qeyd edir ki, inzibati prosessual qanunvericilikdə iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma mövcud deyildir. Lakin bununla yanaşı İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır.

12. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

13. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin an prosessual marağının olmamasında ifadə olunur. Ona görə də, oxşar münasibət olduğundan həmin norma hazırkı məsələyə analogiya qaydasında tətbiq edilməlidir.

14. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir: - İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). - İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). - Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. - İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. - İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir. - Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab etmişdir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

15. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair müraciəti olduqda icraata xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməlidir.

16. Məhkəmə onu da qeyd edir ki, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnməlidir.

17. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir.

18. Belə olan halda məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir.

19. Məhkəmənin hazırkı qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında qəbul edilmiş yuxarıda adı çəkilən Qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır.

20. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Nəticəvi hissə:

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 81.1 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X2 və X3 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar